Gürcüstanın Zuqdidi şəhərində cüdo üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Yarışa Azərbaycanla yanaşı, Gürcüstan, Dağıstan, İnquşetiya və Ermənistandan 150-yə yaxın idmançı  qatılıb.  Onların arasında “Cüdo Club 2012” idman klubunun  2003-2010-cu il təvəllüdlü yetirmələri də iştirak ediblər.

 

Əməkdar idman ustası, usta cüdoçular arasında dəfələrlə dünya və Avropa çempionu Zaur Paşayevin rəhbərliyi ilə Gürcüstana yollanan komandada. klubun yetirmələri beynəlxalq turnirdə müxtəlif yaş qrupları üzrə yarışlarda 3 qızıl və 8 bürünc medala layiq görülüblər. Nicat Eyvazov (34 kq), Ruslan Quliyev (42 kq) və Abduləziz Məmmədov (66 kq) qızıl medal qazanıblar. Mirmehdi Aslanlı (24 kq), Cavanşir Comərdov (38 kq), Amil Həsənov (42 kq), Riad Mustafazadə (42 kq), Mehdi Cəfərov (55 kq), Nurlan Abdullayev (60 kq), Polad Əhmədov (81 kq) və Orxan Ağayev (+87 kq) bürünc medalla mükafatlandırılıblar.

 

Qeyd edək ki, klubun idmançılarının uğuru bununla bitmir. Belə ki, “Cüdo Club 2012” -nin üzvü Əli Arzumanlı (38 kq) turnirin ən texnikalı və nizam-intizamlı cüdoçusu adını qazanıb və bu il Türkiyədə keçirilən “Qara dəniz” beynəlxalq turnirində çempion olub.

             

Sifai SƏFƏROVA