Konfransda 570-dək elmi məruzə dinlənilib


Mayın 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş  tələbə və magistrantların 40-cı  elmi konfransı keçirilib.

 

Konfransı açan AzMİU-nun elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov ulu öndərin elm və təhsil sahəsinin inkişafını daim diqqətdə saxladığını, bu ənənənin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. O, universitetdə keçirilən tələbə və magistrantların sayca 40-cı konfransına marağın yüksək olduğunu deyib.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova  konfransın işinə uğurlar arzulayaraq, tələbə və magistrantların elmi - tədqiqat işlərinə cəlb edilməsinin əhəmiyyətinə toxunub. Belə konfransların məzmun və məqsədinin  tələbələri elmi-tədqiqat işlərinə cəlb etmək, gələcək mütəxəssislərin hazırlıq səviyyəsini yüksəltmək, magistrantların araşdırmalarını elmi ictimaiyyətə təqdim etmək olduğunu bildirib.

 

Rektor, həmçinin ümummilli lider Heydər Əliyevin  təhsil, memarlıq və inşaat sahəsində gördüyü mühüm işlərdən də danışıb, çoxşaxəli siyasi fəaliyyətinə diqqət çəkib.

 

Konfransda AzMİU-nun “İnşaat konstruksiyaları” kafedrasının dosenti Hüseyn Xəlilovun “Yüksəkmərtəbəli binaların diafraqmalarının kəsilən və kəsilməz olduğu hallarda karkasın qəbul etdiyi qüvvələrin ədədi təhlili”, su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin magistrantı  Kamilə Cəfərlinin “Azərbaycan Respublikasında kiçik çayların təbii sərvətləri və enerji mənbələri” mövzusunda məruzələri dinlənilib.

 

Sonra konfrans öz işini bölmələrdə davam etdirib. İki gün davam edən konfransın bölmə iclaslarında tələbə və magistrantların 570-dək elmi məruzəsi  dinlənilib.