Təhsil Nazirliyinin dəstəyi ilə Quba rayonunda şagirdlərin proqramlaşdırma və dizaynerlik bacarıqlarının inkişafı üçün təlimlər keçirilib.  

 

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin informatika müəllimi Rövşən Zamanov tərəfindən icra edilən “Məktəbli proqramçılar dərnəyi” layihəsinin əsas məqsədi şagirdlərin informatika fənninə marağının artırılması, istedadlı və yaradıcı təxəyyülə malik şagirdlərin üzə çıxarılması və bu istiqamətdə olimpiadalarda iştirakının stimullaşdırılmasına dəstək verməkdir.

 

ALPloqo və Google Sketchup proqramları üzrə bacarıqların təkmilləşdirilməsini nəzərdə tutan layihə, ümumilikdə 40 nəfər şagirdi əhatə edib.   

 

Təlimlər zamanı 5 və 6-cı sinif şagirdləri ALPloqo proqramının, 7 və 8-ci sinif şagirdləri isə Google Sketchup proqramının incəliklərinə yiyələnib. Seçilmiş sagirdlər təlimlərin sonunda hər iki proqram üzrə müxtəlif alqoritmlərin və dizayn eskizlərinin yaradılması  üçün onlara verilən tapşırıqları praktiki olaraq icra ediblər.

 

İştirakçı şagirdlərin nümunəvi işləri sərgi-müsabiqədə nümayiş olunacaq və qaliblər münsiflər heyəti tərəfindən müəyyən ediləcək.