Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin “EcoVision” jurnalına müsahibəsi (28.11.2019)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2019-cu ildə hansı yeniliklərin həyata keçirildiyini bilmək maraqlı olardı...
- Məlumdur ki, təhsilin inkişafı, keyfiyyət göstəricilərinin artırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Son illər məhz təhsil sahəsində gedən inkişaf və təhsilin bütün sahələrində islahatların daha da genişlənməsi dövrü kimi xarakterizə olunur.
Ötən illərdə olduğu kimi, 2018-2019- cu tədris ili də keyfiyyətin artırılması istiqamətində görülən məqsədyönlü işlər və parlaq uğurlarla əlamətdardır.
Əvvəlcə onu qeyd etmək istərdim ki, ötən tədris ilinin ən əlamətdar hadisəsi Azərbaycan müəllimlərinin XV qurultayının keçirilməsidir. Qurultayda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddətdə təhsil sistemində reallaşdırılmış tədbirlər və islahatlar müzakirə olunub, perspektiv vəzifələr müəyyənləşdirilib.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunub, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülüb.
Azərbaycan beynəlxalq təhsil reytinqlərində bütün göstəricilər üzrə irəliləyir, beynəlxalq olimpiadalardakı uğurların sırası genişlənir.
Bu baxımdan Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, “Ümumi təhsildə keyfiyyət ili”ndə qarşıya qoyulan məqsədlərə çatmaq üçün BŞTİ tərəfindən mahiyyətcə inkişafyönümlü tədbirlər həyata keçirilib. Əsas məqsəd ümumi təhsil sahəsində müasir dövrün tələblərinə uyğun şəkildə inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə ümumi təhsil müəssisələrini, məktəblərin pedaqoji kollektivlərini səfərbər etmək və təhsildə keyfiyyəti təmin etməkdən ibarətdir.
“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində BŞTİ tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib, çoxsaylı layihələr, müsabiqələr həyata keçirilib, təlimlər, tədbirlər və görüşlər təşkil edilib. Tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi və təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi istiqamətində səmərəli işlər görülüb. Təhsildə keyfiyyətin dayanıqlılığını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə BŞTİ və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanları səfərbər edilib.
Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması kimi məsələlərə xüsusi diqqət yetirilib.
BŞTİ hər il bir sıra layihələrin həyata keçirilməsinə dəstək verir. BŞTİ tərəfindən reallaşdırılan layihələr və inkişafyönümlü pilot proqramlarda təhsil işçiləri, məktəblilər və valideynlər böyük həvəslə iştirak edirlər. İctimaiyyət tərəfindən maraqla qarşılanan pilot proqramlar və layihələrdə qazanılan uğurlar yeni ideyaların meydana gəlməsinə və təşəbbüskarlığın artmasına zəmin yaradır. Həyata keçirilən layihələrin məktəblilərin gələcək nailiyyətlərinə bundan sonra da müsbət təsir göstərəcəyinə inanırıq.
Ötən tədris ili ərzində də məktəblilərin milli-mənəvi köklərimizə bağlı yetişməsini və dövlətçilik ruhunda böyüməsini təmin etmək məqsədilə bütün milli və dövlət bayramlarında paytaxt üzrə təntənəli tədbirlər keçirilib. Uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işlər daha da artıb.
Qeyd edim ki, beynəlxalq əlaqələri genişləndirmək, qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirmək və təcrübə mübadiləsi aparmaq məqsədilə BŞTİ-də Ankara, İstanbul, İzmir Milli Təhsil idarələrinin rəhbərləri və Moskva Şəhər Elm və Təhsil Departamentinin nümayəndələri ilə görüşlər keçirilib.
“Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinə uyğun olaraq təhsilin ayrı-ayrı sahələrində elektron xidmətlərin tətbiqi uğurla davam etdirilir. Təhsil sistemində tətbiq olunan elektron xidmətlər məktəbəqəbul prosesini asanlaşdırmaqla bərabər, ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq göstəricilərin formalaşmasına, icbari təhsilin həyata keçirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsinə imkan verir.
Dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qəbulu üzrə müraciətlərin elektron qeydiyyat (https://mektebeqebul.edu.az/) sisteminin tətbiqi valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.
