“Valideynin məktəbdə keçirdiyi səmərəli vaxt uşağının təhsilinə qoyduğu ən yaxşı sərmayədir”


Təhsil naziri Ceyhun Bayramov bir qrup valideynlə görüşüb. Onun budəfəki görüşü Bakı şəhəri 72 nömrəli məktəb-liseydə baş tutub. Dəyirmi masa ətrafında valideynlər onları nəinki narahat edən, eləcə də sevindirən, maraqlandıran məsələlərə toxunublar. Beləliklə, 72 nömrəli məktəbdə qurulan dəyirmi masada, sadəcə məktəb və onun problemləri yox, bütövlükdə təhsilidə müasir standartlar, həmin standartlara görə valideynin, məktəbin və müəllimin uşağın həyatındakı yeri, təhsilindəki rolu müzakirə olunub.

 

“Valideynin məktəbə hər hansı köməyini yanaşma olaraq normal qəbul edirik”

 

Söhbət məktəbin problemlərindən başlayıb… Valideynin məktəbə ayda-ildə neçə dəfə gəlməyindən tutmuş, məktəbə hansı formada kömək edə biləcəyinə qədər bir çox məsələlərə toxunulub. Şagird-müəllim-valideyn arasında olan münasibətlərdən söz salan Təhsil naziri deyib ki, şagirdin uğurlarında valideynin məktəblə nə qədər sıx əlaqəsinin olması çox böyük rol oynayır. O, bunu deyərkən beynəlxalq qrupun Azərbaycanda keçirdiyi tədqiqatın nəticələrinə istinad etdiyini vurğulayıb. 

 

Uşaqların tədris nailiyyətlərində valideynlərin rolunu xüsusi qiymətləndirən nazirin fikrincə, şagirdin məktəbə bağlanması da valideynlə məktəbin münasibətlərindən birbaşa asılıdır. Valideyn məktəbin tərəfini tutmalıdır. Hətta hər hansı mübahisəli məsələdə müəllim və ya məktəbi haqsız hesab etsə belə, uşaq valideyninin məktəbin yanında durduğunu görməlidir. Bunun üçün də müəllimlə valideyn şagirdin yanında mübahisə etməməlidirlər. 

 

Nazir onu da deyib ki, valideyn tərəfindən mütəmadi məktəbə gəlmək, müəllimlə birbaşa əlaqə qurmaq, yeri düşəndə məktəbin bir problemini həll etmək, sinifdə bir işin qulpundan yapışmaq dünyada normal qəbul edilən davranışdır: “Hətta dünyanın nüfuzlu, yüksək təhsil haqqı olan məktəblərində belə hər hansı valideynin istənilən formada dəstəyi rastgəlinəndir və valideynin məktəbin həyatında sıx iştirakı, əlaqəsinin olması deməkdir. Ancaq həmin dəstək könüllü, valideynin öz təşəbbüsü ilə olmalıdır.  Bu halda valideynin məktəbə hər hansı köməyini yanaşma olaraq normal qəbul edirik”.

 

“Sinifdə şagirdlərin sayı təhsilin keyfiyyətinə təsir etmir”

 

Görüşdə söz şagird sıxlığından da düşüb. Sinifdə şagirdlərin qəbul edilən normadan çox olduğunu deyən valideynlər bunun təhsilin keyfiyyətinə təsir göstərdiyini deyiblər. “Şagirdlər hər gün onlardan dərs soruşulmayacağını bildiyi üçün dərslərinə gündəlik hazırlaşmır, getdikcə onlarda arxayınlıq yaranır”, - deyən valideynlə söhbətində nazir müasir dərsin standartlarından da danışıb.  Onun fikrincə, yeni tədris metodikası ilə keçilən dərsin nəticəsi sinifdə neçə uşağın olmasından az asılıdır. Odur ki, valideynlər dərsi onun uşağına hansı müəllimin keçdiyinə daha çox fikir verməlidir. Çünki təhsilin keyfiyyəti sinifdə şagirdin sayından yox, müəllimin peşəkarlığından asılıdır. 

 

Qəbul edilən qaydalara görə şagirdlərin sayı 20-30 nəfər olmalıdır. Ancaq məktəblərin 15 faizində bu qaydalara əməl etmək mümkün olmur. Məktəblərin 35 faizində dərslər növbəlidir.  Sadalanan bu problelərin yaxın bir neçə ildə həllinin mümkün olmayacağını vurğulayan C.Bayramov sıxlıq müşahidə olunan ərazilərdə məktəb tikintisi ilə bağlı yeni proqram üzərində iş getdiyini də deyib.

