“StartupFest 2019” çərçivəsində “Startap Günləri” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib. Gəncə Dövlət Universitetinin (GDU ) startap komandası respublika səviyyəsində keçirilən bu layihənin qalibi olub.
Universitetin Biologiya-Kimya fakültəsinin tələbələrindən ibarət komandanın “DiaDondurma” adlı startap ideyası birinci yerə layiq görülüb.
Qeyd edək ki, cari ilin aprel-iyul aylarını əhatə edən layihə çərçivəsində Bakı, Gəncə və Lənkəran şəhərlərində yerləşən 8 ali və 1 peşə təhsili müəssisəsində startap müsabiqələri təşkil olunub və qalib komandalar müəyyənləşdirilib.
Layihənin bağlanış mərasimində isə qalib komandalar arasında final yarışı baş tutub. Yekunda mükafatlandırma mərasimi keçirilib və qaliblərə qiymətli hədiyyələr təqdim edilib.
Məlumat üçün bildirək ki, layihə, ümumilikdə 1000-dən çox gənci əhatə edib və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azərbaycan İnternet Forumu tərəfindən reallaşdırılıb.
“Startap Günləri” layihəsinin məqsədi ölkəmizdə innovasiya fəaliyyətinin təşviqi, paytaxt və region gənclərinin yeni ideyalarının üzə çıxarılması, startap mühitinin yaxşılaşdırılması, o cümlədən innovasiya ekosisteminin bütün üzvləri üçün əlverişli mühitin yaradılması işinə dəstəkdən ibarət olub.