İncəsənət Gimnaziyası şagirdlərinin uğur hekayələri


Moskva şəhərində Vladimir Spivakov Fondu tərəfindən XVI “Moskva dostları qarşılayır” Beynəlxalq Festivalı keçirilib. Festival Fondun ən genişmiqyaslı layihəsi kimi diqqəti cəlb edib. Dünyanın 36 ölkəsindən 1000-ə yaxın gənc istedadın qatıldığı festival müddətində Rusiya paytaxtının müxtəlif konsert salonlarında maraqlı musiqi proqramları və gənc rəssamların yaradıcılıq nümunələri nümayiş olunub. Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri də bu mötəbər yarışmada ölkəmizi layiqincə təmsil ediblər. Beynəlxalq Musiqi Evinin Svetlanov zalında reallaşan festivalın açılış mərasimində konsert proqramı ilə yanaşı iştirakçılara təqdim olunan gənc rəssamların əsərlərindən ibarət sənət nümunələri İncəsənət Gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsinin şagirdləri Mədina Həmzətova və Fərəh Kərimovaya məxsus olub. Dövlət Akademik Böyük Teatrının Bethoven zalında respublika və beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Hüseyn Nağıyev bəstəkar Həsən Rzayevin “Çahargah” rapsodiyasını böyük məharətlə ifa edib və gurultulu alqışlarla qarşılanıb. Bu günlərdə gimnaziyanın istedadlı şagirdləri ilə görüşüb festival barədə təəssüratlarını, bu məsuliyyətli yarışmada yaşadıqları sevincli və həyəcanlı anları bizimlə bölüşmələrini xahiş etdik.

 

Mədina Həmzətova: 10 yaşım var. AMK tərkibində İncəsənət Gimnaziyasının 5-ci sinif şagirdiyəm. 2 ildir ki, gimnaziyada təsviri və tətbiqi sənət şöbəsinin üzvüyəm. Lalə Əsgərovanın sinfində rəssamlıq peşəsinin sirlərinə yiyələnirəm. Vladimir Spivakov Fondu tərəfindən “Moskva dostları qarşılayır” beynəlxalq festivalında ölkəmizi təmsil etməyim mənim üçün sevindirici olduğu qədər də olduqca məsuliyyətli idi. Festivalın açılış mərasimində həvəslə iştirak etdim, televiziya kanallarına müsahibə verdim. “Şərq bazarı” adlı rəsmim nümayiş olundu. Sərgi haqqında ilk  təəssüratımı atamla, sonra  gimnaziyanın direktoru Aytən Əhmədovaya zəng vurub sevincimi onunla bölüşdüm. Aytən xanım bizim mənəvi anamızdır. Deyir ki, mən şagirdlərimlə fəxr edirəm. Fəxr edirəm ki, istedadlılar gimnaziyamızda günü-gündən artmaqdadır.

 

...Moskvada 4 gün qaldıq. Həmin müddətdə  Rusiya paytaxtının tarixi abidələrinə və mədəniyyət ocaqlarına da baş çəkdik. Qeyd edim ki, iki dəfə Türkiyədə keçirilən Caspi ART rəsm yarışmalarına da qatılmışam və I yeri qazanmışam. 2019-cu ildə Ukraynada keçirilən beynəlxalq rəsm müsabiqəsində iştirak etmişəm və Qran-pri mükafatına layiq görülmüşəm. Fransada keçirilən beynəlxalq yarışmada isə “Uşaqlar müharibə əleyhinə” rəsm əsərim münsiflər heyəti tərəfindən bəyənilərək II yerə layiq görüldü. Gərgin çalışqanlığım, əziyyətim sayəsində imza atdığım nailiyyətlər gələcəkdə ən böyük arzularımın reallaşacağına məndə əminlik yaradır. Sevinirik ki, festivalda fəal iştirakımıza görə Moskvadan direktorumuz Aytən Əhmədovanın ünvanına da təşəkkürnamə yollayıblar. Bu, direktorumuza ən qiymətli töhfəmiz idi.

 

Fərəh Kərimova: 15 yaşım var. Kiçik yaşlarımdan rəsm çəkməyi xoşlayıram. Hər müsabiqədə qalib olanda bir daha əmin oluram ki, çəkilən zəhmət hədər getmir. Hər qələbəmizdə biz əslində çəkdiyimiz əziyyətin, necə deyərlər, yuxusuz gecələrimizin bəhrəsini görürük. Bu festival mənə daha böyük sevinc hissləri yaşatdı. Bəs necə?! Festivalın layihə rəhbəri Vladimir Spivakova həsr etdiyim rəsm “Moskva dostları qarşılayır” beynəlxalq festivalda sərgiləndi, hamı tərəfindən bəyənildi və maraqla qarşılandı. Mənim üçün bundan qiymətli və ruhverici, qürurverici nə ola bilərdi?! Şübhəsiz qazandığımız bütün uğurlara görə müəllimlərimizə borcluyuq. Hazırda ixtisas fənni üzrə Mehriban Həşimovanın sinfində təhsil alıram. Təsviri və tətbiqi sənət şöbəsi üzrə direktor müavini Kəmalə Kərimovanın da biz şagirdlərin bütün qələbələrində payı var.  Mənim ilk sərgim 1-ci sinifdə oxuyarkən keçirilib. Sərgidə 60-a yaxın rəsmim nümayiş olundu. İlk uğura onda imza atdım və diplomla mükafatlandırıldım. Üçünçü sinifdə ikinci sərgim keçirildi. Bu dəfə isə 70-ə yaxın rəsmim iştirakçılara təqdim olundu. Rəsmlərimdə daha çox yağlı və sulu boyalardan, açıq, mavi, çəhrayı rənglərdən, bir də fantaziyamdan istifadə etmişdim.

