Nicat Məmmədli: “Proqramın icrası universitetlərimizin reytinqinin yüksəlməsinə səbəb olacaq”
Müasir dövrün çağırışları Azərbaycanda prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılmasını və insan kapitalının inkişafını şərtləndirir. Bu zərurət ölkəmizdə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması yolunda tərəqqinin hərəkətverici qüvvəsini təşkil edir. Dünya ali təhsil sistemində baş verən dəyişikliklərə cavab olaraq Azərbaycanda intellektual potensialın gücləndirilməsinə qoyulan investisiya artıq ali təhsil sistemində mühüm keyfiyyət dəyişikliklərini və innovativ fəaliyyətin güclənməsini şərtləndirib.
Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi və seçimi, eləcə də beynəlxalq ikili diplom proqramlarının təsis olunması qaydalarının təsdiq olunması ali təhsil sistemimizin modernləşməsi yolunda ciddi addın kimi qiymətləndirilə bilər. Digər tərəfdən, artıq Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində İdarəetmə Qrupunun yaradılması haqqında qərar verilib. Qərarla İdarəetmə qrupunun əsasnaməsi, fəaliyyətinin təşkili vəzifələri, hüquqları müəyyən olunub.
Müsahibimiz Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədlidir.
- Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçimi, eləcə də beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim qaydaları təsdiq olunub. Bu proqramın qəbulu hansı zərurətdən yaranmışdır?
- Məlum olduğu kimi, 2018-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ilə bağlı sərəncam imzalayıb. Bu sərəncam, məlum olduğu kimi, 2 əsas istiqaməti nəzərdə tutur. Birinci istiqamət dünyanın nüfuzlu universitetləri ilə Azərbaycan universitetləri arasında ölkə iqtisadiyyatı üçün prioritet sahələr üzrə beynəlxalq ikili diplom proqramlarının təsis olunmasıdır. İkinci istiqamət isə xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsidir.
Bu proqram çoxdan gözlənilirdi. Bunu Azərbaycan ali təhsil sisteminin müasir dünya standartlarına uyğunlaşdırılması, xüsusən də müasir dünyada qloballaşma dövründə ali təhsil sistemində beynəlmiləlləşmə prosesinin daha da aktuallaşması labüd edirdi. Sözsüz ki, bu prosesin artıq dünya universitetlərində trendə çevrilməsi Azərbaycan universitetlərinin bu trenddən kənarda qalmamasını tələb edirdi. Azərbaycan təhsil sistemi qarşısında duran ən mühüm istiqamətlərdən biri universitetlərimizin tələbələrimizi dünyanın yeni tələblərə cavab verən ali təhsillə təmin etməsidir. Bu, çox vacib məsələdir. Çünki ikili diplom proqramlarının təsis olunması nəticəsində xarici universitetlərdən, əlbəttə, söhbət dünyanın nüfuzlu ali məktəblərindən gedir, müxtəlif istiqamətlər üzrə tədris proqramları Azərbaycana gətiriləcək, tələbələrimiz həmin tədris proqramları əsasında təhsil alacaqlar, dünyanın nüfuzlu professorları gəlib burada dərslər deyəcəklər. Bunun nəticəsində həm bizim universitetlər qazanacaq, həm də tələbələrimiz Azərbaycan universitetləri ilə yanaşı olaraq, nüfuzlu universitetlərin diplomlarını da əldə etmiş olacaqlar. Eyni zamanda, universitetlər arasında yaxşı əlaqələr qurulacaq, bunun nəticəsində Azərbaycanda həm tədrisin keyfiyyəti, həm də gələcəkdə tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsi ön plana çıxacaq. Bu isə Azərbaycan təhsil sisteminin inkişafına kifayət qədər güclü təkan verəcək yaxşı bir layihə olacaq. Biz buna əminik.
Proqramın ikinci hissəsinə gəlincə, bu da çoxdan gözlənilən bir tələb idi, söhbət Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasından gedir.
Biz ali təhsil sistemimiz üçün yüksək səviyyəli, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirmiş kadrların hazırlanmasına ciddi ehtiyac duyuruq. Onlar vətənə dönüb Azərbaycan ali təhsilinə də töhfə verməlidirlər. Artıq Azərbaycan ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına ciddi ehtiyac yaranıb. Bu cəhətdən xaricdə doktorant hazırlığı çox mühüm təşəbbüsdür.
