Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən Baş Nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın ənənəvi olaraq ilin sonuna yaxın bu və ya digər əhəmiyyətli mövzularla əlaqədar konfrans keçirdiyini, fikir mübadiləsi apardığını diqqətə çatdırıb.
Konfransın mövzusunun təhsil sahəsi ilə bağlı olduğunu deyən Əli Əhmədov bildirib ki, bütövlükdə inkişafın fundamental əsaslarından ən birincisi təhsildir. Baş Nazirin müavini qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, insan kapitalının inkişaf etdirilməsi həyata keçirilən siyasətin qayəsini təşkil edir. Son illər təhsilin inkişafı ilə bağlı böyük layihələr həyata keçirilib, məktəblər tikilib, təhsilin məzmununun yüksəldilməsi istiqamətində addımlar atılıb.
Konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu gün təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Nazir ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Ceyhun Bayramov diqqətə çatdırıb ki, dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə xüsusi diqqət yetirilir. 2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilib. Heydər Əliyev Fondunun xətti ilə 14 yeni məktəb binasının tikintisi, 8 məktəbin əsaslı təmiri həyata keçirilir. Eyni zamanda bu il ərzində 257 məktəbdə təmir işləri görülüb.
Ceyhun Bayramov son illərdə ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Məktəbəqədər təhsilin əhəmiyyətindən danışan nazir UNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsil layihəsinə də toxunub. Nazir qeyd edib ki, növbəti tədris ilində icma əsaslı məktəbəqədər təhsil qruplarının sayının artırılaraq 300-ə, uşaqların sayının isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur.
Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlbi istiqamətində görülən işlərdən də söz açıb. İstedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirləri vurğulayan Ceyhun Bayramov deyib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4-ü qızıl, 34-ü gümüş və 108-i bürünc olmaqla ümumilikdə 146 medal qazanıblar.
Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihəsi barədə məlumatları diqqətə çatdıran Ceyhun Bayramov qeyd edib ki, cari tədris ilində məktəblərdə ilk dəfə olaraq STEAM-ın tədrisinə start verilib. Nazir deyib ki, son illərdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahənin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparılıb. Yeni inkişaf trendləri əsas götürülməklə universitetlərin kadr potensialı və maddi-texniki bazası gücləndirilib, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atılıb.