 

2017-ci ildə Türkiyədə “Barış və dostluq” mövzusunda keçirilən beynəlxalq rəsm müsabiqəsində I yerə,  2018-ci ildə isə Yunanıstanda keçirilən “Dünyanın musiqi yollarında”, Çexiyada keçirilən “Su altında həyat” və sair mövzularda beynəlxalq rəsm müsabiqələrində diplomlarla mükafatlandırılmışam. Bakıdakı 3 nömrəli Uşaq-Gənclər rəsm qalereyasında “Bilik günü” ilə bağlı keçirilən rəsm müsabiqəsində “XXI əsrin bilik günü” rəsmim diploma layiq görüldü. Türkiyədə keçirilən “Kaspi ART” beynəlxalq incəsənət müsabiqəsində “Qədim Bakı”, “Qarabağ atı” və “Caz Baku” rəsmlərim I yerə layiq görülüb. Respublika üzrə “Xalq Cümhuriyyəti İli” çərçivəsində rəsm sərgisinə qatıldım. Qeyd edim ki, gimnaziyada fəaliyyət göstərən rəqs dərnəyinin və xor kollektivinin üzvüyəm. “Ən yaxşı vokal ifaçısı” adını qazanmışam və diploma layiq görülmüşəm. Dövlət tədbirlərində həmişə iştirak edirəm. Bacarığıma, potensialıma çox güvənirəm. Üzgüçülük və gimnastika ilə məşğul olmuşam. Hazırda “Qış nağılı” kompozisiyası üzərində çalışıram. Müəllimlərimin və direktorumuzun göstərdikləri etimadı istedadlı şagird dostlarımla bərabər doğruldacağıma mən də söz vermişəm.

 

 

Hüseyn Nağıyev: Festival möhtəşəmliyi ilə seçilirdi. Biz əvvəlcədən ifalarımızı festival təşkilatçılarına göndərdik.. Mənim ifamı çox bəyəndikləri üçün festivalda iştirakımı vacib saydılar. Belə bir mötəbər festivalda ölkəmizi təmsil etmək mənim üçün olduqca sevindirici məqam idi. Dövlət Akademik Böyük Teatrının Bethoven zalında dünyanın müxtəlif ölkələrindən istedadlı uşaqlar iştirak edirdilər. Respublika və beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Hüseyn Nağıyevin adı çəkiləndə bir anlığa həyəcanlandım. Ancaq əvvəlki yarışmalarda qazandığım təcrübədən bəhrələnərək həyəcanımı boğdum və bəstəkar Həsən Rzayevin “Çahargah” rapsodiyasını böyük məharətlə ifa etdim. İfam tamaşaçılarda xoş ovqat yaratdı.

 

Yeri gəlmişkən Təhsil Nazirliyinə bu mötəbər sənət yarışmasına qartılmaq üçün mənə dəstək verdiyinə görə təşəkkürümü bildirirəm. İkinci təşəkkürüm isə təbii olaraq  gimnaziyanın direktoru Aytən Əhmədovaya, ixtisas  müəllimim Samirə Nəcəfovaya və konsertmeysterim Svetlana Əhmədovayadır.

 

2004-cü il Bakı şəhərində anadan olmuşam. Hazırda gimnaziyanın 10-cu sinfində təhsil alıram. 2015-ci ildən kamança ilə məşğul oluram. Bu musiqi aləti ilə məşğul olduğum illər ərzində bir çox uğurlarım olub. 2017-ci ildə “İncəsənət Olimpiadası”nda I yerə, 2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan 3-cü Respublika müsabiqəsində I-ci yerə, “Testene Art Baku” II Beynəxalq müsabiqəsində II-ci yerə, kamança hazırlanması və ifaçılıq sənətinin UNESCO-nun qeyri-maddi reprezentativ mədəni irs siyahısına daxil olunmasına həsr olunmuş Habil Əliyev adına gənc kamança ifaçılarının II Respublika müsabiqəsində I yerə layiq görülmüşəm. Aktyor kimi uğurlarım da kifayət qədər olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında Şekspir “III Riçard” tamaşasında Uels Şəhzadəsi, H.Cavidin “Şeyx sənan” tamaşasında Cocuq, İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” tamaşasında Nemət obrazlarını və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında AXC-nin 100 illiyinə həsr olunmuş Ə. Əmirlinin “Nuri didə-Ceyhun” tamaşasında Ceyhun Hacıbəylinin uşaqlıq, S.Bekket “Qodonun intizarında” tamaşasında Oğlan obrazlarını canlandırmışam. 2018-ci ildə məhz bu obrazlarıma görə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təsis etdiyi “Mövsümün ən yaxşı uşaq rolunun ifaçısı” mükafatına layiq görülmüşəm. 2019-cu il Albaniyanın Elbasan şəhərində keçirilən 21-ci Skampa Beynəlxalq Teatr Festivalında aktyor kimi çıxış etmişəm.  Təhsil Nazirliyi tərəfindən keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin, Respublika Fənn olimpiadasının və məktəblər arasında keçirilmiş “Respublika idman çempionatı”nın mükafatlandırma mərasimində kamança ifaçısı kimi iştirak etmişəm. Dəfələrlə Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Kamera və Orqan zalında, Beynəlxalq Muğam Mərkəzində və dövlət tədbirlərində Xalq Çalğı Alətləri Orkestri, Q.Qarayev adına Kamera Orkestri ilə çıxışlarım alqışlarla qarşılanıb.

 

Sifai SƏFƏROVA