Bilik Fondunun təşkilatçılığı ilə III Beynəlxalq şagird konfransı keçirilib
Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda” mövzusunda III Beynəlxalq şagird konfransı öz işinə başlayıb. Konfransa ölkəmizin 26 bölgəsindən 80, Türkiyə, Rusiya, Gürcüstan, Misir və İsraildən 21 məktəbli olmaqla ümumilikdə 101 şagird qatılıb.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov konfransın plenar iclasında çıxış edərək mötəbər tədbirdə iştirak etdiklərinə görə məktəblilərə minnətdarlığını bildirib. O, Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında imzaladığı sərəncamala bu il ölkəmizdə Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə yanaşı, həm də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün qeyd olunduğunu diqqətə çatdırıb. Çıxışında ümummilli lider Heydər Əliyevin ölkəmizdə gənc nəslin inkişafındakı xidmətlərindən danışan O.Səmədov ulu öndərin məktəblilərə qayğısından və sevgisindən söhbət açıb.
Bilik Fondunun ölkəmizdə təhsil sahəsində həyata keçirdiyi layihələr barədə geniş məlumat verən Oktay Səmədov konfransa qatılan xarici ölkələrin məktəblilərinə Bakını daha yaxından tanımağa, azərbaycanlı yaşıdları ilə dostluq münasibətləri qurmağa şərait yaradılacağını vurğulayaraq onlara elm yolunda mətin addımlarla irəliləməyi arzulayıb.
Plenar iclasda Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Afət Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Namiq Ağayev, Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami Elaydi çıxış edərək III Beynəlxalq şagird konfransının işinə uğurlar arzulayıblar.
Sonra Türkiyə, Gürcüstan və Rusiyadan olan məktəblilər çıxış edərək bu cür tədbirə qatılmaqdan sevinc hissi keçirdiklərini bildirib, təşkilatçılara minnətdarlıq ediblər.
Çıxışlardan sonra Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Türkiyənin Bandırma Yavuz Sultan Səlim Anadolu liseyinin və Rusiyanın Mıtışı şəhər 31 nömrəli orta ümumtəhsil məktəbinin şagirdləri arasında "Qardaşlaşma sazişi" imzalanıb.
Daha sonra konfrans öz işini “Heydər Əliyev və azərbaycançılıq”, “Azərbaycan dili və ədəbiyyat”, “Azərbaycan mədəniyyəti və incəsənəti”, “Azərbaycan tarixi və coğrafiyası”, “Azərbaycanı tanıyaq” mövzularında bölmələr üzrə davam etdirib. Bölmə iclaslarında şagirdlərin Azərbaycan, türk, rus və ingilis dillərində məruzələri dinlənilib.
Oruc MUSTAFAYEV