Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə bölməsinin və Gəncə Dövlət Universitetinin(GDU) birgə təşkilatçılığı ilə “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

GDU –nun Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə  deyib ki, qədim mədəniyyətin beşiyi olan Gəncə  Azərbaycan musiqisinin inkişafında vacib rol oynayıb:”Bu şəhər Məhsəti xanım Gəncəvi və Nizami kimi böyük şairlərin də  vətənidir. Ölkənin ədəbiyyat və incəsənət mərkəzidir”.

 

AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev Azərbaycanın mədəni həyatında hər zaman xüsusi rol oynayan Gəncəni mühüm mədəniyyət mərkəzi, tarixi irs və müasirliyin qovuşduğu məkan, əsrlər boyu İpək Yolunun keçdiyi, dünyanın müxtəlif yerlərindən ticarət karvanlarının, səyyahların, alimlərin üz tutduğu qədim bir şəhər kimi xarakterizə edib.

 

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Botanika kafedrasının müdiri,   AMEA-nın müxbir üzvü Vaqif Novruzov, Pedaqoji fakültənin dekanı Bayram Apoyev və Musiqi fənnləri kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva konfransın məhz GDU-da keçirilməsinə, professor, akademiklərlə bir arada olduqlarına məmnunluqlarını bildiriblər.

 

Konfransda çıxış edən məruzəçilər vurğulayıblar ki, Gəncə ildən-ilə gözəlləşir və müasirləşir; Yeniliklər Gəncənin tarixi özəlliyini kölgədə qoymur, əksinə, tarixilik və müasirlik bütün görülən işlərdə vəhdət təşkil edir.  Gəncə Dövlət Filarmoniyasının möhtəşəm binası buna bariz nümunə göstərilib. Şəhərin müasir memarlığına rəng qatan Heydər Əliyev Mərkəzinin möhtəşəm memarlığı  diqqətə çatdırılıb.

 

Məhsəti Gəncəvi Mərkəzində şairənin yaradıcılığına həsr olunmuş rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı, musiqi studiyası, not kitabxanası, muğam, fortepiano şöbələri və iclas zalının fəaliyyət göstərməsi haqda da məlumat verilib.  

 

Konfransda vurğulanıb ki, Avropada gənclər təşkilatlarının ən böyük platforması olan Avropa Gənclər Forumunun Baş Assambleyasında nüfuzlu beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri "2016-cı il Avropa gənclər paytaxtı" elan edilib.  Gəncə Müstəqil Dövlətlər Birliyinin "Mədəniyyət Paytaxtı" seçilib.  Şəhərdə 5 musiqi məktəbi, uşaqlar üçün peşə məktəbi, incəsənət məktəbi, 5 muzey, 3 mədəniyyət evi, 6 musiqi evi və 27 kitabxana fəaliyyət göstərir.

 

Qeyd olunub ki, “Gəncənin musiqi mədəniyyətinin tarixi” milli-mənəvi sərvətlərimizin, xalq yaradıcılığı irsimizin, folklorumuzun qorunub saxlanılması, gənc nəslə ötürülməsi, öyrədilməsi sahəsində mühüm əhəmiyyət daşıyır. Əgər gənc nəsil bu irsə dərindən yiyələnərək sahib çıxarsa, adət-ənənələrimizin, milli dəyərlərimizin layiqincə qorunmasına səbəb olar.