Naxçıvan Dövlət Universitetində “XX əsr Naxçıvan ədəbi mühiti“ mövzusunda konfrans keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev  XX əsrin siyasi, tarixi, ədəbi mənzərəsinə nəzər salıb, çox mürəkkəb və ziddiyyətli proseslərin fonunda ədəbiyyatın inkişafından söhbət açıb, çağdaş ədəbiyyatşünaslığımızda Naxçıvan ədəbi mühitinin öyrənilməsi istiqamətində  xeyli ciddi uğurlar əldə edildiyini vurğulayıb. Rektor bildirib ki, bu cür konfransların keçirilməsi çox əhəmiyyətlidir.

 

“Naxçıvanın şeir mühiti (müstəqillik dövrü)”  mövzusundakı çıxışında AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli qeyd edib ki, naxçıvanlı şair və yazıçıların əsərlərində Naxçıvan mövzusu əsas yer tutur. Diqqətə çatdırılıb ki, vətənə, doğma yurda bağlılıq, muxtar respublikada gedən quruculuq prosesləri, məqsədyönlü siyasət  ədəbiyyat adamlarının qələmindən yan ötməyən məsələlərdir. “Unudulmuş tərcüməçi Ələkbər Naxçıvanlı” haqda danışan AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli bədii, publisistik və tərcüməçilik fəaliyyəti ilə  XX əsr ədəbi prosesində özünəməxsus yer tutan, Naxçıvan ədəbi mühitinin yetirməsi olan Ələkbər Qərib (Naxçıvanlı) haqda geniş məlumat verib.

 

Bildirilib ki, rus dilini elmi şəkildə mükəmməl bilən tərcüməçi rus sentimentalisti N. M. Karamzinin “Bədbəxt Liza”, M. Y. Lermontovun “Zəmanəmizin qəhrəmanı”, N. N. Lyaşkonun “Domna ocağı” adlı nəsr əsərini ana dilimizə yüksək məharətlə tərcümə edib. Tərcüməçinin rus dilindən tərcümə olunmuş bir sıra ictimai-siyasi, elmi-kütləvi kitablara redaktorluq etməsi də onun yetkin ədib, kamil mütəxəssis olmasından xəbər verir.

 

Konfrans “Naxçıvan ədəbi mühiti və ictimai-mədəni həyat”, “Naxçıvan ədəbi mühiti müstəqillik illərində” adlı bölmə iclasları ilə davam edib.