Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasına müsahibə verib
Son illərdə ölkə rəhbərliyinin diqqət və qayğısı, təşəbbüskarlığı sayəsində ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil sistemində də bir sıra mütərəqqi addımlar atılmış, məqsədyönlü islahatlar aparılmışdır. İslahatların davamı olaraq 2019-cu ildə də təhsilin ayrı-ayrı pillələrini əhatə edən mühüm dəyişikliklər, innovasiyalar, transformasiyalar sistemli xarakter almışdır. Dekabrın 20-də Təhsil naziri Ceyhun Bayramov Azərbaycan televiziyasının “Hədəf” verilişinin qonağı olub.
Ceyhun Bayramov 2019-cu ilin təhsil nailiyyətləri, yaddaqalan məqamlar və 2020-ci il üçün nəzərdə tutulan əsas hədəflərdən danışıb.
- Cənab nazir, 2019-cu il Azərbaycan təhsili üçün son dərəcə dinamik, uğurlu olub. Bütün sahələrdə yeni baxışları, ideyaları həyata keçirmisiniz. Konkret olaraq, 2019-cu ilin əsas nailiyyətləri kimi şəxsən nələri qeyd etməyi vacib sayırsınız?
- Sualınıza görə təşəkkür edirəm. 2019-cu il birmənalı olaraq təhsil sahəsində həm hadisələr, həm də nailiyyətlər baxımından, hesab edirəm ki, çox maraqlı və yeniliklərlə zəngin bir təhsil ili kimi yaddaşlarda qalacaq. Düşünürəm ki, 2019-cu il Azərbaycan təhsil tarixində ilk universitetimizin - Bakı Dövlət Universitetinin 100 illik yubiley ili kimi yadda qalacaq. Siz bilirsiniz ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyinin ölkə səviyyəsində və beynəlxalq miqyasda qeyd olunmasına dair ölkə başçısının müvafiq sərəncamı olmuşdur. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Bakı Dövlət Universitetinin yubileyi ilə bağlı, biz artıq 2019-cu ilin yekunlarına nəzər salırıq, il ərzində çoxsaylı tədbirlər həm ölkəmizdə, həm də beynəlxalq miqyasda keçirilmişdir. Mən xüsusi olaraq Parisdə YUNESKO-nun Baş qərargahında keçirilmiş çox böyük və möhtəşəm tədbiri qeyd etmək istərdim. Eləcə də 26 noyabr 2019-cu il tarixində ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr edilmiş böyük tədbiri xüsusi olaraq qeyd etmək istərdim. Biz 2019-cu ildən danışarkən, mütləq şəkildə ali təhsil sahəsində olan bir sıra yeniliklərə nəzər salmalıyıq. Burada həm əhatəliliyin və əlçatanlığın artırılması istiqamətində qəbul edilmiş çox mühüm qərarları yada salmalı, onların müsbət nəticələrini qeyd etməliyik. 2019-cu il eyni zamanda Azərbaycanda ümumtəhsil məktəblərində buraxılış və ali təhsil müəssisələrinə yeni imtahan modellərinin tətbiqi ilə yadda qalacaq. İlk dəfədir ki, bu yenilik imtahan modelinə kifayət qədər əhəmiyyətli dəyişikliklər gətirdi. Bu il ərzində bizim istedadlı gənclərimzin respublika və beynəlxalq olimpiadalarda çox uğurlu iştirakını qeyd etməliyik. Şagirdlərimiz çoxsaylı beynəlxalq olimpiadalarda yüksək səviyyədə çıxış etdilər. Ötən illər ərzində medal sayına görə ən yüksək nəticəni bu il əldə etdilər. Xüsusi olaraq, mən onu qeyd etmək istərdim ki, 5 əsas fənn üzrə keçirilən dünya olimpiadalarında iştirak edən məktəblilərimiz onlardan 4-ü üzrə vətənə medallarla döndülər. Eyni zamanda mən əhəmiyyətli hadisə kimi 2019-cu il Dünya İnformatika Olimpiadasının Azərbaycanda keçirilməsini qeyd etmək istərdim. 2019-cu ilin təhsil sistemi üçün çox əlamətdar göstəricilərindən biri rekord sayda - 55 minə yaxın insanın mərkəzləşmiş qaydada ümumtəhsil məktəblərinə müəllim adını qazanmaq üçün müsabiqəyə və rəqabətə qatılmasını qeyd etmək istərdim. Bu rekord bir saydır, mən çox yüksək göstərici olaraq bu ilin ali təhsil müəssisələrinə qəbul kampaniyasının nəticəsi kimi ən yüksək - 500 baldan yüksək nəticə göstərən məktəb məzunları sırasında hər 4 nəfərdən birinin ixtisas seçimində birinci müəllimliyi seçməsini xüsusi olaraq qeyd edərdim. Bu istiqamət barədə danışarkən, yəqin ki, təhsil sahəsində elektron xidmətlərin tətbiqini , həm də tətbiq olunan xidmətlərin coğrafiyasının genişlənməsini, eyni zamanda bir sıra keyfiyyətli təhsil xidmətlərinin təqdim edilməsi, insanların rahatlığına xidmət edən amil kimi bir sıra digər əlavə xidmətləri də qeyd edərdim.
