Gəncə Dövlət Universitetində (GDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi qeyd edilib.

 

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən, zəngin bədii yaradıcılığından bəhs edib, ədibin əsərlərinin əhəmiyyətindən danışıb, onun yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratdığını tələbələrin diqqətinə çatdırıb.

 

Filologiya fakültəsinin professor-müəllim heyətinin məruzələrində qeyd edilib ki, XX əsr Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus yeri olan İ.Şıxlı xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar silsiləsi yaradıb. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilib. Üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İ.Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlər kimi göstərilib.

 

Yazıçının xalqımızın taleyüklü məsələlərinə daim vətəndaş, ziyalı mövqeyi nümayiş etdirməsi, azərbaycançılıq məfkurəsinə sədaqəti və ənənəvi dəyərlərə ehtiramı da vurğulanıb.

 

Tədbirdə yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub, həmçinin tələbələrin ifasında ədibin əsərlərindən səhnələşdirilən epizodlar göstərilib.