Təhsil sistemi yeni hədəflərə doğru
Məlumdur ki, müasir dövrdə davamlı inkişafın təməlində rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması durur. Bu prosesdə son illərdə ayrı-ayrı ölkələrdə inkişafın mühüm trendlərindən biri kimi yaradıcı sənaye və ya kreativ industriya (Creative industries) mühüm faktor rolunda çıxış edir. İqtisadiyyatın xüsusi sektoru kimi intellektual fəaliyyətə əsaslanan yaradıcı sənaye insan fəaliyyətində yeni texnologiyaların və kəşflərin yüksək rolu, mövcud biliklərin böyük həcmi və yeni biliklərin generasiyasına kəskin ehtiyacın olması ilə xarakterizə olunur. İntellektual mülkiyyətin istehsalı və istismarı yolu ilə əlavə dəyər və iş yerlərinin yaradılması potensialını özündə cəmləşdirən yaradıcı sənaye bacarıq və istedadın əsasını təşkil edən fəaliyyət kimi çıxış edir. Bu baxımdan, ölkəmizin elmi-texnoloji və sosial-iqtisadi inkişafı yolunda kreativ sənaye sektorunun formalaşmasının vacibliyi danılmazdır. Bu sektorun əhəmiyyətini ondan görmək olar ki, proqnozlara görə, yaxın 10 il ərzində kreativ industriya ümumdaxili məhsulun həcmini 4 dəfə artıra bilər.
Bu prosesdə təhsil sisteminin üzərinə hansı vəzifələr düşür? Təhsil sahəsi ölkəmizdə yaradıcı sənayenin inkişafına nə kimi töhfələr verə bilər?
Bütün bu sualların cavabını dekabrın 9-da Bakı Konqres Mərkəzində keçirilən “Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda keçirilən panel müzakirədə almaq mümkün oldu. Tədbir həm mövzunun aktuallığı, həm də ölkəmizin davamlı inkişafında töhfələri olan təhsil, mədəniyyət, iqtisadiyyat, nəqliyyat, rabitə və yüksək texnologiyalar, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin rəhbər şəxslərinin, bir sıra dövlət qurumlarının, biznes sektorun iştirakı ilə diqqəti cəlb edirdi.
Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək belə bir toplantının keçirilməsini tarixi hadisə kimi qiymətləndirdi. İlk dəfə olaraq əlaqədar qurumlar dünya düzənində yeni trend olan sənaye iqtisadiyyatı kontekstində ölkənin inkişafı üçün gələcək hədəfləri müzakirə etdilər. Ə.Qarayev vurğulayıb ki, ölkəmizdə yaradıcı sənayelərin milli iqtisadiyyatda vacib rola malik olduğunu və perspektiv imkanlar açdığını nəzərə alaraq, bu sənaye sahələrinin inkişafı və yaradıcılıq proseslərinin iqtisadi və sosial təsirlərinin artırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə müxtəlif layihələr həyata keçirilir.
Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə “Yaradıcı sənayelər: qlobal trendlər və yerli imkanlar” mövzusunda çıxış edib.
Daha sonra “Kreativ Azərbaycan” portalının təqdimatı olub. Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov bildirib ki, “Kreativ Azərbaycan” portalı Mədəniyyət Nazirliyi tərəfindən sahəvi inkişaf proseslərinə dair aktiv təbliğat və maarifləndirmə işlərinin aparılması üçün yaradılıb. Qeyd edib ki, portalın yaradılmasında məqsəd həmçinin Azərbaycanın yaradıcı məhsullarının “Kreativ Azərbaycan” brendi altında təşviqidir.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov müasir dövrdə yaradıcı sənayelər anlayışı, onun mahiyyəti, ölkənin inkişafında mühüm rolu, mədəni sənayelər və kreativ sənayelər arasında fərq, ölkəmizdə innovasiyaların inkişafı barədə fikirlərini bölüşüb. O, çıxışında “kreativlik”, “kreativ konseptlər” anlayışlarının mahiyyətinə toxunaraq dünyada kreativ iqtisadiyyatların inkişaf tempindən və Azərbaycanın bu kontekstdə mövqeyindən danışıb.
