Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbdə Gəncə Dövlət Universitetinin (GDU) Riyaziyyat-İnformatika fakültəsinin baş müəllimi Ənvər Gəncəliyevin “İki nöqtə arasındakı məsafə” mövzusunda nümunəvi açıq dərsi keçirilib.

 

Məktəbin direktoru Sahibə Abdullayeva qeyd edib ki, özü də universitetin Riyaziyyat–informatika fakültəsinin məzunu olub,  2 nömrəli tam orta məktəbdə müəyyən fənləri tədris edən müəllimlərin əksəriyyəti də bu ali təhsil ocağının məzunlarıdır. O, gənclərə gələcəkdə ixtisas seçimində GDU-nu seçmələrini tövsiyə edib.

 

Universitetin Təcrübə və karyera şöbəsinin rəhbəri Cabbar Qarayev bildirib ki,  Təhsil Nazirliyinin tövsiyəsi, GDU rektoru, professor Yusif Yusibovun tapşırığına əsasən, orta təhsil müəssisələrində keçirilən bu cür tədbirlərin təşkilində məqsəd yuxarı sinif şagirdlərinə ölkəmizin tarixini daha dərindən öyrətmək, sevdirmək, ali təhsil müəssisəsinin nailiyyətləri və beynəlxalq əlaqələri haqqında məlumat vermək, eləcə də şagirdlərin gələcəkdə ixtisaslı kadr kimi əmək bazarının tələbinə uyğun düzgün ixtisas seçiminə kömək etməkdir.

 

Sonra Ənvər Gəncəliyevin “İki nöqtə arasındakı məsafə” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi şagirdlərə koordinat sistemində iki nöqtə arasındakı məsafənin müxtəlif üsullarla hesablanmasını geniş izah edib. Nəticədə iki nöqtə arasındakı məsafə düsturu yazılaraq, situasiya məsələsi həm də düsturla həll edilib. Ə.Gəncəliyev elektron lövhə və kompüter, müasir təlim metodlarından istifadə etmə yollarını şagirdlərə göstərib.

 

Tədbirin sonunda məruzəçi şagirdləri maraqlandıran sualları da  cavablandırıb.