Məktəb onlarla yanaşı, valideynləri üçün də əyləncəli olur


Ağzında sözünü danışa bilmir, belində şalvarını saxlaya. Amma çıxıb meydana şeir deyir, nağıl qəhrəmanlarını qiymətləndirir, çəkdiyi şəklin rənglərinə qərar verir. Şalvarını çəkə-çəkə şeirdəki bütün “r” səslərini “y” ilə “əvəzləyən” körpələrin sinfində vaxt sanki uçur. Onların söhbətini dinləmək, zamanı birdəfəlik unutdurur. Ancaq hamısı danışan deyil. Aralarında mısmırığını sallayıb oturan, öz aləminə dalan, bir kənara çəkilib “kubik”ləri könlü istəyən şəkildə yığan, şeir danışana qulaq belə asmayıb, rəsm çəkəndə isə uşaqlara özü qaynayıb-qarışanlar var. 3-4 yaşlı körpələrdən ibarət icma əsaslı məktəbəhazırlıq qruplarında 2 saat ərzində valideynlərlə tərbiyəçi müəllim əlbir olub uşaqları məktəbə hazırlayırlar.

 

33 bölgədə 6212 uşaq məktəbəqədər təhsilə cəlb edilib

 

Bu proses çoxdan başlayıb. Əvvəlcə, yəni 2017-ci ildən “UNİCEF Azərbaycan” və Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən  “İcma qruplarının iştirakı ilə məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılması” layihəsinə başlanılıb. Bu layihə hələ bitməmiş, Təhsil Nazirliyinin dəstəyi ilə “İcma əsaslı  məktəbəqədər təhsilin inkişafı” layihəsi də start götürüb. 2019-cu ilin oktyabr ayından reallaşdırılan layihə çərçivəsində artıq ilk dəfə olaraq Şamaxı, Ağsu, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Balakən, Zaqatala, Oğuz, Qax kimi rayonlarda da mərkəzlər təşkil edilib. Layihənin davam edəcəyi 3 il ərzində rayonların da, mərkəzlərin də sayının artacağı şübhə doğurmur. İndiyədək icma əsaslı məktəbəqədər təhsil qrupları ölkəmizin 33 bölgəsində yaradılıb. Layihə çərçivəsində bölgələrdəki ucqar kənd və sərhəd zonaları da daxil olmaqla, ümumilikdə 308 icma mərkəzi üzrə 321 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir.  Bu qrupların hər birində orta hesabla 20 nəfər 3-4 yaşlı uşaq olur.  Bu minvalla, indiyədək 6212 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib. Layihə meneceri İlahə  Rəsulovanın sözlərinə görə, 2020-2021-ci tədris ilindən daha 250 icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması nəzərdə tutulub.

 

Uşaqlar canavarı sevdi

 

Ölkə üzrə icmaəsaslı təhsil qruplarının yaradıldığı 33 bölgədən biri də Masallıdır.  Burada 19 icma mərkəzi üzrə 21 icmaəsaslı məktəbəqədər qrup fəaliyyət göstərir.  Bu ildən Mahmudavar kənd tam orta məktəbində 2,  Masallı şəhəri 4 nömrəli tam orta məktəbində 1 qrup fəaliyyətə başlayıb.

 

Mahmudavar kənd tam orta məktəbində təşkil edilən mərkəzdəyik. Qrupun təlimləri başlayıb. Uşaqlarla yanaşı, valideynlər də var. Dairəvi şəkildə oturan uşaqların başı tərbiyəçi müəllimlə nağıl müzakirəsinə qarışıb. Gülnur bu müzakirələrin ən fəal iştirakçısıdı. Bütün suallara, demək olar ki, o cavab verir. Nəvəsinə məşhur qırmızı papağı kim hədiyyə eləmişdi? Əlbəttə ki, nənəsi. Bəs, uşaqlar hansı qəhrəmanı sevdilər? Bəlkə inanmayacaqsınız, amma uşaqlar canavarı seviblər. Sonra hər kəs bildiyindən danışır. Əbdül şalvarını çəkə-çəkə şeir oxuyur: “Qaçma dayan, a dovşan, qaçma səni sevəyəm”.

 

 

Maraqlı, uşaqlardan çox böyüklər üçün əyləncəli keçən bu müzakirələrə qatılmayanlar da var. Məsələn, Səma. Heç danışmır. Qarşısına yığdığı rəngli kubiklərlə oynayır. Maraq göstərib ona qoşulan olsa da, o heç kimə fikir vermir. Otağın bir küncünə çəkilib özü üçün qurub-quraşdıranları da ətrafda baş verənlər maraqlandırmır.

 

Uşaqları kənardan izləyənlər də var,  uşaqlara qoşulub əylənənlər də. İcmaəsaslı təhsil qruplarının işində valideynlər də fəal iştirak edirlər.

