Əliəşrəf Asif oğlu Qafarov 17 iyul 2009-cu ildə Bakı şəhərində dünyaya göz açıb. 2015-ci ildə Sabunçu rayonu Maştağa qəsəbəsindəki Cavid Nurməmmədov adına 108 nömrəli orta məktəbin birinci sinfinə daxil olan Əliəşrəf uşaq yaşlarından idmana böyük həvəs göstərib. Ailəsi onun idmana marağını görüb evdə məşğul olmaq üçün hər cür şərait yaradıb. 2016-cı ildən isə o, Maştağa Olimpiya İdman Kompleksində karate müəllimi, məşqçi, üçqat dünya, altıqat Avropa çempionu, İslam oyunlarının, Avropa oyunlarının mükafatçısı, 3-cü dan qara kəmər ustası, “Tərəqqi” medallı Niyazi Əliyevin rəhbərliyi ilə məşqlərə başlayıb.

 

Əliəşrəf bizimlə söhbət zamanı bildirdi ki, atıq 3 ildir məşq edir və bu illər ərzində bir çox nailiyyətləri olub. Bu uğurları əldə etmək üçün hər gün əzmlə çalışıb, məşqçinin verdiyi bütün tapşırıqları səylə yerinə yetrib. İlk diplom və medalı 2017-ci ildə Ramazan bayramına həsr olunmuş karate üzrə klublararası turnirdə alıb. İndiyədək müxtəlif yarışlarda 36 medal qazanıb. Dəfələrlə beynəlxalq yarışlarda iştirak edib, IX “Baku Open” beynəlxalq karate turnirində 1-ci və 2-ci, X “Baku Open” beynəlxalq karate turnirində isə 1-ci və 3-cü yerləri tutub. Gürcüstanda keçirilən “Tbilisi Grand Prix” yarışında 2 erməni idmançıya bir xal belə vermədən qalib gələrək 3-cü yerə layiq görülüb. Tbilisi şəhərində keçirilən digər bir turnirdə “Open Georgia” beynəlxalq karate turnirində də 3-cü yeri tutub. 2019-cu il 27-29 sentyabr tarixlərində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş “Olimpiya ümidləri” ənənəvi beynəlxalq karate turnirində 1-ci yeri tutub, əlavə olaraq Gənclər və İdman Nazirliyi tərəfindən döyüşlərdə fəal iştirak etdiyinə görə fəxri fərmanla təltif edilib.  Üç il ərzində karatedə daim yüksək nailiyyətlər əldə etdiyinə görə noyabrın 10-da Milli Qəhrəman, şəhid Şikar Şikarovun xatirəsinə həsr olunmuş 24-cü respublika çempionatında Abşeron rayon Gənclər və İdman İdarəsi tərəfindən “Çempionlar çempionu” adına layiq görülüb.

 

Ə.Qafarov dəfələrlə respublika və beynəlxalq karate yarışlarında iştirak edib, yüksək yerlər tutaraq diplom və medallar qazanıb. Ötən ayın 20-22-də İran İslam Respublikasında keçirilən Beynəlxalq Şotokan Tenşinkan Karate kubokunda 10-11 yaşlılar arasında 30 kq çəkidə Əliəşrəf 4 döyüşdə iştirak edib, 2 erməni rəqibinə qalib gələrək II yerə layiq görülüb.

 

Hazırda məktəbimizin 5b sinfində təhsil alan  Əliəşrəf Qafarov qeyd etdi ki, bütün nailiyyətlərimə görə mənə inanan, mənə daim dəstək olan ailəmə, bundan əlavə məşqçim Niyazi Əliyevə, nəhayət, doğma məktəb kollektivimə minnətdaram. Hər dəfə birinci yer tutduğumda və fəxri kürsüyə çıxdıqda çəkdiyim zəhmətin hədər getmədiyini görür və qürur duyuram. Bu hiss məni daha da səylə öz üzərimdə işləməyə, yeni nailiyyətlər qazanmağa sövq edir.

 

Əliəşrəfin məşqçisi Niyazi Əliyev bu gün Azərbaycanda idmana böyük qayğı göstərildiyini bildirdi. Bu qayğının nəticəsidir ki, idmançılarımız müxtəlif  beynəlxalq yarışlarda iştirak edir, uğurlar qazanırlar. Yetirməsinin uğurlarına sevinən karate ustası onun gələcəkdə güclü idmançı kimi yetişəcəyinə,  ölkəmizi  beynəlxalq yarışlarda layiqincə təmsil edəcəyinə inandığını bildirdi.

 

Ən böyük arzusunun dünya çempionu tituluna yiyələnmək olduğunu dilə gətirən Ə.Qafarov təhsilini də uğurla davam etdirir, dərslərinə hazırlaşmağı da yaddan çıxarmır. Gənc idmançıya gələcək həyatında, təhsildə və yarışlarda daha böyük uğurlar arzulayırıq.

 

Samirə DADAŞOVA,

Bakıdakı Cavid Nurməmmədov adına 108 nömrəli tamorta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi