Sağlamlıq imkanları məhdud uşaqların bayram sevinci


Dekabr ayının üçüncü ongünlüyündə şənliklər keçirilməsinə vərdiş eləmişik. Elə ki, ayın 22, 23, 24-ü oldu, məktəblər, bağçalar, uşaqların olduğu müəssisələrin hər birində həyat canlanır, iş çoxalır. Sonra müəyyənləşdirdikləri gündə əzizlərini, sevdiklərini dəvət edir, hazırladıqlarını nümayiş etdirir, həm özləri əylənir, həm də qonaqlarını əyləndirirlər. Artıq ənənəyə çevrilən belə şənliklərdən birində “Azərbaycan müəllimi” də vardı...

 

Birgə hazırlaşdılar...

 

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində hazırlıqlar çoxdan başlamışdı. Heç nəyə pul verib hazır almamışdılar. Müəllimlər, tərbiyəçilər, uşaqlar birləşib o günə birlikdə hazırlaşmışdılar. Məqsəd bəlliydi. Yaşadıqları diyarın ən sevilən bayramı - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirəcəkdilər. Ürəklərində sevgi, gözlərində həyəcan olan bu uşaqlar üçün bayram çoxdan gəlmişdi. Ruh yüksəkliyi, bayram ovqatı artıq çoxdan bu təhsil müəssisəsinin qapısından girmişdi. Girən kimi də hərə bir işin qulpundan yapışıb canla-başla hazırlıqlara öz töhfəsini vermək üçün  özünə əl qatmışdı. Biri küknar ağacı kəsib, o biri ceyran düzəltmişdi. Bu gün burda olan rəngarəngliyə nail olmaq üçün texnologiya müəllimlərinin dəstəyi ilə maketlər, rəngli kardonlardan fiqurlar, meyvələr kəsmişdilər. Hazırladıqları kompozisiyalarda istifadə edəcəkləri hər detal, geyindikləri hər libas uşaqların əməyi ilə hazırlanmışdı. Səhnə dekorasiyaları, bədii tərtibat üçün lazım olan hər xırdalıq balaca əllərin işi idi. Kollektiv  olaraq - müəllimi, tərbiyəçisi, şagirdləri, hətta direktoru birlikdə düşünüb-daşınıb, birlikdə qərar vermişdilər bu gün nəyi hara qoyacaqlarına, kimin nə edəcəyinə. Hər kəs öz üzərinə bir iş götürmüşdü. Səhnəciklər hazırlamaq, şeirlər seçmək, kompozisiyalar qurmaq və məktəb direktoru Ümnisə Nəcəfbəyovanın yazdığı ssenariyə uyğun hazırlaşmaq onlar üçün çətin olmamışdı. Həm bir yerdə iş görmüş, həm əylənmişdilər. Kollektiv işin nəticəsində maraqlı, əyləncəli bir şənliyin əsasını qoymuşdular. Yəqin elə buna görə onların nağılı hamınınkından fərqlənirdi. Bu nağıla hazırlaşdıqları zaman necə kollektiv idilərsə, səhnədə də kollektiv oldular. Heç kəs “mən” demədi. Bu nağılda “BİZ” vardı. Bəlkə də yeganə nağıl idi ki, orda qəhrəmanlar şərlə təkbaşına mübarizə aparmır, çirkin küpəgirən qarı az qala dünya gözəlidi. Qəhrəman necə tək ola bilər, axı bu uşaqlar onu bir yerdə yaradıblar. Cadugər necə çirkin olsun, axı, onların dünyasında çirkin heç nə yoxdu. Onların qulaqları şərə bağlı olduğu kimi, dilləri pis kəlmələr tanımır. İnsanları bir işarədən anlayır, onlara ancaq doğru işarələr verirlər.  Bu gün də işarə verdilər. Dünyaya sevgi, həmrəylik ismarıcı ötürdülər. “Bizim kimi şərə, böhtana qulağınızı tıxayın!”, “Biri-birinizi bir işarədən anlayın!”, - dedilər.

