Gəncə Dövlət Universitetində “Şəkərli diabet xəstəliyi və onun müalicəsi” mövzusunda maarifləndirici tədbir keçirilib. 

 

Tədbirdə universitetin prorektoru Gülsüm Fətəliyeva, 6 nömrəli şəhər poliklinikasının endokrinoloqu, tibb elmləri namizədi Elya Nəbiyeva, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Prorektor G.Fətəliyeva “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Dövlət Proqramının qəbul edildiyini xatırladaraq bildirib ki,  şəkərli diabet xəstələrinin dərmanla təmin olunması işi xeyli yaxşılaşıb, xəstələrin əksəriyyəti özünənəzarət vasitələri – qlükometrlərlə təmin edilib; Müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün şərait yaradıb .

 

Qeyd olunub ki, şəkərli diabet xəstələrinin dəqiq qeydiyyatının aparılması, onların sağlamlıq vəziyyətinin dinamik müşahidəsi, dərmanla təminatına nəzarəti həyata keçirmək məqsədi ilə vahid registr forması hazırlanaraq təsdiq edilib. Lakin bütün dünyada olduğu kimi, Azərbaycanda da şəkərli diabetə düçar olan şəxslərin sayı durmadan artır.

 

Endokrinoloq, tibb elmləri namizədi E.Nəbiyeva bildirib ki, bir neçə qrup şəkər endirici preparat vardır. Lakin şəkərli diabetin müalicəsi yalnız şəkərendirici müalicə ilə qurtarmır, onunla bərabər arterial hipertenziyanın, antiatreskirotik və antitrombatik müalicə keçirilməlidir.

 

“İndiki zamanda şəkərli diabetin profilaktikası mümkündür. Bu o deməkdir ki, şəkərli diabetin qarşısını almaq olar və bunun üçün həkimlərin əlində lazımi imkanlar var. Belə ki, şəkərli diabetə tutulmuş insanlar uzun müddət, ya da ömrünün axırına kimi normal şəkərlərlə dərmansız və fəsadlarsız yaşaya bilər”-deyə endokrinoloq bildirib və tədbir iştirakçılarını maraqlandıran sualları da cavablandırıb.