Azərbaycanlı məktəblilərin növbəti olimpiada uğuru
Azərbaycanlı məktəblilər beynəlxalq olimpiada tariximizə növbəti töhfələrini veriblər. Belarusun Minsk şəhərində 23-28 aprel tarixlərində keçirilən 52-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında (52nd International Mendeleev Chemistry Olympiad) iştirak edən şagirdlərimiz daha bir uğura imza atıblar. Dünyanın 22 ölkəsindən 135 məktəblinin qatıldığı bilik yarışmasında Bakıdakı 160 nömrəli Klassik gimnaziyanın XI sinif şagirdi Nəriman Mirişov və Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin XI sinif şagirdi Turan Məmmədli yüksək nəticə göstərərək gümüş medallara layiq görülüblər. Sayca 52-ci beynəlxalq olimpiada Belarus Təhsil Nazirliyi, Belarus Dövlət Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin təşkilatçılığı ilə baş tutub.
Belarus, Bolqarıstan, Rusiya, Türkiyə, Macarıstan, Latviya, Litva, Gürcüstan, Ukrayna, Qazaxıstan, İsrail, Nigeriya və s. kimi ölkələrin məktəbliləri arasında keçirilən bilik yarışmasında Azərbaycan 5 nəfərdən ibarət komanda ilə təmsil olunub. Aprelin 28-də Təşkilat komitəsi olimpiadanın nəticələrini açıqlayıb. Azərbaycan bilik yarışında 22 ölkə arasında 8-ci yeri tutub. Qeyd edək ki, Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləri olan şagirdlərimiz tədris ili boyunca bu olimpiadalara ciddi hazırlaşıb, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında həm nəzəri, həm də praktiki hazırlıq dərslərinə qatılıblar.
Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesini təkmilləşdirməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində hazırlıq prosesinə cəlb edilib.
Qeyd edək ki, Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibləri qəbul imtahanı vermədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetində ödənişsiz oxuma hüququ qazanırlar. Biz də öz növbəmizdə, elm naminə Azərbaycan üçün dünya ilə yarışan şagirdlərimizi təbrik edir və növbəti olimpiadalarda onlara daha yüksək zirvələr arzulayırıq.
Qaliblərlə daha yaxından tanış olaq.
“Növbəti olimpiadada da ölkəmi layiqincə təmsil etmək istəyirəm”
Turan Məmmədli: - 2000-ci il yanvarın 14-də Xızı rayonunun Giləzi kəndində ziyalı ailəsində anadan olub. 2007-ci ildə Giləzi kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2008-ci ildən 2013-cü ilə qədər təhsilini Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Vüqar Mürsəlov adına 1 nömrəli orta məktəbdə davam etdirib. 2014-cü ildə “İstək” liseyinin keçirdiyi qəbul imtahanında yüksək nəticə göstərərək liseyə qəbul olunub. 2015-ci ildə respublika fənn olimpiadasında qızıl, 2016-cı ildə gümüş, 2017-ci ildə isə qızıl medal qazanıb. Ötən il Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında bürünc medala layiq görülüb.
- Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək Azərbaycan komandasına seçimlər yarışdan 40 gün əvvəl keçirildi. Seçimlərdən sonra Rusiyadan dəvət olunmuş müəllimlər bizə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında 40 günlük intensiv dərs keçdilər. Mən bu olimpiadada dünyanın fərqli 22 ölkəsindən olan şagirdlərlə yarışmaqdan əlavə informasiya mübadiləsi aparıb öz ölkəm haqqında onlara geniş məlumat verdim. Mən çox sevinirəm ki, bu olimpiadada gümüş medal qazanaraq ölkəmin bayrağını xarici arenada dalğalandıra bildim. Bundan sonra isə Çexiya və Slovakiyanın birgə ev sahibliyi edəcəyi növbəti, 50-ci Beynəlxalq Kimya Olimpiadasında da ölkəmi layiqincə təmsil etmək istəyirəm.
“Dünya olimpiadasına hazırlaşırıq”
Nəriman Mirişov: - 2000-ci ildə Bakıda anadan olub. 2007-ci ildə 160 nömrəli Klassik gimnaziyanın I sinfinə gedib. Hazırda bu məktəbin XI sinif şagirdidir. Məktəbin əlaçı şagirdlərindəndir. Təbiət elmlərinə daha böyük maraq göstərdiyindən təbiət elmləri təmayüllu sinifdə təhsil alır. 2015-2016-cı və 2016-2017-ci tədris illərində kimya fənn olimpiadalarının məktəb turunda I yeri qazanıb. 2016-cı ildə kimya fənni üzrə respublika fənn olimpiadasında I yerə layiq görülüb. 2016-cı ildə kimya üzrə Azərbaycan yığma komandası tərkibində Moskvada keçirilən Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında iştirak edib. Eləcə də Tbilisidə keçirilən Beynəlxalq Kimya Olimpiadasında III yerə layiq görülüb.
- 52-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu olimpiadadan gözlədiyim medalı alıb ölkəmi elm səhnəsində təmsil edə bildim. Məlumdur ki, fənn olimpiadaları arasında Beynəlxalq Mendeleyev Kimya Olimpiadası xüsusi yer tutur. Olimpiada 3 turdan ibarət olur: iki nəzəri və bir təcrübi. Qarşıdan kimya üzrə Dünya Olimpiadası gəlir. Artıq bu olimpiadaya hazırlıqlar başlayıb.
Oruc MUSTAFAYEV