Təhsil müəssisələrinin maddi-texniki infrastrukturu yaxşılaşdırılır
- Təhsil sistemində infrastrukturun müasirləşdirilməsi çox vacib istiqamətdir və buna çox böyük önəm verilir. Söhbət burada təchizatdan gedir, təhsilalanların oxuduqları, təhsil aldıqları şərait də gərək müvafiq olsun, onlar öz intellektual potensiallarını tam bir şəkildə realizə edə bilsinlər. Bu baxımdan, ölkə rəhbərliyinin də bu məsələyə diqqəti çox böyükdür. Son illərdə müşahidə etdiyimiz bu proses 2019-cu ildə də davam etdi. Qısaca olaraq bu məsələdə, həm də cari ilin nəticələri kimi hansı məqamları vurğulamaq olar?
- Tamamilə düzgün qeyd edirsiniz ki, təhsil sahəsində aparılan işlər sırasında təhsil müəssisələrinin maddi-texniki infrastrukturunun yaxşılaşdırılması hər zaman ölkə rəhbərliyinin fəaliyyətində prioritet istiqamətdir. Biz 2003-2019-cu illərə nəzər salsaq, burada 3300 yeni məktəb binasının tikintisini və ya əsaslı təmir olunmasını qeyd edə bilərik. Yalnız 2019-cu ilin rəqəmlərinə baxsaq, müvafiq dövlət proqramlarının icrası istiqamətində tədbirlərin həyata keçirilməsi nəticəsində 84 yeni məktəb binasının tikintisi və əsaslı təmiri nəzərdə tutulmuşdur ki, onlardan 50-si modul tipli məktəblərdir. Bu işlərin hamısı dövlət proqramlarının tələblərinə uyğun olaraq zamanında yerinə yetirilib və şagirdlərin ixtiyarına verilib. Eyni zamanda, mən bu sahədə aparılan işlər barədə söz açanda mütləq şəkildə bu istiqamətdə hər zaman Heydər Əliyev Fondunun və Fonda rəhbərlik edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini və bu sahəyə olan xüsusi yanaşmasını qeyd etmək istərdim. Əvvəlki illərdə olduğu kimi, bu il də onlarla məktəb əlavə olaraq Fondun xətti ilə yenidən tikildi və əsaslı təmir olunaraq şagird və müəllimlərin istifadəsinə verildi. Həyata keçirilən ən böyük işlər barədə danışarkən, qeyd edim ki, həm 2019-2023-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı və həmçinin Bakı şəhəri və onun qəsəbələrinin inkişafı üzrə Dövlət Proqramına əsasən növbəti illərdə də bu işlərin davam etdirilməsi nəzərdə tutulub və o işlər həyata keçiriləcək.
Bir sıra regionlarda 60, bu il isə əlavə 80 təmayül siniflər açılıb
- Əsas proseslər təkcə paytaxtda deyil, həm də regionlarda cərəyan edir. Təhsil Nazirliyinin xətti ilə regionlarda da böyük işlər görülür, liseylər, peşə təmayüllü məktəblər açılır. Nəhayət, siz bu il STEAM layihəsini istifadəyə verdiniz. Yəni, bunlar harmonik şəkidə təhsilalanların təhsilə qatılması və onlardan daha çox intellektual fayda götürülməsinə hesablanıb. Çünki təhsilə, intellektual inkişafa qoyulan sərmayə heç vaxt itmir, əksinə, düzgün yanaşma nəticəsində xeyir gətirir. Bu baxımdan, istərdim ki, regionlarda olan proseslərə, yeni innovativ addımlara da işıq salasınız.
