“TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Qusar rayonunun ümumtəhsil məktəblərində təlimlər keçirilib.

 

Təlimlərə Qusar rayonunda fəaliyyət göstərən 86 ümumtəhsil müəssisəsindən 100 nəfərə yaxın fiziki tərbiyə müəllimi cəlb olunub. Ayrı-ayrı qruplarda TOPs metodologiyası üzrə təşkil olunan praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib, dərslərin effektli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilb.

 

Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticəsi müqayisə edilib.

 

Qeyd edək ki, TOPs layihəsi Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilir.

 

Ümumilikdə cari tədris ilində Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərinin, Quba, Qusar Şabran, Siyəzən və Xızı rayonlarından 423 məktəb layihəyə cəlb olunub, həmin məktəblərin 700-dən artıq  fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilib.

 

Layihə ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.