Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilən “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub” kitabı müzakirə edilib. Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq sərəncamı üzrə kitabların müzakirəsinin keçirilməsi ali təhsil ocağında artıq ənənə şəklini alıb.

 

Diqqətə çatdırılıb ki, müzakirəsi keçirilən kitablar gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi, dünyagörüşünün zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasına xidmət edir.

 

ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub” un pedaqoji təhlili mövzusundakı çıxışında Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Taleh Xəlilov bildirib ki, kitab həcmcə qısa olmasına baxmayaraq, çox mühüm kodeksləri özündə birləşdirir. Vurğulanıb ki, həmin məktub sanki təkcə yazıçının deyil, bütün valideynlər adından müəllimlərə ünvanlanmış məktubdur. Məktubdakı cümlələrin hər biri bu günün müəlliminə sanki yol göstərir və onun üzərinə mənəvi vəzifə qoyur.

 

Riyaziyyat müəllimliyi ixtisası üzrə III kurs tələbəsi, fakültənin Tələbə Gənclər təşkilatının sədri Hüseyn Məmmədov kitabın tələbələr üçün tərbiyəvi əhəmiyyətindən danışıb. Qeyd edilib ki, məktub hər bir vətəndaşın şəxsiyyət kimi inkişafına, mənəviyyatının və mənliyinin formalaşmasına xidmət edəcək, təkcə öz dövrü üçün deyil, gələcək nəsillər üçün də aktuallığını qoruyub saxlayacaq.