İlk dəfə olaraq 2019-cu ildən etibarən ümumi təhsil müəsissələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilir. 2019-cu ilin avqust ayından etibarən Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilməsi vətəndaşlar üçün daha bir imkan deməkdir. Ötən dərs ilində ilk dəfə olaraq tədrisi digər dillərdə aparılan bölmələrdə tədrisin keyfiyyətinin artırılması məqsədilə şagird qəbulu müsahibə prosesi əsasında həyata keçirilib. 2019-2020-ci dərs ili üçün ilk dəfə ölkə üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada (mektebeqebul.edu.az) aparılıb.
2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018- 2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur.
- Hazırda Bakıda neçə məktəb fəaliyyət göstərir və nə qədər şagird təhsil alır?
- BŞTİ-nin tabeliyində ümumilikdə 319 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 309-u ümumi təhsil məktəbi, 3-ü xüsusi tipli ümumi orta məktəb və 7-si əyani-qiyabi (axşam) tam orta məktəbdir.
Yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 414 844 şagird təhsil alır.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 32 315, X sinfində 22 795, XI sinfində 18 896, XII sinfində 198 şagird təhsil alır.
- Məktəblərdə bilik səviyyəsi qənaətbəxş hesab olunurmu?
- Təhsil hər zaman dəyişən, yeniliklərə və islahatlara açıq sahədir. Bu baxımdan qarşıda duran hədəflərin müəyyən edilməsi və təhsil sahəsində qabaqcıl dünya təcrübəsinin mənimsənilməsi mühüm amildir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəflər nəticə etibarilə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Dövlət Strategiyasının icrası çərçivəsində həyata keçirilmiş tədbirlər ümumilikdə təhsilin səviyyəsin yüksəlməsində, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasında, şagirdlərin tədris göstəricilərinin müvafiq meyarlar üzrə yaxşılaşmasında özünü göstərir.
Təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ali və orta ixtisas məktəblərinə qəbul göstəricilərində müsbət dinamika müşahidə olunur. Belə ki, qəbul imtahanlarında iştirak edən 17 505 abituriyentin 13 012 nəfəri, yəni 74 faizi respublikanın müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Bakı şəhəri üzrə qəbul imtahanlarında uğur qazanmış abituriyentlərin 22 faizi 500 və 500-dən çox bal toplayıb.
Azərbaycan beynəlxalq təhsil reytinqlərində bütün göstəricilər üzrə irəliləyir, beynəlxalq olimpiadalardakı uğurların sırası genişlənir.
Ölkəmizi VIII Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) təmsil edən 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Qarayeva ilkə imza atıb. Belə ki, mötəbər bilik yarışında Fidan Qarayeva Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc medal qazanıb. Bu, 2016-cı ildən bəri Olimpiadada iştirak edən məktəbli qızlarımızın qazandığı ilk medaldır.
12-19 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi 7 şagird 5 layihə ilə təmsil edib. Qazaxıstanın Almatı şəhərində keçirilən 17-ci beynəlxalq kompüter layihələri olimpiadasında (İnfomatrix Asia) 62 nömrəli məktəb-liseyin şagirdləri Yusif Eyvazlı və Nicat Dəmirçiyev bürünc medala layiq görülüblər.
20-22 aprel 2019-cu il tarixində Sankt-Peterburq şəhərində keçirilən “Özündə alimi kəşf et” VI Ümumrusiya elmi–innovasiya konfransında Bakı şəhəri 177 nömrəli tam orta məktəbin şagirdi Leyla Məmmədzadə və 16 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Əli Bağırov konfransda “Riyaziyyat və informatika” seksiyası üzrə “Ortalaşmış ölçmələr əsasında siniflərin sərhədlərinin təyini” adlı layihə ilə ölkəmizi təmsil edib və III dərəcəli diploma layiq görülüblər.
Rumıniyada keçirilən beynəlxalq robotexnika yarışında 18 nömrəli tam orta məktəbin şagirdi Faiq Məmmədzadə I yeri tutub və qızıl medala layiq görülüb. Həmçinin, beynəlxalq yarışda 276 nömrəli tam orta məktəbin şagirdi Sübhan Seyfullayev II yeri tutub və gümüş medalın sahibi olub.
Bakı şəhəri 46 nömrəli tam orta məktəbin şagirdi Rauf Məmmədov Moskva şəhərində keçirilən uşaq rəsm müsabiqəsində I yerə layiq görülüb.
