Bilik yarışında 13 məktəbli fərqlənib
Mayın 5-də Sumqayıt Dövlət Universiteti və Sumqayıt Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Sumqayıt şəhər məktəblərinin IX-XI sinif şagirdləri üçün ilk dəfə olaraq ingilis, rus, alman dili fənni üzrə keçirilən “Xarici dil – karyeraya aparan yol” adlı olimpiadanın qaliblərinin mükafatlandırılma mərasimi olub.
Universitetin rektoru, professor Elxan Hüseynov olimpiadada qalib olmuş şagirdləri, onların müəllimlərini və valideyinlərini təbrik edib.
Olimpiadanın qalibləri Sumqayıt Dövlət Universiteti və Sumqayıt Şəhər Təhsil Şöbəsinin Fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
Qeyd edək ki, universitetdə ilk dəfə olaraq xarici dildən keçirilən fənn olimpiadası 2 mərhələdən ibarət olub. Bilik yarışında Azərbaycan və rus bölmələrindən 240 şagird arasında 57 nəfər ikinci tura vəsiqə qazanıb. 13 şagird olimpiadanın qalibi olub.
Sonda filologiya fakültəsinin dekanı, dosent Sevinc Həmzəyeva, “Xarici dillər” kafedrasının müdiri, professor Nigar İsgəndərova və valideynlər olimpiadanın təşkilində yaradılan şəraitə görə universitetin rektoru, professor Elxan Hüseynova təşəkkürlərini bildiriblər.