Şirvan şəhərindəki 13 nömrəli tam orta məktəbdə “Təhsildə inkişaf və innovasiyalar üzrə” III qrant müsabiqəsi çərçivəsində hazırlanan “Linqvistik Təhlil Bacarıqlarının Formalaşması üçün xüsusi vəsait ” adlı kitabın təqdimatı-layihənin yekun tədbiri keçirilib.
Tədbirdə şəhərin müxtəlif məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri, təhsil şöbəsinin metodistləri iştirak ediblər.
Məktəbin direktor əvəzi Günel Səfalı “Təhsildə inkişaf və innovasiyalar üzrə” qrant müsabiqələri haqqında məlumat verib, bu müsabiqələrin təhsilimizin inkişafında xüsusi əhəmiyyəti olduğunu qeyd edib və müsabiqələrdə Şirvan müəllimlərinin qazandığı uğurlardan söz açıb.
Sonra layihə rəhbəri Minarə Əliyeva layihənin hazırlanması prosesindəki fəaliyyətindən danışıb, hazırlanan vəsaitin tədrisin keyfiyyətinə göstərə biləcəyi məqamlardan bəhs edib.
Çıxış edənlərdən Şirvan şəhər 16 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Rəhimova bildirib ki, bu vəsait təhsildə keyfiyyətin yüksəldilməsində əhəmiyyətli rol oynayacaq.
11nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Hüseynova vəsaitin kütləvi tirajla nəşrini təklif edib.
Tədbirin sonunda təqdimat iştirakçılarına vəsait və disklər paylanıb.