Azərbaycan Texnologiya Universiteti tələbələri diqqətli olmağa səsləyib.
“Tələbə, diqqətli ol!” devizi ilə universitetdə keçirilən tədbirdə tələbələri qida zəhərlənməsi hallarından sığortalanmağın yolları barədə Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisi Fərmayıl Qəhrəmanov maarifləndirib. O, ərzaq alış-verişində diqqətli olmağı tövsiyə edərək bildirib ki, vaxtı ötmüş, istehsal tarixi göstərilməyən, kustar üsulla qablaşdırılmış məhsullardan uzaq durmaq lazımdır. Qurum nümayəndəsi hər hansı neqativ hallarla rastlaşan zaman AQTA-nın 1003 çağrı xidməti ilə əlaqə saxlamağı məsləhət görüb, tələbələri maraqlandıran sualları cavablandırıb.
Fövqəladə hallar Nazirliyinin Gəncə Regional Bölməsinin əməkdaşı Bəhayi Nəsirov isə dəm qazı təhlükəsi barədə çıxış edib. Qeyd edib ki, qış mövsümündə dəm qazı zəhərlənmələri daha da aktuallaşır. Buna görə də tələbələr daha diqqətli olmalı, qazdan istifadə qaydalarına düzgün əməl etməli, mənzilin, eləcə də yuyunma otağının havalandırma sistemini, isitmə cihazlarını tez-tez yoxlamalıdırlar. Bölmə əməkdaşı dəm qazı ilə zəhərlənmə zamanı ilkin yardımın göstərilməsi qaydalarını izah edib, ünvanlanan suallara aydınlıq gətirib.
UTECA-nın tərbiyə işləri üzrə prorektor əvəzi Mətanət Əhmədova sonda tələbələri bir daha diqqətli olmağa səsləyib.