- Düzgün qeyd etdiniz, Təhsil Nazirliyinin fəaliyyətinin bir istiqaməti də ondan ibarətdir ki, mütəmadi şəkildə təhsilin ümumilikdə keyfiyyətinin artırılması, məzmuna və qiymətləndirməyə yeniliklərin gətirilməsi, məzmunun, dərsliklərin mütəmadi şəkildə nəzərdən keçirilməsi, onların təkmilləşdirilməsi istiqaməti ilə yanaşı olaraq bir sıra innovativ layihələrin də təhsil sisteminə gətirilməsi hər zaman bizim üçün prioritet istiqamətdir. Bu layihələrin, yanaşmaların qısa bir müddət ərzində ölkənin bütün ümumtəhsil məktəblərində tətbiqi, təbii ki, mümkün deyil, ona görə də Təhsil Nazirliyi bu istiqamətdə pilot layihələr həyata keçirir. Öncə hansısa konkret regionda və məktəblərdə tətbiq edilir, daha sonra layihələr özlərini doğrultduqda onların genişləndirilməsi həyata keçirilir. Sizin qeyd etdiyiniz məsələyə cavab olaraq onu da qeyd edə bilərik ki, ilkin olaraq daha çox Bakı və Sumqayıt şəhərlərində mövcud olan xüsusi təmayül məktəbləri və pilot siniflərə əlavə olaraq ötən ildən etibarən bir sıra regionlarda 60, bu il isə əlavə 80 təmayül siniflər açılıb. Bundan əlavə, bu il biz Bakıda fəaliyyət göstərən Fizika- riyaziyyat və informatika təmayüllü və Kimya- biologiya təmayüllü respublika liseylərinin Gəncə, Şəki, Quba və Şirvan şəhərlərində filiallarını açdıq və beləliklə də müxtəlif regionlardan olan istedadlı uşaqlar üçün orada təhsil almaq imkanlarını yaratdıq. Hesab edirəm ki, biz bu fəaliyyəti növbəti tədris ilində də davam etdirəcəyik. Eyni zamanda, yeni innovativ yanaşmalardan danışarkən mən “Rəqəmsal bacarıqlar” layihəsini xüsusi olaraq vurğulamaq istərdim. Bu layihəyə də bir müddət öncə start verilib və ölkənin 5 şəhərini əhatə etməklə 123 məktəbdə 70 min şagird hazırda informatika fənninin yeni formatda, çox müasir standartlarda tədrisinə cəlb olunub.
STEAM layihəsi artıq özünü təsdiq edib
- Çox perspektivli istiqamətdir, elə deyilmi? Yəni, informatika günün tələbində olan yanaşmadır və bütün dünya buna diqqət yetirir...
- Birmənalı şəkildə, burada əsas diqqət nəzəri biliklərə yox, xüsusi proqram təminatı ilə tədrisin böyük bir hissəsi gündəlik əsasda şagirdlərə yeni tapşırıqların verilməsinə və kodlaşdırmanın öyrədilməsinə, şagirdlər tərəfindən proqramların yazılmasına yönəldilir, onların nəinki öz sinif yoldaşları ilə, həm də həmin layihəyə cəlb olunmuş bütün digər bölgələrdən olan şagirdlər arasında bir bilik yarışması formatında həyata keçirilməsi təmin olunur. Həm şagirdlər, həm müəllimlər arasında çox böyük marağa səbəb olur və eyni zamanda, mən onu da qeyd edim ki, artıq bəlli bir əhatəliliyi nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən ölçmələr də həyata keçirilir. Layihəyə cəlb olunmuş və cəlb olunmamış şagirdlər arasında eyni fənn üzrə standartların ölçülməsi üzrə burada biz kifayət qədər əhəmiyyətli fərqləri görürük. Ona görə də bu bizim üçün əlavə bir stimuldur ki, layihənin genişlənməsi üzərində işlərimizi davam etdiririk. Bəhs etdiyiniz STEAM layihəsi artıq özünü təsdiq edib və dünyanın aparıcı təhsil sistemlərində müəyyən dövr ərzində tətbiq olunan bir yanaşmadır. Yanaşmanın əsas fəlsəfəsi ondan ibarətdir ki, burada fənlərin ayrı-ayrılıqda deyil, daha çox inteqrativ formada, layihələr əsasında - elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat formatında tədrisi nəzərdə tutulur.
Növbəti tədris ilindən layihənin genişləndirilməsi nəzərdə tutulub
- Deməli, ideyası hardasa startaplara yaxınlaşdırılır...
