Rəhim Məmmədli: “Məqsədim proqramlaşdırma üzrə dünya finalına qatılmaqdır”
Həyatda hər kəsin uğuru öz əlindədir. Yüksək hədəflərə gedən yolda uğur insandan istedad, yaradıcı enerji və fədakarlıq tələb edir. Bir çox hallarda bu yol öz başlanğıcını məktəbdən götürür. Rəhim Məmmədlinin də uğurları məktəbdən başlayıb. Hazırda Kanadada təhsil alan Rəhim bir azərbaycanlı gənc olaraq Şimal-Qərbi Sakit okean regionu üzrə keçirilən proqramlaşdırma yarışında Stanford, Kaliforniya Berkli, Vaşinqton kimi nüfuzlu universitetlərindən olan bir çox həmyaşıdlarına qalib gələrək öz istedad və bacarığını göstərə bilib. R.Məmmədlinin üzvü olduğu UBC komandası yarışmada 2-ci yerin qalibi olub.
Tanıtım: 1998-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə imtahan verərək Bakı Atatürk Liseyinə qəbul olub. Məktəb illərində bir sıra fənn olimpiadalarında müvəffəqiyyətlə iştirak edib. “Kimya”, “Azərbaycan dili”, “Riyaziyyat” fənləri üzrə olimpiadanın rayon və şəhər turlarında fərqlənib. XI sinifdə müstəqil surətdə hazırlaşdığı IELTS imtahanından müvəffəqiyyətlə keçərək 7.5 bal toplayıb. Liseyi qızıl medalla bitirib. Ali məktəblərə qəbul imtahanında 695 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olub. Prezident təqaüdünə layiq görülüb.
BANM-da bir il oxuduqdan sonra Kanadanın Britaniya Kolumbiyası Universitetinə (UBC) qəbul olub. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Kanadanın “University British Columbia” ali məktəbində “Kompüter elmləri” ixtisası üzrə bakalavr təhsili alır.
- Orta məktəbdə daha çox hansı fənlərə maraq göstərirdiniz? İlk məktəb illərinizdə hansı uğurlarınız olub?
- Orta məktəbdə bütün fənləri yaxşı oxuyurdum. Dərsləri qavramaqda çətinlik çəkmirdim. Test nəticələrim adətən çox yüksək olurdu. Ən çox sevdiyim fənlər isə riyaziyyat, kimya, fizika idi.
- Uşaqlıqda daha çox hansı peşəni hədəf seçmişdiniz? Gələcəklə bağlı hansı planlar qururdunuz?
- Hələ orta məktəbə getməmişdən riyazi əməlləri beynimdə hesablayırdım. Məktəb illərində riyaziyyatın öhdəsindən asanlıqla gəlirdim. Mən 7-ci sinifdə oxuyanda evimizə kompüter alındı. Tezliklə kompüterə çox aludə oldum. Bundan sonra ağlımda gələcəkdə kompüter mühəndisi olmaq fikri yarandı.
- Sizcə, bilik sahəsində zirvəyə çatmaq üçün insandan nələr tələb olunur?
- Məncə, biliyə yiyələnmək üçün müəyyən qədər zəhmət çəkmək lazımdır. Önəmlisi budur ki, əldə olunan bilik, bacarıq sevdiyin bir sahəyə aiddirsə, bu, əziyyətli zəhmətdən çox, marağa çevrilir.
- İstedadlı gənclərin təhsil həyatında Dövlət Proqramının əhəmiyyətini necə qiymətləndirirsiniz? Bütün uğurlarınızda sizə dəstək olmuş kimlərin rolunu qeyd edərdiniz?
- Dövlət Proqramı mənə xarici ölkədə təhsil almaq imkanı verdi. Bunun üçün mən Azərbaycan dövlətinə və Təhsil Nazirliyinə çox minnətdaram. Bu gün burada təhsil almağım tək mənim zəhmətim deyil, həm də birinci sinifdən on birinci sinfə kimi mənə dərs demiş bütün müəllimlərimin zəhmətinin nəticəsidir. Xaricdə təhsil alarkən müxtəlif çətinliklərlə qarşılaşıram. Bu çətinliklərin öhdəsindən gəlməkdə hər zaman Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin əməkdaşları, xüsusilə Nərmin xanım, Elçin müəllim mənə kömək və dəstək oldular.
- Universitet və tələbə həyatınız barədə danışardınız...
- Universitet özü çox böyükdür və maraqlıdır. Ali məktəbdə 60 minə yaxın tələbə təhsil alır. Bundan başqa, universitetdə 100-dən çox tələbə klubu var. Ali məktəbin ərazisi 400 hektardan çoxdur.
Universitetdə asudə vaxtlarımda idmanla məşğul oluram. Trenajora getməyi, basketbol və tennis oynamağı sevirəm. Bundan əlavə, dostlarımla vaxt keçirməyi çox xoşlayıram.
İndiyə kimi xeyli müəllimlə qarşılaşmışam. Heç vaxt elə olmayıb ki, götürdüyüm iki müxtəlif dərsi eyni müəllim keçsin. Hər cür müəllim var. Hər müəllimin xasiyyəti fərqlidir.
- Azərbaycanlı tələbə özünü Kanadanın nüfuzlu universitetində necə hiss edir?
- Ara-sıra məişətlə bağlı müəyyən çətinliklər yaşayıram. Yemək bişirməyi çox yaxşı bacarmamağım ya əlavə pul xərcləməyimə, ya da çox vaxt itirməyimə səbəb olur.
- Ali məktəbdə tələbələrin elmi tədqiqatlara cəlb olunması nə səviyyədədir və sizi elmi tədqiqatlar maraqlandırırmı?
- Kompüter elmləri sahəsində elmi tədqiqatların digər elm sahələrinə nisbətən daha geniş yayıldığını deyə bilərəm. Müəllimlər dərslərdə yaxşı nəticə göstərən tələbələrlə maraqlanır, onları elmi tədqiqatla məşğul olmağa cəlb etməyə çalışırlar. Mən də bu elmi tədqiqatlarla yeni maraqlanmağa başlamışam. Mümkün olarsa, mən də bu sahədə bir iş görmək istəyərdim.
- Sizin komanda bu yaxınlarda proqramlaşdırma yarışında 2-ci yeri tutub. Bu müsabiqə barədə danışa bilərdiniz?
- Müsabiqənin adı “ICPC - International Collegiate Programming Contest” - Beynəlxalq Universitet Proqramlasdırma Yarışıdır. Bu müsabiqənin bir neçə mərhələsi olur. Birinci mərhələ universitetdaxili, fərdi mərhələdir, ikincisi isə region mərhələsidir. UBC universiteti Pacific Nothwest - Şimal-Qərbi Pacific regionuna aiddir. Stanford, Kaliforniya Berkli, Vaşinqton universitetləri də həmçinin bu regiona aiddir. Mənim üzvü olduğum komanda region mərhələsində Stanford, Berkli və Vaşinqton universitetlerinin bütün komandalarını məğlub edərək 2-ci yerə çıxdı.
- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
- Hələ ki, məqsədim daha çox məşq etmək və hazırlaşıb gələn il bu yarışda 1-ci yeri qazanmaq və proqramlaşdırma üzrə dünya finalına qatılmaqdır.
Oruc MUSTAFAYEV