Lənkəran Dövlət Universitetində (LDU)  “Samsung” Virtual Tədris mərkəzi” nin açılışı olub.

 

Açılışda “Nərgiz” Xeyriyyə Fondunun və “Samsung” şirkətinin təmsilçiləri, universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.

 

Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bildirib ki, tədris mərkəzi  “Nərgiz” Xeyriyyə Fondunun və elektron qurğuların istehsalı, və satışı üzrə dünyada tanınan “Samsung”  şirkətinin  maliyyə dəstəyi ilə yaradılıb. Mərkəzdə bütün fənnlər üzrə tədrisin yüksək səviyyədə və müasir metodlarla təşkili, eləcə də, dünyanın rəqəmsal təhsil resurslarına əlçatanlığın təmin edilməsi üçün lazımi şərait yaradılıb. Mərkəz informasiya-kommunikasiya texnologiyalarının tədrisə tətbiqi üzrə son model aparat və proqramlarla təchiz edilib, geniş zolaqlı texnologiyalar vasitəsi ilə internet şəbəkəsinə qoşulub və müvafiq mebel dəsti ilə təmin olunub.

 

N.İbrahimov qeyd edib ki, mərkəzin imkanlarından təlim-tədris fəaliyyəti ilə yanaşı, müxtəlif elmi tədbirlərin –onlayn  seminar və konfransların təşkili və keçirilməsi, eləcə də,  tələbələrin,  professor-müəllim heyətinin dünyanın elektron kitabxana resurslarına çıxışının təmin edilməsi  məqsədilə də geniş istifadə olunacaq.

 

Tədbirdə “Nərgiz” Xeyriyyə Fondunun layihə meneceri Nərmin Məmmədova çıxış edərək bildirib ki, layihənin məqsədi regionda oxuyan tələbələri müasir texnologiyalara daha yaxın etmək, texnoloji yeniliklərə maraqlarını artırmaq, tədris prosesini daha interaktiv etməkdir.

 

“Samsung” Şirkətinin Azərbaycan nümayəndəliyinin marketinq rəhbəri Cavadxan Babayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin təmsilçisi Asif İmanlı  Virtual Tədris Mərkəzinin bölgədə ali təhsilin inkişafına yeni  texniki imkanlar açdığını, müəllim və tələbələr üçün olduqca səmərəli olacağını bildiriblər.

 

Qeyd edək ki, bu layihə ilk olaraq ali təhsil müəssisələri arasında LDU-da reallaşdırılıb.