GDU-da bu mövzuda beynəlxalq elmi konfransin açilişi olub


Mayın 4-də Gəncə Şəhər İcra Hakimiyyətinin və Təhsil Nazirliyinin dəstəyi, Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransın açılışı olub.

 

Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları, respublikamızda fəaliyyət göstərən elm-təhsil müəssisələrinin alimləri, gənc doktorantlar və tədqiqatçılar, elm və təhsil ictimaiyyətinin nümayəndələri, eləcə də Rusiya, Türkiyə, Gürcüstan və Ukraynadan olan nüfuzlu alimlər iştirak ediblər.

 

Əvvəlcə konfrans iştirakçıları mərkəzin önündə ucaldılmış ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olan qonaqlara burada yaradılan şərait, eləcə də mərkəzin muzeyində ulu öndərin həyatı və siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən  arxiv sənədlərinin surətləri və fotolar haqqında məlumat verilib.

 

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətindən, xüsusən onun rəhbərliyi dövründə respublikamızda elm və təhsilin inkişafı istiqamətində görülmüş çoxsaylı işlərdən danışıb.

 

Elmar Vəliyev qeyd edib ki, dünyamiqyaslı siyasətçi, işıqlı və parlaq şəxsiyyət olan Heydər Əliyevin əziz xatirəsi onun qurub yaratdığı Azərbaycanın hər bir guşəsində olduğu kimi, qədim elm və mədəniyyət mərkəzi olan Gəncə şəhərində də əziz tutulur. Hər il Gəncədə ulu öndərin anadan olmasının ildönümü münasibətilə beynəlxalq elmi nəzəri və parktik konfranslar, simpoziumlar, elmi müzakirələr təşkil olunur.

 

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə ali təhsil müəssisələrində mütəxəssis hazırlığı, xüsusən də yüksək ixtisaslı pedaqoji kadrların hazırlığ istiqamətində görülmüş işlərdən danışıb.

 

“Ümummilli lider Heydər Əliyev deyirdi: Həqiqi müəllim olmaq cəmiyyət üçün çox şərəfli peşədir. Doğrudan da mən cəmiyyətdə müəllimdən yüksək ad tanımıram”. Bu fikirlər yalnız bir siyasətçinin deyil, həm də böyük bir dövlət xadiminin müəllim peşəsinə verdiyi böyük dəyərin ifadəsidir “,- deyə Yusif Yusibov qeyd edib.

 

Ulu öndərin Azərbaycanda elmin inkişafı istiqamətindəki misilsiz xidmətlərindən danışan Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik-katibi Fuad Əliyev respublikamız müstəqillik əldə etdikdən sonra  AMEA-nın qorunub saxlanılmasını və onun işinin müasir tələblər səviyyəsində qurulmasını  ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğunu deyib.

 

Son illərdə Gəncə şəhərinin sürətlə inkişaf etdiyini və burada bir çox beynəlxalq tədbirlərin uğurla keçirildiyini deyən Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunun direktoru, akademik Vaqif Abbasov bildirib ki, “Bu gün burada dinlənilən məruzələr, elmin ayrı-ayrı sahələrində alınan müsbət nəticələr və nailiyyətlər bir müddətdən sonra Azərbaycanda iqtidasdiyyatın müxtəlif sahələrinə,  xüsusən hərb sənayesinin inkişafı məqsədilə tətbiq ediləcək”.

 

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova çıxış edərək ulu öndərin həyat yolundan,  zəngin dövlətçilik təcrübəsindən, Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərindən danışıb.

 

Milli Məclisin deputatı, GDU-nun prorektoru Pərvin Kərimzadə öz müdrik siyasəti, tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerçəkləşdirilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin edən və bütün həyatını xalqına həsr edən ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində elm və təhsil sahəsində milli qanunvericiliyin yaradılması, təhsil sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib.

 

Moskva Dövlət Universitetinin professoru Andrey Şevelkov “Qeyri-üzvi klatratratlar – kristal qruluşun estetikasından yeni termoelektrik materiallarına doğru”, Bakı Dövlət Universitetinin professoru Eldar Məsimov “Mayelərin struktur temperaturu” və Gəncə Dövlət Universitetinin professoru Vaqif Novruzov “Azərbaycanın qərb bölgəsinin flora biomüxtəlifliyinin müasir vəzilləti” mövzularında çıxışlar ediblər.