 

2 nömrəli xüsusi internat məktəbin 185-190 şagirdinin fəal iştirakı ilə keçirilən şənliyə Təhsil Nazirliyinin əməkdaşları və KİV təmsilçiləri də dəvətliydi.

 

Birgə əyləndilər...

 

İnternat məktəbinin astanasından içəri girən özünü Alisa kimi hiss edirsən. Elə bil möcüzələr diyarına düşmüsən. Heyvanlar, meyvələr, nağıl qəhrəmanları... Hələ yeni il əyləncələrinin maskalılarını demirəm. Kimi desən, hansı nağıl qəhrəmanını axtarsan, taparsan burda. Bir sözlə, özünü onlarla bir dünyada yaşayırsanmış kimi hiss edirsən. Ənənəvi qış şənliklərindən fərqli olaraq, bu nağılda hər kəs fəaldır. Müəlimindən şagirdinə, şagirdindən məktəb rəhbərliyinə hər kəs bu tədbirin bir parçasıdır. Biri olmazsa, olmaz. Geyimlərindən bilinir ki, hər kəsin öz vəzifəsi var. Hətta bəziləri, məsələn, gimnastlar boynuna bir neçə vəzifə götürüb. Vəzifəyə uyğun libas dəyişib səhnəyə qayıdanda fərqinə varırıq bunun.  

 

 

Azərbaycanın himni səslənir. İnternat məktəbinin şagirdləri ifa edir himnimizi. Sonra ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər  biri-birini əvəz edir.  Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edir, mahnılar səsləndirirlər.

 

 

Onlar biri-birindən stimul alır

 

Uşaqlarla bərabər oynayıb onlarla bərabər əylənən biri xüsusilə diqqətimizi çəkir. Daim hərəkətdədir, uşaqların səhnəyə çıxmağından tutmuş, səhnədəki hərəkətlərinə qədər hər şeyə hakimdir. Necə deyərlər, onun gözü uşaqlarda, uşaqların da gözü ondadır: yalnız onun hərəkətini izləyirlər. Çox vaxt rəqs zamanı hansı hərəkətin vaxtı çatdığını onun işarəsindən anlayırlar. O da şənlik boyu yorulmadan uşaqları müşayiət edir. Öyrəndik ki, adı Pərvanə Quliyevadır. Məktəbdə rejissor işləyir: “Uşaqlarla işləmək, onların sevincini görmək məni çox sevindirir. Müəllimlərin köməyi ilə uşaqlarla çox maraqlı işlər görürük.  Əslində, nə edəcəklərini, nə vaxt edəcəklərini yaxşı bilirlər. Ancaq mənimlə özlərini daha rahat hiss edirlər. Onlarla bərabər hərəkət edərək onlara dəstək oluram, həyəcanlarının qarşısını almaqda kömək edirəm. Stimul verməyə çalışıram. İşimdən böyük zövq alıram”.

 

 

P.Quliyeva deyir ki, iddialı şagirdləri də çoxdur. Düşünür ki, elə bu məktəbdə böyüyüb onun işini görə biləcək uşaqlar yetişməkdədi. Hətta dediyinə görə, indidən işini yüngülləşdirən uşaqları var: “ V sinif şagirdi Aysel Əliyevaya həmişə deyirəm ki, sən müəllimlə eynisən. Onun bacarığından istifadə edirəm. Uşaqlarla o işləyir, onları yönəldir.  Özü də yaxşı oxuyan şagirdlərimizdəndir”.

