Akademik Zərifə Əliyeva adına liseyin 2 şagirdi “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsinin qalibi olub
Bu günlərdə “Baku Crystall Hall”un Media Mərkəzində “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsinin müsabiqəsinə yekun vurulub və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.Müsabiqəni Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gənclərlə İş üzrə Şurası təşkil edib. MDB-yə üzv dövlətlərdən 30-dan çox gəncin elm, texnika və digər sahələr üzrə layihələri bu müsabiqədə nümayiş etdirilib. Sərgi-müsabiqənin məqsədi MDB-yə üzv ölkələrin gənclərinin sosial-iqtisadi əhəmiyyətli innovativ fəaliyyətlərinin dəstəklənməsi, elmi-texniki yaradıcılığa sövq edilməsi və gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsi idi. Müxtəlif nominasiyalar üzrə elan olunan qaliblər sırasında Azərbaycanı təmsil edən iki gəncimiz - Ələsgər Tarverdiyev və Cəmilə Əlizadə də olub. Həmin gənclərlə görüşüb bu müsabiqənin onlara yaşatdığı həyəcanlı və sevincli anları bizimlə də bölüşməyi xahiş etdik.
“Qalib kimi yaşadığım hissləri təsvir etmək çətindir”
Ələsgər Tarverdiyev: Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi: Mən 2003-cü ildə Bakı şəhərində anadan olsam da 12 il Ukraynanın Xarkov şəhərində yaşamışam. Xarkovda yaşadığım müddətdə “Kenquru”, “Soneçko”, “Zolotıy leleka” və s. müsabiqələrdə yer tutmuşam. 2016-cı ildə Azərbaycana qayıtmışam. 7-ci və 8-ci sinifləri Bakıdakı 139 nömrəli tam orta məktəbdə oxumuşam, sonra isə 2018-ci ildə orta təhsilimi imtahan verməklə akademik Zərifə Əliyeva adına liseydə davam etdirməyə başlamışam.
“MDB üçün 100 ideya” layihəsindən öncə də biz bu il “Avrasiya patent universiadası” musabiqəsinə komanda yoldaşımla Cəmilə Əlizadə ilə qatılmışdıq. 7 ölkə nümayəndəsinin iştirak etdiyi müsabiqədə biz qalib gəldik, baxmayaraq ki, ölkəmiz bu layihədə birinci dəfə iştirak edirdi. Mənim üçün düşərli olan bu il Neft və Kimya Prosesləri İnstitutunun keçirdiyi “Mən XXI əsrdə Y.Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinə də qatıldım və III yeri tutdum. Bu layihəmizin adı isə “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” idi. Elmi rəhbərimizsə biologiya müəllimimiz Natalya Qurbanova idi. O və sinif rəhbərimiz İradə Səmədova həmişə bizə dəstək olublar, biz isə onların ümidlərini həvəslə doğrultmuşuq.
“MDB üçün 100 ideya” müsabiqəsi isə 14-15 noyabr tarixlərində keçirildi. Biz öz layihəmizi təqdim etmək üçün “Kristal Hall”a getdik. Həmin gün hər ikimizi başqa ölkələrin nümayəndələri və onların layihələri ilə tanış etdilər. Qeyd edim ki, müsabiqəyə qatılanlar arasında məktəbli yaşında olanlar ancaq Azərbaycan təmsilçiləri idilər, yəni mən və Cəmilə Əlizadə. Digər ölkələrin nümayəndələri isə aspirantlar, dosentlər, elmlər namizədləri, şirkət sahibləri idilər. Gənclər və idman naziri Azad Rəhimov da layihəmizlə tanış oldu və bizə uğurlar dilədi. Ertəsi gün bütün iştirakçılar öz projelərini münsiflər heyətinə təqdim etdilər. Sonra təntənəli tədbir keçirildi. Tədbirdə tanınmış şəxsiyyətlər və hökumət nümayəndələri iştirak edirdilər və müsabiqə barədə öz fikirlərini bizimlə bölüşdülər. Mükafatlandırma mərasimi zamanı olduqca həyəcanlı idim. Qalib kimi yaşadığım hissləri təsvir etmək mümkün deyil. “Rusiya Gənclər və Uşaq Assosiasiyaları Milli Şurası” İctimai Birliyin sədri Qriqori Valeryeviç Petuşkov qalib diplomlarını bizə təqdim etdi. Sevincimizin hədd-hüdudu yox idi...
“Bu qələbə tək bizim deyil”
Cəmilə Əlizadə: 23 aprel 2004-cü ildə Bakıda ziyalı ailəsində anadan olmuşam. Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdiyəm. Gələcəkdə həkim olmaq arzusundayam. Xaraktercə sakit və təmkinliyəm. Çoxlu rəfiqəm var. Texniki və təbiət elmlərini çox sevirəm. Araşdırmaya, tədqiqata meyilliyəm. Liseydə “Kiçik Akademiya” fəaliyyət göstərir. Burada layihə əsaslı təhsilə böyük önəm verilir. Biz tez-tez öz layihələrimizlə mötəbər yarışlara qatılır və qalib oluruq. Artıq biz buna, necə deyərlər, adət etmişik. Bu il “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” layihəsində Ələsgər Tarverdiyevlə birlikdə iştirak etdik və qalib də olduq. Elmi rəhbərimiz liseyin biologiya müəllimi Natalya Qurbanova idi. Layihənin mövzusu aktualdır. Məlumdur ki, yer kürəsində içməli suyun çatışmazlığı ən böyük problemlərdən biridir. Layihənin əsas məqsədi su anbarlarının istismar dövrünün artırılmasıdır. Bunun üçünsə əsas məsələ hələ su anbarına daxil olmamış suyun çöküntülərdən, toksik maddələrdən fitoekstraksiya yolu ilə təmizlənməsidir. Layihəmiz qalib olduğuna görə çox xoşbəxtik, çox sevinirik. Bu, bizim üçün gözlənilməz oldu. Biz çox qürur hissi duyuruq ki, “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsinin müsabiqəsində də qalib olduq. Bu qələbə tək bizim deyil, bütün Azərbaycanın uğurudur. Müsabiqədə MDB-yə üzv dövlətlərdən 30-dan çox elm, texnika və digər sahələr üzrə layihələr nümayiş etdirildi. Təəccüblü olsa da biz bu müsabiqədə iştirak edən insanların arasında ən kiçik yaş qrupuna aid idik, başqa dövlətlərin nümayəndələri arasında hətta elmi dərəcələri olanlar da var idi. Amma nə olsun? Qalib ki, biz olduq! Qalib Azərbaycan oldu. Bunun bizə yaşatdığı sevinc hisslərinin misli olarmı? Biz doğma vətənimiz Azərbaycanımızla fəxr edirik və qürur duyuruq!
Gələcəkdə isə öz elmi fəaliyyətimizi ətraf mühitin mühafizəsi istiqamətində davam etdirməkdə israrlıyıq. Vətənimizə, xalqımıza bunu ən layiqli xidmət sayırıq.
Sifai SƏFƏROVA