- Bəli. Layihəyə bu il ilk dəfə olaraq sentyabr ayından Azərbaycanın 42 məktəbində 6500-ə yaxın şagird cəlb olundu və bu tədris təşkil olundu. Ancaq layihənin cari ildə tətbiqinə başlamaq üçün Təhsil Nazirliyi bir il əvvəl hazırlıq işlərinə başlamışdır. Bizim 50-yə yaxın seçilmiş müəllim və 10 nəfər məktəb rəhbəri xarici ölkələrə ezam olundu, həmin layihənin tətbiq olunduğu məktəblərdə oldular, məzmunla tanış oldular. Yay aylarında isə biz digər müəllimlər üçün də bu cür təlimlər təşkil etdik. Təchizi vacib olan alətlər gətirildi və bu ildən etibarən tətbiqinə başladıq. Mən onu da qeyd edim ki, bizim çox konkret hədəfimiz var. Növbəti tədris ilindən həmin layihənin genişləndirilməsi və ən azından 20 min şagirdin bu layihəyə cəlb olunması nəzərdə tutulub.
Peşə təhsili ölkəmiz üçün prioritet istiqamətdir
- Ceyhun müəllim, əgər bu ilin nəticələrindən danışırıqsa, 2019-cu ildə həm də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi də istifadəyə verildi. Açılış mərasimində cənab Prezident İlham Əliyev də iştirak edirdi. Gözləntilər nədən ibarətdir və bu mərkəzlə bağlı ilkin nəticələr barədə danışmaq olarmı?
- İlk növbədə, qeyd etməliyəm ki, peşə təhsili ölkəmiz üçün olduqca prioritet istiqamətdir. Ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğunluğu, eyni zamanda məktəb məzunlarının daha asanlıqla əmək bazarına səriştəli, peşəkarlar formatında daxil olmasını stimullaşdıran və ümumilikdə iqtisadiyyata çox müsbət təkan verə biləcək bir təhsil pilləsi olması nəzərə alınaraq son illər bu istiqamətdə çox geniş, belə demək olarsa, profil işlər həyata keçirilir. Və siz qeyd etdiyiniz layihə bu sahədə Azərbaycanın beynəlxalq əməkdaşlığının - Koreya hökuməti ilə Azərbaycan hökuməti arasında olan birgə layihənin nəticəsidir. Siz tamamilə düzgün qeyd edirsiniz ki, artıq sentyabr ayında cənab Prezidentin iştirakı ilə Bakıda Sənaye və İnnovasiya üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışı oldu. Bu, tamamilə yeni yanaşmadır. Burada söhbət yeni infrastrukturun qurulmasından, təchiz edilməsindən, eyni zamanda 8 texniki ixtisas üzrə məzmunun gətirilməsindən gedir, yeni yanaşma ondan ibarətdir ki, bu layihə üçün seçilmiş 26 nəfər peşəkar müəllim 3 aylıq təlimlərə göndərilmişdir və artıq bu ildən etibarən 250-yə yaxın gənc seçilərək 8 texniki istiqamət üzrə Mərkəzdə təhsilə cəlb olunublar. Ən müasir standartlara əsasən təlimlər təşkil edilib, eyni zamanda çox spesifik istiqamətlərdə biliklərlə yanaşı, həmin təhsilin məzmununın daxilinə sahibkarlıqla, biznes etikası ilə bağlı modullar əlavə edilib ki, həmin insanlar gələcəkdə o cümlədən özünəməşğulluq formatında fəaliyyət göstərə bilsinlər. İndiki gediş onu göstərir ki, növbəti ildə həm tələbə sayının artırılması hesabına, eyni zamanda bir sıra - ölkəmizdə fəaliyyət göstərən həm yerli, həm beynəlxalq şirkətlərdən olan müraciətləri nəzərə alaraq onlar da qısamüddətli və ortamüddətli həmin mərkəzin bazasında işləri üçün təlimlərin keçirilməsində maraqlıdırlar və artıq 30-dan artıq bu istiqamətdə anlaşma memorandumu imzalanıb. Bizim gözləntimiz ondan ibarətdir ki, 2020-ci ilin sentyabr ayından orada təhsil alan tələbələrin sayı təxminən 1000 nəfərə çatdırılacaq.
İnsan kapitalının formalaşmasında ali təhsilin rolu böyükdür
- Strateji hədəflərdən biri də ali təhsilin əlçatanlığıdır və ölkə rəhbərliyi də bu məsələyə çox böyük ümidlər bəsləyir. Yola saldığımız il ərzində də siz bu istiqamətdə xeyli işlər görmüsünüz. Yəni, hansı irəliləyiş əldə olunub? Yaxın gələcək, perspektiv üçün bu gedişatı necə təsəvvür edirsiniz?
- Mən qeyd etmək istərdim ki, biz postindustrial bir cəmiyyət barədə danışırıqsa, təbii ki, bu artıq təsdiq olunmuş bir faktdir ki, burada əsas amil insan amili olacaq. İnsan kapitalının formalaşmasında ali təhsilin çox boyük rolu və əhəmiyyəti var.
