Bakıdakı Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş “Danışan ilmələr” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin əməkdaşları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Öncə tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra qonaqları salamlayan məktəbin direktoru Zemfira Məsiyeva tədbir haqqında məlumat verib.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva görkəmli alim Mir Cəlal Paşayevin Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıb. M.Vəliyeva qeyd edib ki, görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayev sözün əsl mənasında Azərbaycanın ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan böyük bir şəxsiyyətdir.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov tədbirin tərbiyəvi əhəmiyyətindən danışıb. Belə bir tədbirin paytaxtın digər məktəblərində də keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanında “İtə ataram, yada satmaram” adlı hissənin şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyası nümayiş olunub. Həmçinin Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr olunan videoçarx göstərilib.
Şakir CƏFƏROV