Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 62 nömrəli məktəb-liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar “Təbiətimizi gözəlləşdirək” adlı festival keçirilib.
Festivalda BŞTİ müdiri Məhəbbət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının, Türkiyə səfirliyinin nümayəndələri, BŞTİ-nin struktur bölmə rəhbərləri, millət vəkilləri, rektorlar, məktəb direktorları, müəllim, şagird, valideynlər və digər qonaqlar iştirak edib.
İlk olaraq tədbir iştirakçıları şagirdlərin tullantılardan hazırladıqları incəsənət nümunələrindən ibarət parkla tanış olublar. Festivalın əsas məqsədi ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq, tullantılara ikinci həyat vermək və şagirdlərin asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdən ibarətdir.
Daha sonra BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva çıxış edərək dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, xalqımızın tarixindəki misilsiz xidmətlərindən danışıb. İdarə müdiri dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsildə də böyük nailiyyətlərin əldə olunduğu vurğulayıb.
Çıxış edən digər qonaqlar ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki xilaskarlıq missiyasından bəhs edib, təməlini qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Festival şagirdlərin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyaları ilə davam edib.