 

 

 

Gülnurun babası Təvəkkül Ağayev deyir ki, kənddə bağça var: “Kəndimizin bağçasında 60-dan çox uşaq tərbiyə edilir. Ancaq bağça bizə uzaqdı. Həm də  burada uşaqlarla daha yaxşı məşğul olurlar”.

 

 

Məktəbin ailə üçün başqa üstünlükləri də var. Gülnuru məktəbə özündən böyük qardaşı gətirir. Bu da valideynlərin işini nisbətən yüngülləşdirir. Üstəlik, Gülnur məktəbi çox sevir: “O düşünür ki, hər gün məktəbə gəlir. Məktəbi çox sevir. Özü də çox ağıllıdır. Hər gün mənə məsləhətlər verir. “Maşını yavaş sür, adam vurarsan”, - deyir.

 

Mahmudavar kənd tam orta məktəbində bağça da olmasına baxmayaraq, tələbat o qədər böyükdür ki, 2 qrup açılıb. Hər qrupa 20 uşaq olmaqla, 40  uşağı əhatə edib. Bir qrup məktəbə səhər, digər qrup isə günorta gəlir.

 

 

Günorta qrupunun üzvü Cənnət, Həqiqət Əliyevanın dördüncü uşağıdır. Ana-bala məktəbəhazırlıq qrupuna gəlib 2 saat ərzində həm əylənir, həm də öyrənirlər: “Bura gəlmək uşağımdan çox özümün xoşuma gəlir. Təzə gələndə qapalı olan uşaqlar belə yavaş-yavaş yoldaşlarına isinişirlər”.

 

 

Həqiqət  xanım burda  uşaq tərbiyə etməyin əsasını öyrənib: “Mən uşaqlara çox cəza verirdim. Amma burada öyrəndim ki. Qışqırıb-bağırmaq, cəzalandırmaq yox, başa salmaq lazımdır. Başa salanda uşaq deyiləni daha yaxşı edir.

 

Uşağının əl işinə baxıb gözünə inanmadı

 

Ruqayyə, Həsən, Rəvan, Aysu, Aytən, Xədicə isə Masallı şəhər Sakit Tağıyev adına 4 nömrəli tam orta məktəbdə yaradılan icmaəsaslı təhsil mərkəzində fəaliyyət göstərən icmaəsaslı təhsil qrupunun üzvüdürlər.  Rəsm çəkməyi çox sevirlər. Qarşılarında su, boyalar və ağ kağızda qara cizgi ilə papaq şəkli var. Onların da bugünkü mövzusu “Qırmızıpapaq”dır. Ancaq rənglədikləri papaqlar arasında qırmızı olanın sayı azdır. Balaca barmaqlarını əvvəlcə suya, sonra rənglərə batırıb fərasətlə kağız üzərindəki papağın qara sərhədləri daxilində gəzdirirlər. Uşaqların bacarığına heyran qalmamaq mümkün deyil. Hətta övladının təlim zamanı çəkdiyi rəsmlərə, əl işlərinə baxıb gözünə inanmayan valideynlər belə olur. Qeyd edək ki, 3-4 yaşlı uşaqlar üçün ayrılan bu otağın divarlarını da elə onların öz əl işləri bəzəyir.

 

Uşaqların inkişaf dinamikasını izləmək məqsədi ilə onların hər addımına nəzarət edilir, çəkdiyi şəkillər belə təhlil olunur. Məsələn, uşaqlardan biri yanmış ağac çəkib. Bundan narahat olan mütəxəssislər məsələni araşdırıblar. Məlum olub ki, narahatlıq üçün əsas yoxdur. Uşaq həyətlərində olan yanmış ağacın şəklini çəkib. Valideynlər isə mərkəzə dəvət edilmə səbəbinin bu olmasına çox təəccübləniblər.

 

Əslində isə, təəccüblü heç nə yoxdu. Layihənin məqsədlərindən biri məhz uşaqların yaradıcı və fiziki inkişaf dinamikasını izləməkdi. Buna görə də uşaqların hər davranışına, hər təpkisinə burada həssaslıqla yanaşır, üstünlük verdikləri rənglərdən tutmuş, davranışlarına qədər hər detalı təhlil edirlər.

 

Həmidə Həsənova artıq bu həssas münasibəti hiss edib və nəticələrini də görməyə başlayıb. Oğlu Məhəmmədin rəsm çəkməyi çox sevdiyini deyir: “Məhəmməd qapalı və adaptasiya olunmayan uşaq olsa da, təlimlər ona çox kömək edib.  Əvvəlcə mənsiz dayanmırdı. İndi heç bir problem yaranmır. İmkan olanda gəlir, olmayanda gəlmirəm. O, sərbəst məşğul olur, hətta evə gedən kimi boyalar istəyir. Burda öyrəndiklərini evdə də davam etdirir”.

