İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani Lənkəranda keçiriləcək İndoneziyanın Mədəniyyəti Proqramı çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Azərbaycan və İndoneziya dövlətləri arasında əlaqələrin iqtisadi-ticarət, turizm və təhsil sahələrində inkişafından söz açıb. O, universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında ətraflı danışıb, dünyanın bir çox aparıcı ali təhsil müəssisələri, həmçinin beynəlxalq şirkət və qurumlarla əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.
N.İbrahimov son iki ildə universitetdə müəllimlər üçün xidməti mənzillərin tikildiyini, turizm tədris bazasının, yardımçı təsərrüfatın yaradıldığını,yeni tədris korpuslarının və tələbə yataqxanasının inşa edildiyini səfirin diqqətinə çatdırıb.
Professor bildirib ki, bu görüş LDU ilə İndoneziyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafına, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinə yol açacaq.
Səfir təmsil etdiyi ölkə, onun təhsil şəbəkəsi haqqında məlumat verib, xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduğunu vurğulayıb. Görüşdə o cümlədən gələcək əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra indoneziyalı diplomat LDU-nun akt zalında professor-müəllim heyəti və tələbələrlə görüşüb, onlara mühazirə oxuyub. O, İndoneziyanın adət-ənənələri, milli mətbəxi, paytaxtı haqqında ətraflı məlumat verərək, ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin tarixindən və inkişafından söhbət açıb.
H.Fanani bildirib ki, Azərbaycan ilə İndoneziya arasında əlaqələr yüksələn xətlə inkişaf edir:” Bu gün ölkələrimiz müxtəlif layihələrdə birgə iştirak etməklə dünyada sülh, dözümlülük və demokratiya kimi dəyərləri fəal şəkildə təbliğ edirlər”.