Dekabrın 20-də Təhsil naziri Ceyhun Bayramov Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Qubadlı rayon və Sumqayıt şəhər sakinlərini qəbul edib.

 

Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Xızı rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. 

 

Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

 

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), təhsil sənədlərinin verilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.