Təqdimat mərasiminin ardından müvafiq dövlət qurumlarının rəhbərləri və eləcə də kreativ sektorun təmsilçiləri olan ekspertlərin iştirakı ilə “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel sessiyası keçirilib.
Tədbirin mövzusu və eləcə də panel müzakirələrdə səsləndirilən fikirlər həm də təhsil sahəsi üçün aktual və həyatidir. Yaradıcı inkişafın formalaşması üçün insanlarda kritik düşüncə vacibdir və yaşadığımız dövrdə daha çox zəruri olan bu keyfiyyət əsasən təhsil sahəsində formalaşır. Təhsil sistemində yaradıcı təfəkkürün daha yaxşı şəkildə özünü göstərə bilməsi üçün hansı imkanlar var? Azərbaycanda bu sahədə perspektivlər necədir?
Təhsil naziri Ceyhun Bayramov panel müzakirəsində bu suallara aydınlıq gətirməklə yaradıcı düşüncənin formalaşmasına təhsil sisteminin verdiyi töhfələrdən bəhs etdi.
Təhsil sistemi qarşısında duran ən ümdə məsələ
Ceyhun Bayramov hesab edir ki, yaradıcı sənayedən, beynəlxalq səviyyədə isə mədəni və yaradıcı industriyadan danışırıqsa, təbii ki, onun əsasında kreativ düşüncə tərzi durmalıdır. “Düşünürəm ki, kreativ düşüncənin formalaşdırılması hər bir təhsil sistemi qarşısında duran ən ümdə, vacib məsələlərdən biridir. Əsas məqam ondan ibarətdir ki, yaradıcı təfəkkür, düşüncənin formalaşması təkcə ayrı-ayrı fənlərin deyil, ümumilikdə bütün təlim-tərbiyə prosesinin əsasını, onun bazasını təşkil edir”. Təhsil naziri qeyd edib ki, yaradıcı industriyadan danışanda təhsil sistemi qarşısında duran vəzifələr birinci növbədə kompetensiyalarla bağlıdır. Aşağı yaş qrupunda olan şagirdlərdə kreativ tənqidi təfəkkürün formalaşmasını olduqca vacib bir amil kimi dəyərləndirən Ceyhun Bayramov bu sahədə Təhsil Nazirliyi tərəfindən atılan addımlardan danışıb. Nazir xüsusən də son dövrlərdə dünya təhsilində geniş tətbiqini tapmış STEAM yanaşmanın ölkəmizin ümumtəhsil məktəblərində uğurla həyata keçirilməsini qeyd edib. “Biz xüsusi olaraq STEAM yanaşmadan danışmalıyıq. Bu sistemdə elm, texnologiyalar, mühəndislik, incəsənət, riyaziyyat eyni zamanda tətbiq edilməklə ayrı-ayrı fənlər vasitəsilə deyil, ümumilikdə layihələr vasitəsilə kompetensiyaların yaradılmasını formalaşdırır”. C.Bayramov qeyd edib ki, ötən il Təhsil Nazirliyi STEAM yanaşmanın məktəblərimizdə tətbiqinə dair hazırlıq işlərinə start verib və cari ilin sentyabrından başlayaraq ilk olaraq 42 məktəbdə 6500 şagirdi əhatə edən bu layihə tətbiq olunmaqdadır. Paralel olaraq layihənin genişləndirilməsi istiqamətində də işlər aparılır. Ölkənin müxtəlif bölgələrini təmsil edən müəllimlər İsraildə təlim keçiblər. Növbəti mərhələdə STEAM yanaşması üzrə əlavə modul tətbiq olunacaq. Növbəti tədris ilindən 10 bölgənin layihəyə qoşulması ilə şagird sayının 20 minə çatdırılması hədəf seçilib. Layihə çərçivəsində, o cümlədən hər zaman təhsilə diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun dəstəyi ilə məktəblərə layihənin tərkib hissəsi olan 3 ölçülü printerlər paylanılıb.
Ali təhsil müəssisələrinə qəbul yeni təsnifat əsasında aparılacaq
Bizim məzunlar qlobal əmək bazarında rəqabətə tab gətirə biləcəklərmi?