 

Məktəb avtobusları olsun

 

Valideynlər onları məktəblərin ətrafındakı maşın sıxlığının, hərəkət çətinliyinin də narahat etdiyini dilə gətiriblər. Təklif ediblər ki, məktəblər valideynlərin vəsaiti hesabına avtobuslar ayırsın. Bu xidmətin göstərilməsi həm valideynlərin işini asanlaşdırar, vaxtına qənaət edər, həm də məktəblərin ətrafında maşınların sayına təsir göstərər. Valideynlər məktəblərin ətrafında maşın sıxlığını qismən də olsa azaltmaq üçün Təhsil Nazirliyinə BNA ilə əməkdaşlıq da təklif ediblər. Onların fikrincə, məktəblərin yaxınlığından keçən marşurut xətlərinin istiqaməti dəyişdirilməlidir. Təhsil naziri valideynlərə belə bir əməkdaşlığın olduğunu, Təhsil Nazirliyinin müraciəti əsasında mümkün olan yerlərdə nəqliyyatın istiqamətinin dəyişdirildiyini  söyləyib.

 

Dərs ili daha uzun, şagird çantası daha yüngül ola bilər

 

Təhsil naziri ilə ümumi təhsil müəssisələrində məktəb proqramının yüklülüyünü müzakirə edən valideynlər şagird çantalarının yüngülləşməsi, tədris ilinin  vaxtı kimi məsələləri də müzakirə ediblər. C.Bayramov çantaların yüngülləşməsi üçün Nazirliyin çarə düşündüyünü qeyd edib. Bunun üçün qiymətləndirmədə yeni yanaşmanin tətbiqinə başlandığını, səhifəsi çox olan dərsliklərin yarımillik tərtib edildiyini qeyd edib. Müzakirələrdə şagird çantalarının ağırlaşmasında valideynlərin seçimlərinin də rol oynadığı vurğulanıb. Şagirdlərə çanta və dərs ləvazimatları alarkən də çantanın ağırlaşacağını nəzərə almalarını tövsiyə edib.

 

Dərs ilinin sentyabrın 1-də başlayıb may ayında bitməsini təklif edən valideynlə söhbətində nazir  tədris müddəti ilə bağlı müasir standarta diqqət çəkib. Dünyada 11 illik təhsil sistemini saxlayan cəmi 25-26 ölkə qaldığını qeyd edib. “Biz orta inkişaf etmiş ölkələrlə müqayisədə 14 həftə daha az oxuyuruq. Odur ki, dərslərin sentyabrın 1-də başlayıb, iyunun 14-də bitməsini təklif etsəydiniz, bu daha yaxşı təşəbbüs olardı”, - deyib.

 

“Uşaqları idarə etməkdə çətinlik çəkirik”

 

Təhsil naziri uşağı ibtidai sinifdə oxuyan valideynlərin onlara kömək etməkdə çətinlik çəkib-çəkmədiyi, yuxarı sinifdə oxuyan şagirdlərin valideynlərinin isə repetitor köməyinə hansı səbəbdən ehtiyac duymaları ilə maraqlanıb. Məlum olub ki, III-IV sinifdə oxuyan övladına dərslərində kömək edərkən çətinlik çəkənlər də var, repetitor dəstəyinə ehtiyac duyanlar da. Səslənən fikirlərdən belə məlum olub ki, valideynlər mövzuların uşaqlara daha sadə dildə yazılıb anladılmasının mənimsəməyə, repetitor dəstəyinin isə şagirdin akademik göstəricilərinə müsbət təsiri olacağına inanırlar. Onlar uşaqların məntiqi tapşırıqların yerinə yetirilməsində çətinlik çəkdiklərini, məntiqi düşüncə tərzinin formalaşdırılmasında müəllimlərin aciz qaldığını vurğulayıblar. Görüşdə məktəblərdə təmayülləşmənin daha aşağı siniflərdən başlanması tərəfdarı olanlar da çıxıb. Təhsil naziri 9 illik təhsilin icbari olduğunu xatırladaraq, şagirdlərin hansı sahə üzrə ixtisaslaşacağından asılı olmayaraq, ümumi orta təhsil səviyyəsində bütün fənlərə eyni dərəcədə əhəmiyyət verməli olduğunu qeyd edib.  Üstəlik, icbari təhsil dövründə valideynlərin repetiror dəstəyindən istifadə etməsinin şagirdin gələcəyinə mənfi təsiri ola biləcəyini deyib. Təhsil nazirinin fikrincə, valideynlər çalışmalıdır ki, uşaqlar dərsləri ilə müstəqil məşğul olsunlar. Ancaq söhbət əsnasında məlum olub ki, valideynlər üçün uşağa kitabı və məktəbi sevdirmək o qədər də asan deyil. Hətta uşaqları idarə etməkdə çətinlik çəkənlər, bu məsələdə məktəbin, müəllimlərin və məktəb psixoloqlarının köməyinə ehtiyac duyanlar da çoxdur. Məktəblərdə siniflərin dizaynı, divarlarının ayrı-ayrı rənglərdə boyanması ilə bağlı təklif verənlər də olub, məktəb psixoloqlarının sayının, gücünün artırmasını vacib sayanlar da. Məktəbləri uşaqlar üçün cəlbedici etmək üçün təklif edilən yolların yeni məktəblərdə reallaşdırıldığını deyən Təhsil naziri məktəbdə psixoloji xidmətin gücləndirilməsi istiqamətində də rəhbərlik etdiyi qurumun boş dayanmadığını qeyd edib. Bu problemin daha çox psixoloq çatışmazlığından qaynaqlandığını vurğulayaraq, bu istiqamətdə kadr hazırlığında reallaşmaq üzrə olan planlardan danışıb. Ümumiyyətlə, məktəbdə psixoloji xidmətin təşkilndən tutmuş müəllimin keyfiyyətinin yüksəldilməsinə dair bütün məsələlərdə atılan qətiyyətli addımlara diqqət çəkib. Onun sözlərinə görə, məktəblərə gedən müəllimlər son illərdə daha hazırlıqlı olduğu kimi, universitetlərdə pedaqoji ixtisaslara qəbul olunanlar da daha biliklidir. 

