Noyabrın 26-da Fransa Respublikasının Paris şəhərində Avropa Şurasına üzv dövlətlərinin Təhsil nazirlikləri rəhbərlərinin görüşü keçirilib.

 

Fransa Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində təşkil olunan və 50 ölkənin qatıldığı tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

 

Tədbirin açılışında Fransa Respublikasının Milli Təhsil və Gənclər naziri Jan Mişel Blank, Avropa Şurasının Baş Katibi Mariya Peyçinoviç Buriç və Avropa İnsan Hüquqları Məhkəməsinin Prezidenti Linos-Aleksandr Sitsilianos çıxış ediblər.

 

Görüş zamanı Avropa Şurası məkanında tarix fənninin tədrisi və rəqəmsal vətəndaşlıq təhsili kimi mövzular müzakirə olunub. İclasda çıxış edən Firudin Qurbanov Azərbaycanda təhsil sahəsində rəqəmsal texnologiyaların tətbiqi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Nazir müavini bildirib ki, 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkəmizdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı qəbul edilib. Bu proqram artıq ümummilli səviyyədə vahid elektron təhsil məkanının formalaşdırılmasını əsas vəzifə kimi qarşıya qoyub. Dövlət Proqramının icrası istiqamətində Təhsil Nazirliyinə tabe olan bütün təhsil müəssisələrini və strukturları birləşdirən təhsil şəbəkəsini yaradılıb, elektron tədris resursları hazırlanıb.

 

Nazir müavini gənclərdə rəqəmsal alətlərlə işləmək bacarığını inkişaf etdirmək məqsədilə 2017-ci ildən etibarən “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birlikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən “Rəqəmsal bacarıqlar” layihəsinin icra edildiyini də bildirib. Firudin Qurbanov həmçinin Təhsil Nazirliyinin müvafiq bilik və bacarıqlara malik olan məlumatlı vətəndaşların yetişdirilməsi istiqamətində beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa Şurası ilə yaxından əməkdaşlıq etdiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.