 

 

 

İnternat məktəbinin yarını başmağından tanıyan şahzadəsi

 

 

Məktəbin III sinif şagirdləri “Göyçək Fatma” nağılı ilə səhnəyə çıxırlar. Şahzadə rolunu səhnədə Fədai Cəlilov canlandırır. Fatmaya vurulan şahzadə sevdiyini itirsə də, tezliklə onu başmağından tanıyır. “Yarını başmağından tanıyan” Fədai dərslərini də yaxşı oxuyur. Yəni, nağıllar aləmində olduğu kimi, real həyatda da qətiyyətlidir.

 

 

 

Onların müəllimi Nəzakət Əsədullayevanın üzü gülür. Sinfinin “Göyçək Fatma”nı səhnələşdirməsindən necə zövq aldığı gözlərindən oxunur: “Göyçək Fatma”nı biz qurduq. Uşaqlarımın incəsənətə, sənətə, təsviri incəsənətə, texnologiya dərslərinə çox böyük həvəsi var. Çox istedadlıdırlar. Yuxarı sinif şagirdlərimizlə Cəfər Cabbarlının “Dilbər” əsərini səhnələşdirdik. “Nəsimi” tamaşasını da hazırladıq. Həmin tamaşalarımızla müsabiqələrə qatılıb fərqləndik. Hər kəsin heyranlıqla izlədiyi səhnələr qurduq. Şagirdlərim riyaziyyatı, informatikanı da çox sevirlər. Kompüterlərlə təchiz olunmuş otağımız var. Təsəvvür edə bilməzsiniz, necə həvəslə gedirlər o otaqda dərs keçməyə”.

 

Nəzakət müəllim hesab edir ki, uşaqlar özlərini yaradıcılıqla daha yaxşı ifadə edirlər. Danışmır, eşitmirlər. Müəllimləri deyir ki, öz dünyasını, daxili aləmini ifadə edə bildikləri üçün onlar daha çox rəsmə, rəqsə, bir sözlə, yaradıcı fəaliyyətlərə meyil edirlər: “Rəqsi çox gözəl bacarırlar, çünki musiqini yaxşı duyurlar. Məktəbimizdə ümumtəhsil məktəblərindən fərqli olaraq Ritmika fənni keçilir. Proqramlarımız da ümumtəhsil məktəblərindən daha yüngüldür. Mənə çox təkliflər edilib ümumtəhsil məktəblərindən. Onları qoyub getməmişəm. Bütün həyatımı bu uşaqlara həsr etməyə hazıram. Onların qayğısına qalmağı sevirəm. Fatimə Əmrahova, Ləman İsgəndərova, Fədai Cəlilov və başqa uşaqların hər biri mənim üçün doğmadır”.

 

 

 

Rəqs meydanında elə süzür ki, onun...

 

Azərbaycan milli rəqsinin gözəl ifaçısı Məryəm Baloğlanova isə 16 yaşındadır. 10-cu sinifdə oxuyur. Ailəsi ilə yaşayır. Hər gün internata gəlib-gedən 90 şagirddən biridir. Çox bacarıqlıdır. Rəqsləri ilə hamını valeh edir. Onun rəqsini görən rəqqasənin eşitmə məhdudiyyətli olduğuna inanmır. O da eşitmə və nitq məhdudiyyətli yoldaşları kimi rəqsi sayaraq öyrənir. Hərəkətdən hərəkətə keçmək üçün sayır, beləcə rəqsi mənimsəyir, etdiyi hərəkətə uyğun ritmi müəyyənləşdirir və etdiyi rəqsin musiqisini düşüncələrində canlandırır: “Müəllimlə üzbəüz dayanıram. Onun etdiyi hərəkəti eynilə təkrar etməyə çalışıram”.

 

Təkrarladığı hərəkətlər bir müddət sonra onun ruhuna hopur. Nəticədə rəqs meydanında elə süzür ki, onun musiqini eşitmədən hərəkət etdiyinə inanmaq olmur. Rəqs edərkən heç çətinlik çəkmədiyini deyir. Ancaq ona çətin görünən işlər də var. Məsələn, deyir ki, riyaziyyat çox çətindir. Onu öyrənməkdə çətinlik çəkir. Ancaq kimya fənnini çox sevir. Buna baxmayaraq, gələcəkdə nə kimyaçı, nə də rəqqasə olmaq niyyətindədir. Anasının məsləhəti ilə bərbər olacaq: “Asandı, bu işi bacararam”.

