Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq ixtisası tələbələri ilə birgə universitetin kampusunda "Qızıl payız" adlı açıq səma altında rəsm müsabiqəsi təşkil edilib.

 

Müsabiqəyə 18 tələbə qatılıb. Müəllimlər tələbələri mövzu haqda məlumatlandıraraq onlarda çəkdikləri mənzərə və kompozisiyalar haqqında fikir formalaşdırıblar.

 

I kurs tələbələrinin üstünlük təşkil etdiyi müsabiqədə universitetin rektoru, AMEA-nın müxbir üzvü  Saleh Məhərrəmov da iştirak edib, ali təhsil ocağında ilk dəfə keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu cür tədbirlərin keçirilməsi tələbələrin peşə bacarıqlarının formalaşmasında əhəmiyyətli rol oynayır və öz qabiliyyətlərini göstərməsi baxımından diqqətəlayiqdir.

          

Məlumat üçün bildirək ki, çəkilən rəsmlərin univesitetin ərazisində sərgisi təşkil ediləcək və maraqlı yaradıcılıq nümunələri universitet rəhbərliyi tərəfindən təltif olunacaq.