Məlum olduğu kimi,  Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları” təsdiq olunub.

 

Noyabrın 21-də  Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq  şöbəsinin müdiri Nicat Məmmədli beynəlxalq  ikili diplom proqramının tətbiqi ilə bağlı mətbuata açıqlama verdi. 

 

N.Məmmədli  diqqətə çatdırıb ki,  Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin  müvafiq  sərəncamı ilə  2018-ci ildə “2019-2023-cü illər üzrə  Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”   təsdiq edilib.  Dövlət  Proqramında iki istiqamət nəzərdə tutulub. Birincisi,  Azərbaycanda beynəlxalq ikili diplom proqramlarının  təsis edilməsi, ikincisi isə ölkə vətəndaşları üçün xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsidir.  Nicat Məmmədli qeyd edib ki, hər iki istiqamətin həyata keçirilməsi üzrə Nazirlər Kabineti  tərəfindən bu həftə müvafiq  qaydalar təsdiq olunub.   Beynəlxalq ikili diplom proqramlarına dair qərarı  şərh edən şöbə müdiri bildirib ki, bu sənəd  Azərbaycan iqtisadiyyatı  üçün prioritet istiqamətlərdə dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramlarının təsis olunmasını nəzərdə tutur.  “Bu, imkan verir ki, tələbələrimiz ölkəni tərk etmədən, Azərbaycanda  təhsil alaraq dünyanın nüfuzlu universitetlərinin diplomlarını əldə etsinlər”, - deyə Nicat Məmmədli  bildirib. Onun sözlərinə görə, proqramın tətbiqi  universitetlərimizin ikitərəfli əlaqələrinin yaxşılaşdırılması,  tədqiqat imkanlarının genişləndirilməsi, Azərbaycan universitetlərinin dünya standartlarına uyğunlaşmasına, beynəlxalq reytinqlərdə daha yüksək yerlərə qalxması üçün yaxşı imkan və şərait yaradır.   Nicat Məmmədli əlavə edib ki,  sözügedən  Dövlət Proqramı  çərçivəsində təsis olunacaq ikili diplom proqramları  nəticəsində nüfuzlu  xarici universitetlərin  tədris proqramları Azərbaycan universitetlərində tədris olunacaq, xarici professor-müəllim heyəti azərbaycanlı tələbələrə dərs deyəcəklər.

 

Bundan başqa, beynəlxalq ikili diplom proqramları təhsilin müxtəlif - həm bakalavr,  həm də magistr pillələrini  nəzərdə tutur.

 

Nicat Məmmədli qeyd edib ki, hazırda Azərbaycanın bir neçə  ali təhsil müəssisəsi təhsilin idarəedilməsi,  kompüter elmləri,  tibb, kənd təsərrüfatı sahələrində ikili diplom proqramlarının təsis edilməsi istiqamətində dünyanın nüfuzlu universitetləri ilə danışıqlar aparır.  Şöbə müdiri  hazırda pedaqoji istiqamətdə Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti,  Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Tibb Universiteti ilə Türkiyə  universitetləri arasında ikili diplom proqramlarının təsis olunmasına dair   danışıqların davam etdirildiyini diqqətə çatdıraraq ikili diplom proqramlarının növbəti  tədris ilindən həyata keçiriləcəyini deyib. 

 

O,  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın hər iki icra istiqaməti üzrə nəzərdə tutulmuş məqsədlərin icrasını təmin etmək üçün Təhsil Nazirliyinin nəzdində formalaşdırılacaq  İdarəetmə Qrupunun  vəzifələri barədə məlumat verib.

 

Nicat Məmmədli əmin olduğunu bildirib ki, beynəlxalq ikili diplom proqramlarının  tətbiqi Azərbaycanın ali təhsil  məkanına ciddi töhfələr verəcək.

 

Oruc MUSTAFAYEV