“İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusu müzakirə olunub
Mayın 2-də Sumqayıt Dövlət Universitetində “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. Konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, millət vəkili Vahid Əhmədov, Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, dosent Vüqar Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin Elm şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrin aparıcı universitetlərinin iqtisadçı alimləri iştirak ediblər.
Konfransı universitetin rektoru, professor Elxan Hüseynov açaraq bu ali məktəbin yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə məlumat verib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi bu gün müstəqil Azərbaycan Respublikasında dövlət, eləcə də beynəlxalq və türk dünyası səviyyələrində qeyd edilir.
Rektor AXC hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsas mahiyyətini, hədəflərini təhlil edərək, xüsusən də, aqrar islahatlar, torpaqların kəndlilərə verilməsi, mülkiyyətin bütün formalarına bərabər şəraitin yaradılması, maliyyə-vergi siyasəti, milli valyutanın buraxılması, dövlət bankının yaradılması, dövlət büdcəsinin formalaşdırılması, dağılmış infrastrukturun yenidən qurulması, sənayenin inkişafı istiqamətində atılan addımlar, xarici ticarət əlaqələrinin qurulması sahəsindəki mühüm işləri xüsusi qeyd edib. Bildirib ki, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə “İqtisadi təhlükəsizlik: müasir problemlər və çağırışlar” mövzusundakı çıxışında müasir qloballaşan dünya iqtisadiyyatı şəraitində ölkələrin iqtisadi təhlükəsizlik probleminin ön plana çəkilməsinin obyektiv bir zərurət olduğunu bildirib. Qeyd edib ki, iqtisadi təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayan maliyyə sabitliyi, maliyyə sisteminin dayanıqlığı, iqtisadi təhlükəsizliyin iqtisadi inkişaf və onun səmərəliliyi ilə sıx əlaqədə olduğu sübut edilir. İqtisadi təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsidir.
Millət vəkili Vahid Əhmədov qeyd edib ki, son illər ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm nəticələr əldə edilib.
Konfransda Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov,Azərbaycan Dövlət İqtisad Universitetinin elm şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov, X.Ə.Yasəvi adına Beynəlxalq Qazax – Türk Universitetinin “İqtisadiyyat və maliyyə” kafedrasının müdiri, professor Boraş Mırzaliyev, BMEA İqtisadiyyat İnstitutunun direktor müavini, iqtisad elmləri namizədi Pilyutik Andrey, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, dosent Vüqar Bayramov, SDU-nun “Biznesin təşkili və menecment” kafedrasının müdiri, dosent Qalib Hüseynov müxtəlif mövzularda məruzə ediblər.
Konfransın plenar iclasının sonunda Özbəkistan Respublikasının Daşkənd Maliyyə İnstitutu və Sumqayıt Dövlət Universiteti arasında təhsil və elmi tədqiqat sahəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
Beynəlxalq elmi konfrans öz işini bölmə iclaslarında davam etdirib.
Qeyd edək ki, konfransa 195 tezis qəbul edilib və konfrans materialları toplu şəklində çap olunub.