Ali təhsildən gözləntilərimizi də bu proqram vasitəsilə həll etməyə çalışırıq. Proqram 2019-2023-cü illəri əhatə edir. Növbəti illərdə yenidən qiymətləndirmələr olacaq. Burada bir vacib məsələyə diqqət etmək lazımdır ki, proqramın birinci hissəsi ikili diplom proqramları, ikinci hissəsi isə doktorantura təhsili ilə bağlıdır. Doktorantura adətən 3-4 il davam edir. Proqram əsasında xarici ali təhsil müəssisəsinin proqramı bizim universitetlərə gətirilir, həmin ali məktəbin professoru ilə burada 4 il müddətinə müqavilə bağlayırıq. 4 il müddətində də bizim doktorantlarımız xaricdə təhsil alırlar və yüksək səviyyəli kadr olaraq ölkəmizə qayıdırlar. Nəticədə xarici universitetlərdə olan ənənələr bizim xaricdə doktorantura təhsilini bitirmiş tələbələrimiz tərəfindən davam etdirilir. Bu isə artıq ali təhsildə mövcud beynəlxalq standartların davamlılığının təmin olunması üçün çox mühüm parametrə çevrilir. Buna görə də bu proqramın Azərbaycan ali təhsil məkanında ciddi töhfə verməsini gözləyirik. Bu da cəmiyyətdən gələn bir sifarişdir.
- Doktorantura hazırlığı üzrə artıq elan verilib. İlk növbədə, bilmək istərdik, kimlər bu seçimdən yararlana biləcək?
- Seçim qaydalarına əsasən, bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olan və ən vacib məsələ, dünyanın (“Times Higher Education (THE) World University Rankings və ya Academic Ranking of World Universities (Shanghai)” reytinq cədvəllərində ilk 500-də yer alan universitetlərə qəbul olunmuş Azərbaycan Respublikası vətəndaşları proqrama müraciət edə bilərlər. Universitetlərə qəbul olduqdan sonra onlar artıq proqrama müraciət edib təhsillərinin maliyyələşməsi üçün seçim qaydalarına uyğun olaraq müsabiqədə iştirak edə bilərlər. Yaş məhdudiyyəti yoxdur, bu da proqramın kifayət qədər geniş əhatəliliyini özündə ehtiva edir.
- Proqramda hansı prioritet ixtisas istiqamətləri müəyyən olunub?
- Cari ilin mayında Nazirlər Kabineti proqram üzrə prioritet istiqamətləri müəyyən edib. Bir çox sahələr, istiqamətlər proqram tərəfindən ehtiva olunur. Buraya həm dəqiq elmlər, aqrar, texniki-texnoloji, sosial, humanitar istiqamətlər aiddir. Azərbaycan vətəndaşları prioritet istiqamətlər üzrə müvafiq ixtisasları seçib universitetlərdən qəbul aldıqdan sonra proqrama müraciət edə bilərlər. Seçim qaydaları müəyyən olunub və artıq Təhsil Nazirliyinin saytında doktoranturaya sənəd qəbulu ilə bağlı elan yerləşdirilib. Yanvar ayının 10-a kimi sənəd qəbulu davam edəcəkdir. Bu, yaz semestrini əhatə edir. Payız semestri üçün isə sənəd qəbulu yay aylarında elan ediləcək. Bundan başqa, hazırda siyahıda olan dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alan Azərbaycan vətəndaşları da təhsillərinin yerdə qalan hissəsinin maliyyələşdirilməsi üçün proqrama müraciət edə bilərlər.
- Azərbaycan vətəndaşlarının xaricdə doktorantura təhsili üzrə maliyyələşdirilməsi necə aparılacaq?
- Dövlət Proqramı çərçivəsində əsasən təhsil xərcləri, viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri, aylıq yaşayış xərcləri, tibbi sığorta xərcləri, beynəlxalq nəqliyyat xərcləri ödənilir. Bununla bağlı Təhsil Nazirliyində uğurlu təcrübə var. Resurs olaraq Dövlət Proqramında nəzərdə tutulduğu kimi, maliyyə vəsaiti Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ayrılacaq.
- Tələbələrin müraciətinə baxılması proseduru necə həyata keçiriləcək?
- Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən elektron ərizə sistemi yaradılıb. İddiaçılar platforma üzərindən öz ərizələrini təqdim edirlər. İlkin olaraq müraciət edənlərin seçim kriteriyalarına uyğun gəlib-gəlmədiyi müəyyənləşdirilir. Daha sonra meyarlara uyğun olan şəxslər müsahibə mərhələsinə buraxılırlar. Bundan ötrü müsahibə qaydalarında nəzərdə tutulduğu kimi, xüsusi komissiya yaradılacaq. Müxtəlif qurumların, aidiyyəti orqanların nümayəndələrindən təşkil olunan komissiya müraciətləri nəzərdən keçirəcək və daha sonra artıq seçilmiş tələbələr proqramdan yararlana biləcəklər.
- Doktorantura təhsili üzrə yeni qaydalar tələbələr qarşısında hansı öhdəliklər qoyur?