 

İştirakçılar bu görüşdən razı ayrıldı 

 

3 saata qədər çəkən görüşdən məmnun ayrılan Təhsil naziri Ceyhun Bayramov məktəblə sıx əlaqəyə, övladlarının təhsilinə biganə olmadıqlarına görə valideynlərə təşəkkür  edib: “Mənim üçün bu görüş çox maraqlı oldu. Burada qaldırılan bütün məsələlərlə bağlı öz qeydlərimizi etdik. Onların ən qısa zamanda həll ediləcəyinə söz verə bilməsək də, görüşdə vurğulanan məsələlər nəzərə alınacaq.  Günün ikinci yarısını tamamilə bu görüşə ayırdıq. Əksəriyyəti işləyən valideynlər olsa da, məktəbə bu qədər vaxt sərf etmələri uşaqlarının təhsilinə dəyər verdiklərinin göstəricisidir. İştirakçı valideynlərin arasında ataların çoxluğu isə xüsusilə sevindiricidir. Hesab edirik ki, valideynin bir ayağı məktəbdə olmalıdır. Valideynin məktəbdə keçirdiyi səmərəli vaxt uşağının təhsilinə qoyduğu ən yaxşı sərmayədir”.

 

 

Valideynlər də görüşü səmərəli qiymətləndirib. Məsələn, Ləman Qniyevanın qızı Məltəm XI sinifdə oxuyur. Məktəbin göstəriciləri yüksək olan şagirdlərindəndir. Qızının təhsil aldığı dövrdə ilk dəfə belə bir görüşə qatıldığını deyən ana onun düşündürən məsələlərə cavab tapıb: “Nazirimizin gəlməyi mənim üçün sürpriz oldu. Onun məktəbimizdə olmağı çox sevindiricidir. Görüş də səmərəli keçdi. Cavabını axtardığım suallara cavab tapdım”.

 

 

 

3 nəvəsinin şagirdi olduğu məktəbdə Təhsil naziri ilə görüş Habil Əliyev üçün də maraqlı olub: “Məncə, çox yaxşı təşəbbüsdür. Ümumiyyətlə, mən təhsilimizlə bağlı ümidsiz deyiləm. Təhsilimizin gələcəyinə inanıram. Bu cür təşəbbüslər də bu ümidləri artırır”. 

 

 

 

Lamiyə Naibovanın övladı isə 72 nömrəli məktəb-liseyin VII sinif şagirdidir: “Fikrimcə, bu görüş bir çox baxımdan faydalıdır. Ən önəmlisi bu görüş sübut edir ki, Təhsil Nazirliyi valideynlərin problemlərini öyrənməyə, müxtəlif məsələlərdə fikirlərimizi bilməyə çalışır. Nazirimiz məktəbin keyfiyyətini, valideynlərin uşaqlarının təhsilinə qarşı məsuliyyətini artırmaqda qərarlı görünür. Mən valideyn olaraq buna çox sevinirəm”. 

 

Rəşad Məmmədovun qızı eksternat qaydasında imtahan verərək III sinifdən V sinfə keçib. “Qızım ölkə üzrə bu imtahandan keçən iki şagirddən biri idi. Təbii ki, onun atası olmağımla qürur duyuram”, - deyən valideyn nazirlə görüşün ümidverici bir addım olduğunu vurğulayıb: “Bilirəm ki, nazir belə görüşləri tez-tez keçirir. Bizi də dinlədi və 3 saata yaxın vaxt ərzində üzərində düşündüyümüz bir çox məsələləri bizimlə müzakirə etdi. Belə görüşlərin effekti olacağına inanıram”.

 

 Ruhiyyə DAŞSALAHLI