Azərbaycan dövlətinin qarşısında qoyduğu məqsədlərdən biri ali təhsilin daha açıq və daha əlçatanlığı istiqamətində sistemli addımların atılmasıdır. Hesab edirəm ki, bu istiqamətdə 2019-cu ildə görülmüş işlər miqyasına görə çox böyük olub və onun böyük nəticələrini görürük. Məsələn, mən nümunə kimi onu qeyd edə bilərəm ki, dövlət vəsaiti hesabına ali təhsil almaq imkanları qazanan tələbələrdən danışırıqsa, 2018-ci ildə ali təhsil müəssisələrinə dövlət vəsaiti hesabına 12300 tələbə qəbul olurdusa, 2019-cu ildə bu rəqəm 20500-ə çatdırıldı və yaxud biz bir il ərzində 66 faizlik artımdan danışa bilərik. Eyni zamanda tələbələrin, biz burada 110 min tələbə barədə danışırıq, təhsilin müxtəlif pillələrində bu il ərzində təqaüd məbləğləri orta hesabla 20 faiz artırıldı. Mart ayının 1-dən cənab Prezidentin müvafiq sərəncamına uyğun olaraq təqaüd alan tələbələrin sayında 16 min vahid artım təsdiq olundu. Növbəti dövrlər üçün çox konkret hədəflər qoyulub. Ali təhsil sistemində 2019-2020-ci tədris ili üçün təqaüd alan tələbələrin sayının 45 faizdən az olmaması, 2020-2021-ci tədris ilində isə təqaüd alan tələbələrin sayının 50 faizə çatdırılması hədəf götürülüb.
Eyni zamanda siz bilirsiniz ki, bəzi kateqoriyalardan olan, bir sıra qruplara aid olan insanlar var ki, onlar akademik göstəricilərindən asılı olmayaraq dövlət hesabına təhsil alırlar. Eyni zamanda, əhatəliliyin artırılmasından danışarkən biz yalnız maliyyədən, müxtəlif dövlət dəstəyi proqramlarından danışmamalıyıq. Eyni zamanda, bu istiqamətdə ilk dəfə olaraq 2019-cu ildə qanunvericiliyə edilmiş və artıq qüvvəyə minmiş dəyişiklikləri də qeyd etməliyik. Onların sırasında mütləq şəkildə qanunvericiliyə edilmiş dəyişikliklər nəticəsində orta ixtisas məktəblərinin məzunlarının öz ixtisaslarına uyğun olaraq təhsilin növbəti pilləsində ali təhsillərini davam etdirmək istədikləri təqdirdə, onlara əlavə imtiyazların və şansların verilməsini qeyd etməliyik. Qeyd etmək istərdim ki, 2019- cu ildə dəyişikliyin tətbiqinə başlanıldı və 5 minə yaxın bizim orta ixtisas təhsili müəssisəsinin məzunları ali təhsil almaq imkanını məhz bu imtiyazdan istifadə edərək əldə etdilər. Yaxşı yeniliklərdən biri, o cümlədən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən respublika fənn olimpiadaları və beynəlxalq olimpiadaların, müsabiqələrin, yarışların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu ilə bağlıdır. Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən 100 nəfər bizim istedadlı gənc, beynəlxalq və respublika miqyasında özlərini təsdiq etmiş gənclərimiz ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq imkanı əldə etdilər. Bütün bu kompleks tədbirlər nəticəsində, demək istərdim ki, son bir neçə il ərzində bizim ali təhsil müəssisələrində tələbələrimizin sayı 20 faiz artmışdır.
Təhsil Nazirliyi olaraq çalışırıq ki, cəmiyyətə açıq olaq
- İslahatlar, ümumiyyətlə çox cazibəli bir şeydir. Onları heç bir halda dayandırmaq olmaz. Təhsil daim inkişafda olmalıdır və inkişaf trendində özünü düzgün ifadə etməlidir. Siz və rəhbərlik etdiyiniz Təhsil Nazirliyinin kollektivi çox açıq siyasət aparır və müvafiq strukturlarınız məlumatları vaxtaşırı olaraq yayırlar. Bu yaxşı bir haldır, çünki ictimaiyyət bu prosesləri izləyir, bu proseslərə qatılır. Digər tərəfdən, başqa ölkələrin təcrübəsinə baxsaq görürük ki, onlarda ictimai dinləmələr keçirilir, diskussiyalar aparılır, təhsillə, innovasiyalarla bağlı məlumat verilirsə, əvvəlcədən ictimai fikir öyrənilir. Təhsil Nazirliyi sistemində də bu proses təşəkkül tapıb və nazirliyin qarşısında nizam-intizam məsələlərinin daha yüksək səviyyəyə qaldırılması artıq məqsəd kimi ortaya qoyulub. Bu istiqamətdə indiki vəziyyəti siz necə dəyərləndirirsiniz? Bu sahədə vəziyyət qənaətbəxşdirmi, yoxsa bu proses intibah dövrünə qədəm qoyub və davamiyyət olacaq?
