Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 149 nömrəli məktəbin təşkilatçılığı ilə İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

Mərdəkan Mədəniyyət Sarayında keçirilən tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri,  məktəb direktorları, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. II Dünya Müharibəsində canlarını qurban vermiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyi şagirdlərin diqqətinə çatdırılıb, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən bəhs edilib.

 

Bildirilib ki, ulu öndər Heydər Əliyev və ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən İkinci Dünya Müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb.

 

Şagirdlər Böyük Vətən Müharibəsində faşistlərə qarşı qəhrəmanlıqla vuruşan həmyerlilərimizə həsr olunan şeirlərdən parçalar səsləndirib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

Sonda 1941-1945-ci illərdə azərbaycanlıların qəhrəmanlığından bəhs edən videoçarx izlənilib.