 

Onların çoxu bərbər olmaq istəyir

 

“Burada oğlanların, o cümlədən qızların bərbərliyə həvəsi çoxdur. Əksəriyyəti bərbər olmaq istəyir”.

 

 

Bunu da təhsil müəssisəsinin kimya müəllimi Könül Quliyeva deyir: “Şagirdlərim arasında kimyanı həvəslə oxuyanlar, hətta elementləri gecə yuxudan qaldırıb soruşsan, çaşmadan tanıyan şagirdlərim var. Ancaq gələcəyini elmlə bağlayan olmur. Buradan rəssamlıq məktəbinə gedənlərin sayı daha çox olur, nəinki hər hansı elm sahəsi üzrə təhsilini davam etdirən. Aralarında riyaziyyat, Azərbaycan dili və ədəbiyyata daha çox üstünlük verirlər. İmtahanlarda daha çox bu fənlərə ehtiyac olduğunu da nəzərə alırlar”.

 

 

 

 

Nigar Süleymanzadənin əli isə rəsmə daha çox yatqındır. Toxumada da çox qabiliyyətlidir. Muncuqlardan güllər, güldanlar toxuyur. Rəsmləri və əl işləri ilə müsabiqələrə qatılıb uğur da qazanır. Toxuma və rəssamlıqda fərqləndiyi müsabiqələr belə var.

 

 

 

Onlar tam müasir müəssisədə təhsil alırlar

 

Məktəbin direktoru Ümnisə Nəcəfbəyovanın sözlərinə görə, 2015-ci ildə təhsil müəssisəsinin tədris korpusu yenidən inşa olunub və  peşəyönümlü emalatxanalar tikilib. Şagirdlərin peşəyönümlü təlimi üçün tədris emalatxanalarında dərnəklər  (tikiş, aşbazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik) fəaliyyət göstərir. İnternat məktəbində rəqs, teatr, rəssamlıq kimi dərnəklər də təşkil olunub. Rəsm, musiqi ilə yanaşı, gimnastika ilə də məşğul olurlar. Riyaziyyata və idmana xüsusilə həvəslidirlər. Lakin məktəbdən 9 illik haqqında attestat alaraq gecə məktəblərində təhsillərini davam etdirirlər. Bu ildən isə Təhsil Nazirliyi xüsusi internat məktəbinin yataqxana korpusunu əsaslı təmir edib. İndi onların müasir tələblərə cavab verən yeməkxana, istirahət və yataq otaqları da var.

 

Məlumat üçün bildirək ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi 1962-ci ildən uşaqların ixtiyarına verilib. Hazırda burada  210 şagird təhsil alır, onlardan 120 nəfəri müəssisədə gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 39 müəllim və 28 tərbiyəçi məşğul olur. İnternat məktəbində  ümumtəhsil fənlərindən əlavə, “Tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş”, həmçinin “Mimika və daktioloji iş”  dərsləri 13 loqoped müəllim tərəfindən fərdi şəkildə  tədris olunur.

 

Yeni il şənliyində sürpriz

 

Beləliklə, xüsusi internat məktəbinin mələklərinin daha bir Yeni il şənliyi başa çatır. Bu ovqatla müasir yeməkxanalarına yollanırlar. Onları burada sadəcə günorta yeməyi yox, həm də sürpriz gözləyir. Təhsil Nazirliyinin yeni il hədiyyələri. Masadakı hədiyyələri görən uşaqların sevincinə sevinc qarışır. Yeni il  hədiyyəsinə kim sevinməz ki...

 

Ruhiyyə DAŞSALAHLI