Beynəlxalq ikili diplom proqramlarının tətbiqinə başlanılır | |
Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları” təsdiq olunub.
Noyabrın 21-də Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli beynəlxalq ikili diplom proqramının tətbiqi ilə bağlı mətbuata açıqlama verdi.
N.Məmmədli diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci ildə “2019-2023-cü illər üzrə Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında iki istiqamət nəzərdə tutulub. Birincisi, Azərbaycanda beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi, ikincisi isə ölkə vətəndaşları üçün xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsidir. Nicat Məmmədli qeyd edib ki, hər iki istiqamətin həyata keçirilməsi üzrə Nazirlər Kabineti tərəfindən bu həftə müvafiq qaydalar təsdiq olunub. Beynəlxalq ikili diplom proqramlarına dair qərarı şərh edən şöbə müdiri bildirib ki, bu sənəd Azərbaycan iqtisadiyyatı üçün prioritet istiqamətlərdə dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramlarının təsis olunmasını nəzərdə tutur. “Bu, imkan verir ki, tələbələrimiz ölkəni tərk etmədən, Azərbaycanda təhsil alaraq dünyanın nüfuzlu universitetlərinin diplomlarını əldə etsinlər”, - deyə Nicat Məmmədli bildirib. Onun sözlərinə görə, proqramın tətbiqi universitetlərimizin ikitərəfli əlaqələrinin yaxşılaşdırılması, tədqiqat imkanlarının genişləndirilməsi, Azərbaycan universitetlərinin dünya standartlarına uyğunlaşmasına, beynəlxalq reytinqlərdə daha yüksək yerlərə qalxması üçün yaxşı imkan və şərait yaradır. Nicat Məmmədli əlavə edib ki, sözügedən Dövlət Proqramı çərçivəsində təsis olunacaq ikili diplom proqramları nəticəsində nüfuzlu xarici universitetlərin tədris proqramları Azərbaycan universitetlərində tədris olunacaq, xarici professor-müəllim heyəti azərbaycanlı tələbələrə dərs deyəcəklər.
Bundan başqa, beynəlxalq ikili diplom proqramları təhsilin müxtəlif - həm bakalavr, həm də magistr pillələrini nəzərdə tutur.
Nicat Məmmədli qeyd edib ki, hazırda Azərbaycanın bir neçə ali təhsil müəssisəsi təhsilin idarəedilməsi, kompüter elmləri, tibb, kənd təsərrüfatı sahələrində ikili diplom proqramlarının təsis edilməsi istiqamətində dünyanın nüfuzlu universitetləri ilə danışıqlar aparır. Şöbə müdiri hazırda pedaqoji istiqamətdə Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Tibb Universiteti ilə Türkiyə universitetləri arasında ikili diplom proqramlarının təsis olunmasına dair danışıqların davam etdirildiyini diqqətə çatdıraraq ikili diplom proqramlarının növbəti tədris ilindən həyata keçiriləcəyini deyib.
O, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın hər iki icra istiqaməti üzrə nəzərdə tutulmuş məqsədlərin icrasını təmin etmək üçün Təhsil Nazirliyinin nəzdində formalaşdırılacaq İdarəetmə Qrupunun vəzifələri barədə məlumat verib.
Nicat Məmmədli əmin olduğunu bildirib ki, beynəlxalq ikili diplom proqramlarının tətbiqi Azərbaycanın ali təhsil məkanına ciddi töhfələr verəcək.
Oruc MUSTAFAYEV |
|
22.11.2019 | 12:48 | |
|
|
|