Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin 20 illik yubileyi qeyd olunub.
Universitetin rektoru Saleh Məhərrəmov ali məktəbin Tibb fakültəsinin önəmini qeyd edib. O deyib ki, artıq 20 illik yubileyi keçirilən fakültənin fəaliyyətinə göstərilən dövlət dəstəyinin nəticəsidir ki, bu gün Tibb fakültəsi üçün ayrıca bina, xəstəxana mövcuddur.
Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov 1999-cu ildə universitetin “Təbiətşünaslıq” fakültəsinin nəzdində “Pediatriya” ixtisasına 25 nəfərlik tələbə qəbulunun aparılması ilə Naxçıvanda ali tibb təhsilinin təməlinin qoyulduğunu diqqətə çatdırıb:” Fakültədə 680-ə qədər tələbə təhsil alır ki, bunlardan 300-dən çoxu xarici ölkə vətəndaşlarıdır. 2012-ci ildən rezidentura hazırlığına başlanan fakültədə 24 ixtisas üzrə rezident hazırlığı həyata keçirilir; hal-hazırda 56 həkim-rezident də Naxçıvan xəstəxanalarından tədris-klinik baza kimi istifadə edir”.
Sonra fakültənin yaranması və inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.
Naxçıvan Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid bildirib ki, ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında mühüm sahəyə çevrilməsi və inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Onun sözlərinə görə, Naxçıvanda əhalinin sağlamlığının qorunması istiqamətində kompleks tədbirlər görülür:”Yüksək ixtisaslı kadr hazırlığı və dünya tibb elminə inteqrasiya məqsədilə xarici universitetlərlə əlaqələr genişləndirilir, təcrübə mübadiləsi, tələbə-müəllim mobilliyi, beynəlxalq layihələrdə iştiraka diqqət artırılır. Universitet nəzdində xəstəxananın yaradılması, fitoterapiya, tədris laboratoriyalarının qurulması, ən son texniki imkanlara malik tədris prosesinin yaradılması tibb təhsilini beynəlxalq standartlara uyğunlaşdırır”.
Tədbirin bədii hissəsində universitetin İncəsənət fakültəsi müəllim və tələbələrinin ifasında musiqi və rəqs nümunələri olub.
Naxçıvan mətbəxini əks etdirən sərgidə isə dadlı şirniyyatlar, müxtəlif ləziz yeməklər nümayiş etdirilib.
Sonda 2019-cu ildə tədrisdə qazandıqları nailiyyətlərə, fakültənin ictimai işlərində yüksək fəallıqlarına görə, bir qrup tələbə Fəxri fərmanla təltif olunub.