Mayın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və ADNSU-nun Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Azərbaycan gəncliyi və Heydər Əliyev” adlı konfrans keçirilib.
Konfransı açan ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev tədbir iştirakçılarına universitetin rektoru, professor Mustafa Babanlının salamlarını çatdırıb. O əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən və bu gün də həmin siyasətin davamı olaraq Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb.
ATGTİ sədrinin müşaviri Hüseyn Babayev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinə olan diqqət və qayğısının təzahürü kimi Azərbaycanda Gənclər və İdman Nazirliyi yaranıb. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin gənclər Forumu keçirilib və ulu öndər Heydər Əliyevin elə həmin gün imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edilib.
Nəsimi rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən və gənclər siyasətindən danışıb.
Sonra ADNSU TGT sədri Müqəddəs Əzizzadə və ADNSU-nun III kurs tələbəsi, ictimai fəal Aytac Kərimova çıxış edərək Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafındakı rolundan danışıblar.