Azərbaycan Texnologiya Universitetinin 1 saylı yataqxanası istifadəyə verilib.
Universitetin rektoru, professor Akif Süleymanov yataqxananın açılışında iştirak edib və yataqxana ilə təmin olunan tələbələrə otaqların açarlarını təqdim edib.
Məlumat verilib ki, yataqxanada tələbələrin rahatlığı üçün hər bir şərait yaradılıb. Otaqlar zəruri məişət avadanlıqları, istilik sistemi ilə təmin olunub. Yeni yeməkxana da təmirdən sonra tələbələrin ixtiyarına verilib.
Bildirilib ki, yataqxanaya hələlik 13 tələbə yerləşdirilib. Universitetin daxili maddi imkanları hesabına aparılan təmir işləri hal-hazırda da davam edir və ayrı-ayrı bölgələrdən olan tələbələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bundan sonra da addımlar atılacaq.