- Mən sualın birinci hissəsi ilə bağlı qeyd etmək istərdim ki, tamamilə düzgün qeyd olundu və hesab edirəm ki, bu çox təbiidir. Təhsil onun əhatəliliyi, cəmiyyətdə qəbul edilməsi və rolu nəzərə alınaraq elə bir sahədir ki, burada ictimai diskussiyaların olması, ictimai fikrin öyrənilməsi olduqca vacibdir. Təhsil Nazirliyi olaraq biz çalışrıq ki, cəmiyyətə açıq olaq.
Biz ictimai nəzarəti daha da gücləndirməliyik
- Çox üzr istəyirəm ki, bildiyimə görə, siz ünvanlı ictimai sorğular da aparırsınız?
- Bir çox istiqamətlərdə bu cür sorğular aparırıq və bunu çox faydalı hesab edirik, istənilən sahədə vacib qərarların qəbul edilməsindən öncə biz müxtəlif diskussiyalar həyata keçiririk. Bunlar daha geniş məfhumda, fokus qrupları ilə bağlı ola bilər, sorğuların keçirilməsi və rəyin öyrənliməsi, hazırlanmış sənədlərin ictimai müzakirələrə çıxarılması formatında da ola bilər. Burada mən onu deyə bilərəm ki, təxminən bir il bundan öncə təhsilin dövlət standartları sənədi hazırlanmışdır və ilkin olaraq ictimai müzakirələrə təqdim edilmişdir. İctimai müzakirələrin nəticəsində bizim topladığımız rəylər əsasında sənəd yenidən işləndi və yay aylarında ikinci dəfə ictimai müzakirələrə təqdim edildi. Biz düşünürük ki, yaxınlarda biz o sənədi yekunlaşdıracağıq.
Artıq bir neçə ildir ki, Təhsil Nazirliyi tərəfindən yeni hazırlanmış dərsliklər xüsusi yaradılmış portalda çapa getməmişdən ən azı 6 ay öncə ictimai rəyin öyrənilməsi üçün ictimai müzakirəyə çıxarılır.
Və nəhayət, mən bir vacib məqamı qeyd etmək istəyirəm. İlk dəfə olaraq 2019-cu ilin yayında Təhsil Nazirliyi yanında İctimai Şura yaradıldı və təhsil sahəsində çox təcrübəsi olan nüfuzlu insanlardan ibarət İctimai Şura öz fəaliyyətinə başladı. İctimai Şuranın fəaliyyətini biz bir neçə istiqamətdə olduqca faydalı hesab edirik. Birinci istiqamət ictimai nəzarətin olmasından ibarətdir. Digər tərəfdən ictimai fikrin, ictimai rəyin öyrənilərək daha sistemli şəkildə nazirliyə təqdim edilməsidir. Eyni zamanda, nazirliyin də bir sıra qəbul etdiyi qərarlarını və yanaşmaları bizimlə daim müzakirədən keçirməklə onu da yanaşma olaraq ictimaiyyətə çatdırmaqda, hesab edirik ki, bizim ümumi işimizə böyük bir töhfə verə bilər.