Təhsil naziri Ceyhun Bayramov panel müzakirəsində mütəxəssis hazırlığı və məzunların məşğulluq imkanları ilə bağlı məsələlərə də toxunub, bu sahədə yeniliklərdən danışıb.
Ceyhun Bayramov qeyd edib ki, müasir dünyada peşələr və ixtisaslar sürətlə dəyişir. Bunu nəzərə alaraq müəyyən vaxtdan bir yeni ixtisasların təsnifatına yenidən baxılır, yeni ixtisaslar təsdiq olunur. 2019-cu ilin fevral ayında ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə, o cümlədən YUNESKO tərəfindən qəbul edilmiş təsnifata uyğun, yeni ixtisaslar təsdiq edilib. “Hazırda ali təhsil müəssisələrimiz bu istiqamətlərdə tədris proqramlarını yeniləyirlər. Növbəti tədris ilindən etibarən ali təhsil müəssisələrinə qəbul artıq yeni təsnifat əsasında aparılacaq”.
Təhsil naziri bildirib ki, burada çox vacib bir məsələni qeyd etmək lazımdır: “Təhsil Nazirliyi olaraq biz ali təhsil müəssisələrinin məzunlarının işlə təmin olunması əmsalını hər zaman ölçürük, onların əmək müqavilələrinin imzalanmasına, statistikasına baxırıq. Maraqlı statistika ondan ibarətdir ki, yaradıcı sahələr üzrə ali təhsil müəssisələrini bitirənlərin kifayət qədər çoxu- 70 faizə yaxını qısa müddət ərzində əmək fəaliyyətinə daxil olurlar”. Təhsil naziri əlavə edib ki, yaradıcı təfəkkürün formalaşdırılması, bu sahədə peşəkarlığın artırılması ilə yanaşı, ənənəvi olaraq beynəlxalq səviyyədə qəbul olunan trend ondan ibarətdir ki, yaradıcı istiqamətlər üzrə özünəməşğulluq faizi olduqca yüksəkdir. Müxtəlif ölkələrdə bu, ortalama 30-60 faiz arasında dəyişir. “Düşünürəm ki, Azərbaycanda xüsusi olaraq diqqət yetirilməsi vacib olan istiqamətlər, o cümlədən sahibkarlıq, biznes etikası ilə bağlı kompetensiyaların tələbələrdə formalaşdırılması vacibdir ki, onlar gələcəkdə iş axtaran deyil, iş yeri yaradan insanlar olsunlar. Kreativ düşüncəli insanlar məhz bu istiqamətə yönəldilməlidir. Düşünürəm ki, biz cəmiyyət olaraq bundan xeyli faydalana bilərik”.
Təhsil naziri diqqətə çatdırıb ki, bu sahədə həm ali təhsil, həm də peşə təhsili müəssisələrimiz çox fəal olmalıdırlar. “Bu istiqamətdə, o cümlədən yaşlı insanların təhsili məsələsi ilə bağlı bir sıra təşəbbüslər var. Yəni, bu unikal bir imkandır ki, təhsili olmayan insanlar qısamüddətli kurslar vasitəsilə əmək bazarına daxil ola bilərlər”.
Ceyhun Bayramov çıxışında yaradıcı potensialın inkişaf etdirilməsi sahəsində mühüm əhəmiyyət daşıyan “Rəqəmsal bacarıqlar” layihəsinin məktəblərdə uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Beləliklə də tədbirin ümumi nəticələri kontekstindən çıxış edərək qeyd edə bilərik ki, bir sıra inkişaf etməkdə olan ölkələrə xas kreativ sənaye və onun əsasını təşkil edən prinsiplər Azərbaycan təhsil sisteminə də xasdır. Məhz təhsil sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, kreativ düşüncənin inkişafına yol açan maarifləndirmə işləri bizi kreativ Azərbaycan naminə əməli fəaliyyətə səfərbər edir. Azərbaycanı daha kreativ görmək hər birimizin arzusu və hədəfi olmalıdır.
Oruc MUSTAFAYEV