Şəkidə “İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Şərqşünaslıq, Elm Tarixi institutları və Şəki Şəhər İcra Hakimiyyəti olub.
Əvvəlcə Şəki Dövlət Regional Kollecin müəllim və tələbələrinin Nəsiminin şeirləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında bildirib ki, sovet dönəmində Nəsimini islam dininin əleyhidarı adlandırırdılar. Əslində isə o, dini elmin, maarifin inkişafına yol açmağa çağırır, xurafata və cəhalətə qarşı çıxış edirdi:”O, dində islahatlar tərəfdarı idi. Dində islahatlar keçirmək təşəbbüsü Avropaya nisbətən Şərqdə daha tez başlamışdı. Sadəcə orta əsrlər Şərqində islahat ideyaları baş tutmadı. Avropada isə Lüterçilik, Münserçilik, Kalvinizm inkişafa geniş şərait yaratdı.
Daha sonra konfransda türkiyəli alimlər - Türk Tarix Qurumunun sədri, professor Rəfiq Turan “Mədəniyyətdə böhran, ayaqda qalan şəxsiyyətlər və İmadəddin Nəsimi”, Qazi Universitetinin professoru Selma Yel “Azərbaycan-Türkiyə ortaq türk mədəniyyəti və İmadəddin Nəsimi”, Hacı Bayramvəli Universitetinin professoru Fatma Turan “Nəsiminin şeirlərində Həzrəti Məhəmməd və Əhli-beyt sevgisi” mövzularında çıxışlar ediblər.
Bildirilib ki, ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illik yubileyi UNESCO səviyyəsində qeyd edilib; Bakıda şairin heykəli ucaldılıb; haqqında bədii film çəkilib.
Elmi konfransın bölmə iclaslarında “Azərbaycan dövlətçiliyində hürufilik hərəkatının yeri”, “İmadəddin Nəsimi və hürufiliyə dair bəzi məqamlar ərəbdilli qaynaqlarda”, “Nəsimi düşüncəsində insan məfhumu” və digər mövzularda məruzələr dinlənilib.