ADU-da ədibin anadan olmasının 157-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Mayın 3-də Azərbaycan Dillər Universitetində (ADU) hind, benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof Rabindranat Taqorun anadan olmasının 157-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. ADU-nun Hind dili və mədəniyyəti mərkəzinin, həmçinin “Sangat” hind klubunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Taqorun həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Onun Nobel mükafatı qazanan ilk asiyalı olduğunu xatırladan səfir şairin yaşadığı müddətdə gördüyü xeyirxah işlərdən də söz açıb.
ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova tədbirin təşkilini yüksək qiymətləndirib və bu kimi tədbirlərin tələbələrin Hind dili və mədəniyyəti ilə yaxından tanış olmasına şərait yaratdığını qeyd edib. “Sangat” hind klubunun fəaliyyətindən danışan prorektor klubun daim innovativ addımlarla tələbələrdə bilik və bacarıqların formalaşmasına yardımçı olduğunu deyib.
ADU-nun hind dili müəllimi Roopali Sinha “Sangat” hind klubunun fəaliyyətinə şərait yaratdığına görə ADU rəhbərliyinə minnətdarlığını bildirib. R.Sinha klubun işinə dəstək verdiyinə görə səfir S.Ranaya təşəkkür edib. Klubun fəaliyyətindən danışan R.Sinha məqsədin Hind mədəniyyəti, ənənələri və fəlsəfəsini tanıtmaq olduğunu söyləyib.
Daha sonra R.Taqorun həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub, müəllifi olduğu şeirlər və mahnılar, müdrik sözlər səsləndirilib.
Sonda benqal milli rəqsi ifa olunub.