Siz, eyni zamanda bəlli bir intizam tədbirləri barədə sual verdiniz. Və hansısa bir intizam tədbirlərinın görülməsi müəyyən mənada, bu, artıq nəticələrlə mübarizədir. Təhsil Nazirliyi olaraq biz, təbii ki, hesab edirik ki, daha böyük diqqət ilkin mərhələdə maarifləndirmə, düzgün mesajların çatdırılması, xidmətlərin elə bir formatda təşkil edilməsidir ki, biz, o cümlədən elektron xidmətlərdən danışırıq, hər hansı xoşagəlməz, neqativ halların qarşısı alınsın və onlar baş verməsin. Ancaq biz, hər birimiz, eyni zamanda yaxşı başa düşürük ki, təhsil sahəsi çox böyük bir sistemdir. Əfsuslar olsun ki, il ərzində həyata keçirdiyimiz bir sıra nəzarət tədbirləri nəticəsində biz kifayət qədər ciddi pozuntuların şahidi oluruq və belə olan təqdirdə, təbii ki, Təhsil Nazirliyi üçün 2019-cu il də istisna olmamışdır. Mən hətta onu da deyim ki, 2018-ci illə müqayisədə 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən daha ciddi tədbirlər görülmüşdür. Bu il ərzində 6 nəfər rayon təhsil şöbəsi rəhbərinin, 15 nəfərə yaxın məktəb direktoru, direktor müavininin müqavilələrinə xitam verildi. Davamlı şəkildə nəticələri bir o qədər də ürəkaçan olmayan 80 nəfər məktəb direktorunun müqaviləsinin müddəti başa çatandan sonra növbəti dəfə müqavilənin müddətinin uzadılmaması barədə qərarlar qəbul edildi. 7 nəfər haqda çox ciddi pozuntuların olması nəzərə alınaraq materiallar toplanaraq hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdim olundu. Ancaq bunları söyləməklə mən onu da qeyd etmək istərdim ki, təbii ki, nəzarətin həyata keçirilməsi və eyni zamanda nizam-intizam tədbirlərinin görülməsi - bunlar qaçılmazdır. Ancaq özümüz üçün əsas prioriteti onda görürük ki, biz maarifləndirmə işlərimizi daha da genişləndirməliyik, ictimai nəzarəti daha da genişləndirməliyik ki, bu kimi halların qarşısını alaq ki, məsələlər bəhs etdiyimiz səviyyəyə gəlib çatmasın.
5 yaşlıların məktəbəhazırlıq səviyyəsinin əhatəliliyinin 90 faizə çatdırılması hədəfdir
- Sonda mən istərdim ki, siz yeni ilin əsas hədəfləri, prioritetləri barədə də danışasınız, çünki bu, həqiqətən də diqqətçəkən bir məqamdır...
- Mən, ilk növbədə qeyd etmək istəyirəm ki, 2020-ci ildə məktəbəqədər təhsilin əhatəliliyinin genişlənməsi, 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmasının əhatəliliyinin artırılması qarşıdakı prioritetlərdəndir. 5 yaşlıların məktəbəhazırlıq səviyyəsinin əhatəliliyinin 90 faizə çatdırılması hədəfdir. Mən onu qeyd edə bilərəm ki, biz artıq məktəbəhazırlığın əhatəliliyini 80 faizə çatdırmağa nail olmuşuq. Növbəti hədəf ondan ibarətdir ki, yeni dərs ilində bu rəqəm 90 faizə çatdırılsın və belə olan təqdirdə biz 5 yaşlı şagirdlərin məktəbəqədər təhsilə cəlb olunma səviyyəsini inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşdıra bilərik.
Təhsil sahəsində dövlət - özəl əməkdaşlığının genişləndirilməsini hədəf seçmişik
- Biz burada öz modelimizi sınaqdan keçiririk, yoxsa digər ölkələrin də təcrübəsini nəzərə alırıq?
- Biz, təbii ki, beynəlxalq təcrübələri nəzərə alırıq. Ancaq beynəlxalq təcrübədən nəzərə aldığımız məqamları Azərbaycanda tətbiq edərkən, təbii ki, Azərbaycan konteksti, Azərbaycan reallıqlarını hər zaman nəzərə alırıq. Eyni zamanda mən düşünürəm ki, 2020-ci il üçün növbəti hədəflərdən biri də odur ki, növbəti akademik ildən etibarən yeni modelə əsasən ilk öncə ehtiyat dərslik modelində hazırlanaraq artıq müəyyən dövr Azərbaycan məktəblərində sınaqdan keçən və əsas fənləri əhatə edən növbəti ildən birinci siniflər üçün yeni dərsliklərin məktəblərdə tətbiqinə başlanmasını planlaşdırırıq. Eyni zamanda, yuxarı siniflərdə təmayülləşmə proqramının genişlənməsini və daha çox şagirdin təmayül siniflərinə cəlb edilməsini özümüz üçün hədəf qoymuşuq. Peşə təhsili sahəsində də 2020-ci il üçün kifayət qədər çox planlar var. Həm beynəlxalq