“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin nəticələrinə əsasən, 177 nömrəli tam orta məktəbin şagirdi Selcan Nurullayeva və 283 nömrəli tam orta məktəbin şagirdi Reyhan Camalova 12-17 may 2019-cu il tarixində ABŞ-ın Finiks şəhərində keçirilən İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil ediblər.
Qəbul imtahanlarında iştirak edən 17 505 abituriyentin 13 012 nəfəri, yəni 74 faizi respublikanın müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Bakı şəhəri 283 nömrəli tam orta məktəbin şagirdi Reyhan Camalova yağış suyundan enerji istehsal edən "Rainergy" qurğusunun gənc ixtiraçısı, “ASAN xidmət”in ideya müvəkkili və dünya üzrə 100 nüfuzlu qadından biridir. R.Camalova həmçinin, 4-5 aprel 2019-cu il tarixində Vyetnamın Hanoy şəhərində keçirilən Gənclər Sammitində (Youth Co:Lab Summit) spiker və juri qismində iştirak edib.
160 nömrəli Klassik Gimnaziyanın məzunu, 6 fənn üzrə olimpiada qalibi Kamil Məhərrəmov Nyu-York Universitetinin Tibb fakültəsində təhsil alır.
Eləcə də çoxsaylı məzunlarımız xarici ölkələrin ən nüfuzlu universitetlərində təhsillərini davam etdirirlər.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi və tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatı ilə bitirən məzunların sayı artmaqdadır. 2018-2019-cu tədris ilində təhsildə xüsusi nailiyyətləri ilə seçilən IX siniflər üzrə 877 nəfərə, XI siniflər üzrə 556 məzuna, ümumilikdə, 1 433 məzuna fərqlənmə attestatı verilib.
Bu il ali məktəblərə qəbul imtahanı zamanı çoxsaylı abituriyent 500 və daha çox bal toplayaraq müəllim peşəsini seçiblər.
Təhsil nazirinin müvafiq əmrinə əsasən, 2018-2019-cu tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2018-2019-cu dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq qızıl və gümüş medalla təltif ediliblər. Ötən il keçirilən Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5 nəfər qızıl, 10 nəfər gümüş, 30 nəfər bürünc medal olmaqla, ümumilikdə 45 məktəbli uğur qazanıb.
Ümumi təhsildə keyfiyyətə birbaşa təsir edən amillərdən biri də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təsbit olunmuş tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə təşkili məsələsidir. Şagirdlərin seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək bilik və bacarıqlara yiyələnməsini təmin etmək məqsədilə son illər bu sahədə ciddi addımlar atılır, təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərin şəbəkəsi ardıcıl şəkildə genişləndirilir.
2015-2016-cı dərs ilində müxtəlif təmayüllər (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət fənləri) üzrə İdarənin tabeliyindəki 33, 2016-2017-ci dərs ilində 58 məktəbin 176 sinfində, 2017-2018- ci dərs ilində 233 məktəbin 454 sinfində təmayül sinif təşkil edilib. 2018-2019-cu dərs ilində İdarənin tabeliyindəki 164 məktəbdə X siniflər üzrə 360, XI siniflər üzrə 195 məktəbdə 421 təmayül sinif fəaliyyət göstərib.
2019-2020-ci dərs ilində isə 184 məktəbdə 404 təmayül sinfi açılıb. Aparılan ilkin təhlillər deməyə əsas verir ki, təmayül sinifləri bitirən məzunlar daha yüksək nəticələr göstərir. Həmçinin 2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb.
Paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etməkdən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas hədəflərindəndir.
Peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil edilir. Peşə təmayüllü siniflərdə təhsil dövlət hesabına həyata keçirilir.
- Bu gün məktəblərdə hansı fənn müəllimlərinə daha çox ehtiyac var?
- Son illər müəllim nüfuzunun artırılması, nüfuzlu təhsilverənin formalaşdırılması istiqamətində dövlət siyasəti çərçivəsində Təhsil Nazirliyi tərəfindən mühüm addımlar atılıb. Prezident İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” imzaladığı sərəncam müəllim əməyinə verilən ən yüksək qiymətdir. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması birbaşa müəllimləri peşəkarlıq səviyyəsinin artırılması istiqamətinə yönəldir, sağlam rəqabət mühitini genişləndirir.