 

Özü də məktəbdə texniki işçi olan Həmidə xanım imkanı olanda tərbiyəçi müəllimə kömək edir. Uşaqlarla oyunların qurulmasında, onlara əl işləri öyrətməkdə tərbiyəçi müəllimə dəstək verir. Həmidə xanım uşaq tərbiyə edərkən buraxdığı səhvləri də görməyə başlayıb: “Heç vaxt uşaqla vaxt keçirməmişəm. Heç fərqində də olmamışam ki, uşaqla oynamaq lazım ola bilər. Cizgi filmi açıb baxmasını, oyuncaqlar töküb oynamasını istəmişəm. O istəyib, mən vermişəm və sonra işimin-gücümün dalınca getmişəm. Burada uşağımla keçirdiyim vaxtın ikimizə də necə yaxşı təsir etdiyinin şahidi olduqca, səhvimi anlayıram. Danışanda çətinlik çəkən oğlumun danışığı düzəlib. Bütün analara tövsiyə edirəm ki, uşaqları sıxmasınlar. Onlara hər şeyi məhdudlaşdırmasınlar. “Ona dəymə”, “Buna toxunma”, - deyərək uşaq tərbiyə olunmaz”.  

 

Layihənin nüfuzu çox böyükdür

 

Xatırladaq ki, icmaəsaslı məktəbəqədər təhsil qrupları məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə açılır. 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaqla yanaşı, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icmaəsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmağa xidmət edir.  Bu qruplarda dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında keçirilir. Proqramda uşaqların sosial emosional, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişaf dinamikası izlənilir.

 

Elə bu işin nəticəsidir ki, layihə fəaliyyətə başladığı ərazilərdə böyük nüfuz qazanıb. Layihə meneceri İlahə Rəsulovanın sözlərinə görə, oktyabrdan fəaliyyətə başlayan mərkəzlərdə belə ikinci qrupun açılması üçün müraciətlər edilir: “Ancaq biz çalışırıq ki, yeni açılan qrupların daha yaxşı fəaliyyətinə önəm verək. Əvvəlki illərdə yaradılan mərkəzlərdə ikinci qrupun açılmasına şərait yaratsaq da, yeni mərkəzlərdə ikinci qrupun açılmasını məqsədəuyğun saymırıq”.

 

İcmaəsaslı məktəbəqədər təhsil müəssisələrinə tələbat və maraq o qədər böyükdür ki, hətta uşaq bağçası olan kəndlərdə belə icmaəsaslı təhsil qruplarının açılması üçün müraciətlər edilir. İ.Rəsulovanın sözlərinə görə, belə müraciətlər bəzən çox böyük kəndlərdə nəzərə alınır. Hesab edilir ki, kənd böyük olduğundan mövcud olan bağça tələbatı ödəməyə bilir.

 

Bugünkü reallıq ondan ibarətdir ki, layihə, nəinki həyata keçirildiyi yerlərdə, hətta bütün ölkə ərazisində nüfuz qazanıb. Sorağını eşidənlər buradakı fəaliyyəti izlədikdən sonra layihənin uğuruna əmin olur. Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev layihənin müsbət nəticələr doğuracağına inananlardandır: “Layihəni təqdir edirəm. 3 yaşından yuxarı uşaqlar şeir deyir, şəkil boyayır. Bu, məktəbə hazırlıq üçün yaxşı mərhələdir. Dünyada qəbul olunan qaydalara görə, uşaqlar məktəbəqədər təhsil və tərbiyə ilə təmin olunmalıdırlar. Ölkəmizdə isə yaşayış məntəqələrinin 35  faizində uşaq bağçası yoxdur. Ona görə də məktəblərin bazasında bu boşluğu doldurmaq cəhdlərini yüksək qiymətləndirirəm”.

 

Təhsil eksperti Nadir İsrafilov da məktəbəqədər təhsil müəssisələri ilə bağlı ölkə ərazisində müşahidə olunan problemlərə diqqət çəkib. Onun fikrincə, bağça olmadığından bu işlər məcburən məktəblərdə həyata keçirilir və yaxşı da nəticələr var.

 

İlqar Orucov innovativ metodlarla azyaşlıların nəinki məktəbə hazırlanması, hətta azyaşlı uşaqların istedadlarının üzə çıxarılması istiqamətində aparılan işi müsbət qiymətləndirib. Onun fikrincə, məktəbəqədər hazırlıq istiqamətində Azərbaycanda müşahidə olunan problemləri nəzərə alanda bu layihə gələcəyə dair böyük ümidlər vəd edir. Onun fikrincə, ölkədə məktəbəqədər, orta təhsil səviyyəsi yüksəlir. Belə fikir yaranır ki, şagirdlərin öz potensialını ortaya qoyması üçün məktəb bütün imkanları yaradacaq.

 

Ruhiyyə DAŞSALAHLI