Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə Mingəçevirdə “Sosial-iqtisadi inkişafın dayanıqlı enerji təminatı: universitet – sənaye işbirliyi və innovativ kadr hazırlığı” mövzusunda 1-ci regional elmi-texniki konfrans keçirilib.
Konfransda MDU-nun rektoru Şahin Bayramov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, “AzərEnerji” ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov, “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi” MMC-nin, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər şəxsləri iştirak ediblər.
Tədbirdə BMT-nin üzvü olan dövlətlərin Dayanıqlı İnkişaf Sammitində təsdiqlənən və BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə qəbul edilən Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn çağırışlara dair nəzəri və praktiki müzakirələr aparılıb.
Universitet – sənaye işbirliyinin daha da inkişaf etdirilməsi, enerji sektoru üçün peşəkar kadrların hazırlanmasının vacibliyi vurğulanıb. 2020-ci il oktyabrın 20-də energetiklərin peşə bayramı münasibətilə Mingəçevirdə beynəlxalq konfransın keçirilməsi qərara alınıb.
Tədbir çərçivəsində MDU və ATU arasında energetika və elm–təhsil üzrə potensialın artırılması sahəsində Anlaşma Memorandumu imzalanıb.
Daha sonra konfrans iştirakçıları Mingəçevir şəhərində yerləşən “Azərbaycan İES” MMC və “Mingəçevir SES” MMC-də olublar.