Təhsilimizin və təhsil işçilərinin hamisi, təhsili Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri adlandıran dövlət başçısı İlham Əliyevin sərəncamları ilə hər il Beynəlxalq Müəllimlər Günü ərəfəsində bir çox müəllim fəxri ada və dövlət təltiflərinə layiq görülür. 3 oktyabr 2019-cu il tarixdə ölkə Prezidentinin sərəncamları ilə bir sıra qabaqcıl təhsil işçiləri “Tərəqqi medalı” və “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bu sırada paytaxt müəllimlərinin olması da çox sevindiricidir.
Dövlət rəhbərinin təhsilə həssas münasibəti nəticəsində infrastruktur yenilənir, təhsilin keyfiyyəti yüksəlir, təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır. Bu isə ümumilikdə müəllim peşəsinə marağın artmasına səbəb olur. Bu il ali məktəblərə qəbul imtahanı zamanı çoxsaylı abituriyent 500 və daha çox bal toplayaraq müəllim peşəsini seçiblər. Dövlətin məktəbə, təhsilə, müəllimə göstərdiyi diqqətin nəticəsidir ki, ali məktəbə qəbul olunan gənclərimiz arasında təkcə qızlar deyil, oğlanlar da ilk seçdikləri ixtisaslar arasında müəllim peşəsinə böyük maraq göstərirlər.
Son illərin statistikasına əsasən, BŞTİ tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim edilən ən çox vakansiya musiqi, fiziki tərbiyə, texnologiya və digər fənlər üzrə olub.
Sözsüz ki, müəllimlərin işə qəbulu prosesindəki şəffaflıq, pedaqoji ixtisaslara artan maraq yaxın müddətdə bütün zəruri ehtiyaclar üzrə ən yüksək səviyyəli kadrların seçiləcəyini deməyə əsas verir.
- Şagirdlərin elmə marağını artırmaq üçün hansı metodlardan istifadə etmək lazımdır?
- İstedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. İstedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək təhsilin əsas hədəfləri kimi diqqət mərkəzində saxlanılır. Ölkəmizdə bütün sahələr üzrə istedadlı şagirdlərin inkişafına daim qayğı göstərilir.
Tədris ili ərzində məktəblilərin elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər intellektual yarışlarda iştirak təcrübəsinin qazandırılması məqsədilə bir çox müasabiqələr, olimpiadalar keçirilir. Bunlardan “Ədəbiyyat biliciləri”, “Ən yaxşı təqdimat”, “Sabahın alimləri” müsabiqələrini, Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasını, gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələrini, Respublika Fənn Olimpiadalarını misal göstərmək olar.
Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən şagirdlər üçün BŞTİ tərəfindən eksternat imtahanları təşkil olunur.
Məktəblərdə fəaliyyət göstərən “Kiçik akademiya”lar elmi-tədqiqat fəaliyyətinə meyilli və istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və fəaliyyətlərinin stimullaşdırılması, yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi və onların müasir tədqiqat metodlarına yiyələnməsi məqsədlərinə xidmət edir. Hazırda “Kiçik Akademiya”lar paytaxtda 266 ümumi təhsil məktəbini əhatə edir.
İstedadlı şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə keçirilən müsabiqələr arasında bədii qiraət, şeir və rəsm müsabiqələrin də nümunə göstərmək olar. Həmçinin paytaxt məktəblərində İngilis dilində danışıq klubları da yaradılıb. Bu da şagirdlərin xarici dil biliklərinin və danışıq qabiliyyətlərinin inkişafına təkan verir. Şagirdlərdə tədqiqatçılıq bacarığını formalaşdırmaq, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqla təfəkkürün inkişafına nail olmaq məqsədilə Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə 2018- 2019-cu tədris ilində 52 ümumtəhsil məktəbi cəlb olunub. Layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə “İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib. Layihə çərçivəsində 12 ümumitəhsil məktəbində “Kod saatı” aksiyası keçirilib. Aksiyada ümumilikdə 1 757 nəfər şagird iştirak edib.
Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı ilə həyata keçirilən “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində 2018-2019-cu tədris ilində 26 ümumi təhsil məktəbində informatika təmayüllü siniflər açılıb.
Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin və mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Yaradılmış şərait və dövlət qayğısı təhsil işçilərini daha da ruhlandırır, öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.