Lənkəran rayonunda klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar  ağacəkmə kampaniyası start götürüb. Bununla əlaqədar rayonda öncədən qərargah yaradılıb, tədbirlər planı təsdiq edilib və ağac əkiləcək yerlər müəyyənləşdirilib. Şəhərin Heydər Əliyev prospektində Xəzər dənizi sahili boyunca və Bakı-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində müxtəlif növ həmişəyaşıl ağacların əkilməsi planlaşdırılıb. Ağacların əkiləcəyi ərazilərdə hamarlama işləri aparılıb, çalalar qazılıb, arxlar çəkilib və sahələr ağacəkiminə  tam hazırlanıb.

 

Aksiyada Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələri də iştirak edib. Ümumilikdə 500 nəfərdən çox sakinin iştirakı ilə keçirilən tədbir çərçivəsində şəhərin ayrı-ayrı ərazilərində bir gündə 2 min müxtəlif növ ağac əkilib. Bu təşəbbüs, həm də ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından müsbət qiymətləndirilir. Çünki aksiya yaşıllıq  zolaqlarının salınmasına, atmosferin təmizlənməsinə xidmət edir.