Naxçıvan Dövlət Universitetinin (NDU) bir qrup müəllim və tələbəsi Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində olub.
Məktəbin dərs hissə müdiri Mehman Vəlibəyov məktəbin tarixi, buranı bitirən məşhur insanlar haqqında məlumat verib. Qeyd edib ki, hər iki valideynini itirən, ata-ana himayəsindən məhrum edilən, imkansız ailələrin övladlarının olduğu məktəbdə 20 uşaq təhsil və tərbiyə alır. Bunlardan 4 nəfəri hər iki valideynini itirib.
Bildirilib ki, məktəbdə şagirdlərin yüksək təhsil almaları üçün rahat şərait mövcuddur. Onlar dövlət qayğısı ilə tam əhatə olunub. Şagirdlər deyiblər ki, müəllimlərin ana-ata nəvazişi göstərməsi onları bu məktəbdə oxumağa həvəsləndirir.
Prezident təqaüdü və Heydər Əliyev adına təqaüd alan tələbə-gənclər internat şagirdləri ilə xoş ünsiyyət qurublar ki, bu isti münasibət onlarda məmnunluq hissi doğurub, təşkil edilən maraqlı oyunlar, intellektual yarışlar xoş ovqat yaradıb. NDU-nun tələbələri onları müxtəlif hədiyyələrlə də sevindiriblər.