Form ərzində universitetlə Azərbaycan Sahibkarlar Konfederasiyası, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOSİA) və AMEA Yüksək Texnologiyalar Parkı (AMEA YTP) arasında əməkdaşlıq memorandumları imzalanıb.


Gəncədə Azərbaycan Texnologiya Universiteti (UTECA), Lean Consulting şirkəti və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə II Milli Sənaye Mühəndisliyi Forumu keçirilib. Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan forumun işində ölkəmizin bir çox aparıcı sənaye müəssisəsinin rəhbərləri, elm və ali təhsil ocaqlarının nümayəndələri, eləcə də xarici mütəxəssislərin iştirakı ilə sözügedən sahənin aktual problemləri müzakirə olunub, milli sənayemiz üçün kadr hazırlığı prosesinin təkmilləşdirilməsi yolları araşdırılıb.

 

Forum iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək  önünə gül dəstələri qoyublar. Dövlət himninin səslənməsi ilə öz işinə başlayan forumda əvvəlcə "Heydər Əliyev və Azərbaycan sənayesi" adlı videoçarx nümayiş etdirilib. Sonra UTECA-nın rektoru, professor Akif Süleymanov II Milli Sənaye Mühəndislyi Forumunu açıq elan edərək iştirakçıları salamlayıb. O, bildirib ki, ilki paytaxt Bakıda keçirilən Milli Sənaye Mühəndisliyi Forumunun ikinci dəfə Azərbaycanın ən böyük regional mərkəzində - ölkənin ikinci böyük şəhəri olan Gəncədə keçirilməsi heç də təsadüfi deyil. Belə ki, bu gün ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsində regionların rolu və öhdəlikləri kifayət qədər böyükdür. Həm Gəncə şəhəri, həm də onun ətraf regionunda strateji cəhətdən əhəmiyyət daşıyan sənaye müəssisələrinin sayı artmaqda, fəaliyyəti gücləndirilməkdədir. UTECA tərfindən yaradılan universitet-sənaye əlaqələrinin ən effektiv modeli həm sənaye müəssisələrinin işinin səmərəliliyini artırmağa, həm də ali təhsil müəssisəsində kadr hazılığının keyfiyyətini yüksəltməyə xidmət edir.

 

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Kiçik və Orta Sahibkarlığın İnkişaf Agentliyinin icraçı direktoru Orxan Məmmədov, AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev və bir sıra aparıcı şirkətlərin nümayəndələri forumun mövzusu ilə bağlı məruzələrlə çıxış ediblər. Sessiyalarda qaldırılan təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Forum ərzində həmçinin UTECA ilə Azərbaycan Sahibkarlar Konfederasiyası, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOSİA) və AMEA Yüksək Texnologiyalar Parkı (AMEA YTP)  arasında əməkdaşlıq memorandumları imzalanıb.