Batut üzrə fərdi proqramda 11-12 yaşlı gimnastlar arasında ölkəmizi Yaponiyada təmsil edən Maqsud Maqsudov yarışlarda qızıl medala layiq  görülüb.

    

Dörd gün davam edən yarışlara yekun vuran komandamızın baş məşqçisi Mixail Şulikin deyib ki, ümumi nətiçə çox sevindiricidir: “Yarışlara çox az sayda idmançı ilə qatılmağımıza baxmayaraq, iki qızıl, bir gümüş medal qazandıq. Bundan əlavə, Selcan Maqsudova da dördüncü nəticə göstərdi. Mən deyərdim ki, bu, çox böyük qələbədir. Nəzərə alsaq ki, yarışlara daha böyük ölkələr çoxsaylı idmançı ilə qatılmışdılar, nəticənin nə qədər uğurlu olduğu aydın görünər. Mən hamıya, ilk növbədə, idmançılarımıza, məşqçilərimizə minnətdarlığımı bildirmək istəyirəm. Xüsusi minnətdarlığımı Federasiyanın sədri Mehriban Əliyevaya bildirirəm. Bu uğur məhz ölkədə idmana, uşaqlara göstərilən böyük diqqətin və qayğının nəticəsidir. Maqsudun qələbəsini xüsusi qeyd etmək istəyirəm. Çünki bu qələbə Olimpiya Oyunlarına daxil olan idman növü üzrə qazanılıb”.

   

İlk qələbəsi ilə bağlı keçirdiyi hissləri bölüşən Maqsud Maqsudov  bu qələbəyə çox sevindiyini bildirib. “Bu sevincimi, həm Federasiyamızın rəhbərliyi, həm də məsqçilərimizlə bölüşürəm. Çəkdikləri zəhmətə görə onlara xüsusi minnətdarlığımı bildirirəm. Fəxr edirəm ki, bu gün bu möhtəşəm yarışda bayrağımızı qaldırdım, himnimizi səsləndirdim. Çalışacağam ki, qarşıdan gələn yarışlarda da yüksək nəticələr əldə edim”.

    

İdmançımızın şərəfinə “Tokio-2020” Yay Olimpiya Oyunları üçün inşa edilmiş Ariake İdman Sarayında Azərbaycanın dövlət himni səslənib, bayrağımız dalğalanıb.

  

Sifai SƏFƏROVA