əməkdaşlılq nəticəsində xarici tərəfdaşlarla birlikdə bir sıra yeni peşə tədris mərkəzlərinin yaradılması, mövcud olan məktəblərin infrastrukturunun yaxşılaşdırılması, bu sahəyə real sektordan böyük şirkətlərin daha fəal cəlb edilməsi də 2020-ci ilin hədəflərindəndir. Ümumilkdə isə bir sıra istiqamətlərdə mövcud və mümkün olan imkanlardan istifadə edərək təhsil sahəsində dövlət-özəl əməkdaşlığının genişləndirilməsini biz 2020-ci il üçün hədəf seçmişik. Buraya ilkin mərhələdə, mən düşünürəm ki, əsas prioritetlər - bu, peşə təhsili sahəsi ola bilir, eyni zamanda tələbə yataqxanalarının tikintisinə biz özəl sektorun daha fəal formada investisiyaların qoyulması və 2020-ci il üçün hədəf kimi müəyyən etmişik. Biz ali təhsil sahəsindən danışarkən, düşünürük ki, əhatəliliyin və əlçatanlılığın artırılması istiqamətində bu il çox geniş formada tətbiq olunan yeni yanaşmalar növbəti ildə də davam etdirilsin və müəyyən dövlət dəstəyi mexanizmlərinin genişlənməsi istiqamətində işlər davam etdirilsin. Xüsusi olaraq mən onu vurğulamaq istəyirəm ki, “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq növbəti il üçün bir sıra istiqamətlər - həm bakalavriatura, həm magistratura səviyyələri üzrə bizim universitetlərimizin dünyanın aparıcı universitetləri ilə əlavə beynəlxalq ikili diplom proqramlarının tədrisinə başlanmasını da planlaşdırırıq. Yenə də həmin dövlət proqramına uyğun olaraq bizim gənc alimlərin və tədqiqatçıların dünyanın aparıcı universitetlərində doktorantura təhsilinə göndərilməsi və dövlət vəsaiti hesabına onların maliyyələşdirilməsini də gələn ildə geniş vüsət almasını gözləyirik.
Ali məktəblərimiz bir sıra beynəlxalq elmi platformalara çıxış əldə edib
- Yəqin ki, bu proqramların həm də universitet elminin inkişafına çox böyük təsiri olacaq. Çünki bütün dünyada universitet elminin mövqeyi son dərəcədə fəaldır. Universitetlərdə çox mütərəqqi layihələr həyata keçirilir, yeni tapıntılar, innovativ yanaşmalar və s. dünyaya göz açır. Yəqin ki, Azərbaycanda da bu prosesi gözləməyə dəyər...
- Təbii ki, bu istiqamətdə biz deyək ki, dünyanın aparıcı reytinqlərində universitetlərin mövqeyini müəyyən edən əsas göstəricilərə nəzər salsaq, onların hər birinin daxilində universitetin elmi potensialının çox böyük yer aldığını görə bilərik. Bunu başa düşərək bir neçə il əvvəl Təhsil Nazirliyi və bir sıra universitetlər “Web of Science” elmi platforması ilə müqavilə imzalamışdır. Nəticədə bizim ali təhsil müəssisələrimizin bir sıra beynəlxalq elmi platformalara çıxışı əldə edilmişdir. Eyni zamanda, mən onu da qeyd etmək istərdim ki, hazırda bu işin daha da genişlənməsi istiqamətində növbəti digər elmi baza ilə danışıqlar yekunlaşmaq üzrədir. Biz düşünürük ki, 2020-ci ildə Azərbaycan ali təhsil müəssisələrinin növbəti beynəlxalq reytinqlərdə müsbət qarşılanan elmi bazalara çıxışları genişlənəcək.
Onu da qeyd etmək istərdim ki, bu fəaliyyət başlanandan sonra bizim universitetlərimizdə çalışan alimlərimizin, ümumilikdə Azərbaycanda müxtəlif təşkilatlarda çalışan alimlərin elmi nəşrlərinin sayında çox ciddi artım müşahidə edilir. Azərbaycan bu istiqamətdə xüsusilə son illər ərzində davamlı olaraq Cənubi Qafqaz ölkələri arasında lider mövqeyini əldə edib və öz mövqeyini saxlayır.
Biz düşünürük ki, növbəti il üçün biz kəmiyyət göstəricisi ilə yanaşı olaraq, çox ciddi şəkildə keyfiyyət göstəricilərinə də nəzər salacağıq. Çünki yalnız beynəlxalq nəşrlərdə, yüksək impakt-faktorlu jurnallarda elmi məqalələrin sayı deyil, eyni zamanda, onlara istinad əmsallarının təhlili aparılacaq və son bir neçə il ərzində Azərbaycanda nəşr olunan və aparıcı elmi bazalara daxil olan elmi jurnalların da sayında bu il artım var. Amma, hesab edirik ki, Azərbaycan ali təhsil sisteminin potensialı ondan daha yüksəkdir. Növbəti gözləntilərimiz də buna uyğundur.