- Qaydalara müvafiq olaraq, doktorant, onun təhsilini başa vurduqdan sonra ölkəyə qayıdıb çalışacağı yerli ali təhsil müəssisəsi və Təhsil Nazirliyi arasında üçtərəfli müqavilənin imzalanması nəzərdə tutulur. Həmin müqavilədə doktorantların əsas öhdəlikləri də özünü əks etdirəcək. Təbii ki, əsas öhdəlik qəbul olunduğu xarici ali təhsil müəssisəsindəki təhsil və tədqiqatı tələb olunan minimum normativ müddətdə başa çatdırmaq və fəaliyyət göstərəcəyi yerli ali təhsil müəssisəsinə qayıtmaqdır.
- Gələcəkdə proqramın əhatə dairəsinin genişlənməsi mümkündürmü?
- Əlbəttə ki, genişlənə bilər. 2020-ci il ərzində ilkin olaraq 100-ə qədər tələbənin maliyyələşdirilməsi nəzərdə tutulur. Bu hesablama hökumətlərarası təqaüd proqramları və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində doktorantura təhsilinə müraciət edənlərin sayı nəzərə alınaraq proqnozlaşdırılır. Tələbat kifayət qədər böyük olduğu təqdirdə, gələcəkdə say məsələsi nəzərdən keçirilə bilər. Bu, əlbəttə ki, daha çox ictimaiyyətdən gələn sosial sifarişdən asılı olacaq.
- Qaydalarda prioritet ixtisaslar konkret göstərilib. Əgər tələbə top universitetdən, tutaq ki, siyahıda adı olmayan süni intellekt üzrə qəbul alıbsa, doktorantura təhsili üçün müraciət edə bilərmi?
- Təbii ki, komissiya bu ixtisas növünün uyğunluğunu nəzərdən keçirəcək. Süni intellekt kompüter elmləri və s. bağlıdır. Buna görə də bu elm sahələri ilə bağlılıq nəzərə alınaraq tələbənin müraciəti qəbul oluna bilər. Çünki hazırda süni intellekt olmadan indiki təhsili fikirləşmək belə olmaz. Bununla bağlı heç bir narahatçılığımız yoxdur. Çünki prioritet istiqamətlər müəyyənləşdirilərkən bütün bunlar nəzərə alınıb.
- Üçtərəfli müqavilənin iştirakçılarından biri də universitetlərimizdir. Onlar doktorantura təhsilinin yeni formatda təşkilinə necə baxırlar?
- Çox isti. Əslində, onlar da maraqlıdırlar ki, kadr potensialları yenilənsin və universitetə dünya standartlı kadrlar gəlsin. Əlbəttə, Harvard Universitetindən PhD məzunu olan bir gəncin bizim universitetlərdə dərs deməsini kim istəməz? Bu, ali məktəblərimiz üçün kifayət qədər böyük məsələdir, çünki bu həm peşəkarlıq, həm də ən azından tədqiqat cəhətdən universitetlərimizə kifayət qədər çox ciddi dividendlər gətirəcək. Proqramın icrası universitetlərimizin reytinqinin yüksəlməsinə səbəb olacaq. Bu isə kifayət qədər yaxşı bir məsələdir. Ona görə də universitetlər proqramı ciddi şəkildə alqışlayırlar.
- Necə hesab edirsiniz, doktorantura təhsilinin genişlənməsi ilə xarici ölkələrdəki mövcud universitet ənənələri də bizim ali təhsil məkanımıza daxil olacaq?
- Əlbəttə. Bizdə universitet ənənələri olaraq ən çox sovet sisteminin yaratdığı ənənələr mövcuddur. Eyni zamanda, indiki dövrdə özünü daha yaxşı doğrultmuş müasir dünya standartları və ya Qərb trendlərinə əsaslanan universitet ənənələri var. Bu gün hədəfimiz Qərbdə mövcud olan ən yaxşı trendləri ölkəmizə gətirməkdir və bunun nəticəsində də Azərbaycan universitet ənənəsinin model olaraq formalaşmasını görürük. Onsuz da bizim yeni model universitetlərimiz yaranır. Bizim çoxsayda universitetlərimiz var ki, onlara yeni nəsil universitetlər deyirik. Onlar artıq tamamilə yeni ənənələr üzərində qurulub. Xarici ali təhsil müəssisələri ilə əməkdaşlığımız eyni zamanda bizim tarixən formalaşmış, yaxşı bazaya malik, eyni zamanda yenilənməyə ehtiyacı olan universitetlərimizin də inkişafına ciddi təkan verəcək.
Hazırda biz 2 xarici universitetlə - məsələn, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti, eyni zamanda Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında apardığımız danışıqlarımızı qeyd edə bilərik. Bunlar bizim yaxşı bazası olan universitetlərimizdəndir. Amma onların, eyni zamanda ciddi şəkildə yeni kadr potensialı ilə yenilənməyə, yeni tədris metodologiyalarından istifadəyə və s. ehtiyacları var. Bu cəhətdən də adıçəkilən xarici universitetlərlə əlaqələr yaxşı bazası olan universitetlərimizin yeni trendlərlə ayaqlaşmasına şərait yaradacaq.
Oruc MUSTAFAYEV